Bu il ölkə Başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günündə idman ictimaiyyəti ilə görüşməsi ölkə Başçısının idmançılara göstərdiyi diqqətin ən ali nümayişidir. Qeyd edək ki, ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan idmanı hər zaman dövlət rəhbərimizin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Dekabr ayının 24-də keçirilən mərasim bu diqqət və qayğının daha bir nümunəsidir. Ölkəmizdə idmanın yüksək səviyyədə inkişaf etdiyinin bariz nümunəsi Olimpiya oyunlarında idmançılarımızın qazandığı uğurlardır. Beləki, Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülmüşdür, komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bu, ən yüksək nəticədir. Ümumilikdə 2024-cü il Azərbaycan idmanı üçün olduqca uğurlu il olmuşdur. İdmançılarımız 1700-ə yaxın medal qazanmışdır. Onu da qeyd etmək lazımdır ki, idman sahəsində qazanılan uğurlarla yanaşı, ölkəmiz ən böyük idman yarışlarının yüksək səviyyədə təşkilatçısına çevrilib. İndiyədək ölkəmizdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1, Euro-2020-nin oyunları kimi mötəbər yarışlara uğurla ev sahibliyi edib.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, idmanın kütləviləşməsinə və gənclərin idmana olan marağının artması öz nəticəsini Vətən müharibəsində qazandığımız misilsiz qələbədəgöstərdi. Fiziki güc, sağlam əqidə Azərbaycan xalqına qələbəni yaşatdı. Bu baxımdan qeyd etmək lazımdır ki, cənab Prezident 2024-cü ilin idman yekunlarına həsr olunmuş mərasimdə deyib: “Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman nə qədər vacibdirsə, bir o qədər də hərbi hazırlıq və fiziki hazırlıq vacibdir. Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və əminəm ki, bütün xalqımızı sevindirir. Azərbaycan gənci məhz belə olmalıdır – vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci. Əlbəttə ki, 1996-cı ildən bu yana bütün Olimpiya Oyunlarında iştirakımız, o cümlədən bu məqsədi daşıyırdı. Biz özümüzə də, dünyaya da sübut etməli idik və edirdik ki, biz güclü dövlətik. Hər dövlətin gücü isə onun xalqının gücünə söykənir.Əminəm ki, bu dəfə idmançılarımız qalib ölkənin nümayəndələri kimi idman arenalarına, döşəklərə, idman meydançalarına tamamilə fərqli bir ovqatla çıxırdılar. Bu gözəl nəticə dövlətimizin gücünü bir daha göstərdi”.
Qeyd etdiyimiz kimi Azərbaycanın beynəlxalq idman yarışlarına ev sahibliyi etməkdə böyük təcrübəsi var. Qürur hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, beynəlxalq idman ailəsində layiqli yerini tutmaqdadır. Artıq idmançılarımız beynəlxalq səviyyəli yarışlarda ölkəmizi qalib gəlmiş müzəffər xalqın nümayənədləri kimi təmsil edir.
Millət vəkili Tamam Cəfərova bildirib ki, ölkəmizin gələn il Üçüncü MDB Oyunlarına ev sahibliyi etməsi heç də təsadüfi deyil. Cənab Prezident çıxışında bildirib ki, “Bunun üçün 14 şəhər seçilibdir və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara verilməlidir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılmışdır. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmamışdır. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Əgər biz 2015-ci ilin Avropa Oyunları ilə müqayisə etsək, o vaxt təqribən 5000-5500 iştirakçı var idi.”
Millət vəkili vurğulayıb ki, Azərbaycanın Vətən müharibəsində və antiterror əməliyyatlarında qazandığı qələbə bu gün idmançılarımız tərəfindən idman yarışlarında qazanılan qələbələrlə davam edir. İşğaldan azad olunan ərazilərimizdə qürurla dalğalanan üçrəngli bayrağımızı idmançılarımız beynəlxalq yarışlarda fəxrlə göylərə qaldırırlar.