Fikir…
Qüruba endikcə arxaya baxıb təəssüf etdiklərinin peşmançılığını yaşadan fikir…
” Kaş bir də cavan olaydım ” ahının yandırdığı fikir…
Geridə qalan ömrün səhvlərinin anbaan, saatbasaat kölgə kimi arxanca sürünən fikir…
Fikir…
Səni sən edən fikir, səni səndən alan fikir…
Şeir kövrək notlarla ta əvvəldən axıra kimi ruhu çox uzaqlara aparır: gah dan yerinin işığına, gah da qürub çağının bənizi qaçmış məngənəsinə…
Ən təsirlisi “Bir zaman əlimdə oynatdıqlarımı yerindən qaldırmağa çatmır gücüm…” bayatısı, təəssüfü, çarəsizliyi, hayı-harayı…
İnsanın bəzən inana bilmədiklərini yaşaması, gücünün tükənməsi o qədər mənəvi əzab, mənəvi yükdür ki, bax onu da fikir edənlər fikir edər…
Amma fikir nə verdi ki?
Şair, fikirdən uzaq yaşamaq istəsəniz belə sizlik deyil. Fikir sizin yol yoldaşınızdır, fikir sizin daxilinizdir, fikir sizin ruhunuzdur. Fikir sizin sətir-sətir şeirinizdir. Fikir sizin həmdəminiz, sirr ortağınızdır. Fikir heç kimlə bölüşmədikləriniz,daha doğrusu, bölüşə bilmədiklərinizdir.
Nəhayət, fikir sizi siz edəndir, Bilal Alarlı imzasıdır.
Tərlan yaşınız, qartal caynağınız sizi tərk etməsin.
Sizə sağlıqlı, bərəkətli ömür və yaradıcılıq uğurları diləyirik dəyərlimiz Bilal Alarli müəllim!
İsayeva Sevil Azadqızı
Azərbaycan dili və ədəbiyyatı müəllimi.Filoloq.
Bilal Alarlı
FİKİR
Fikir alıb aparır məni,
özüm də bilmirəm hara gedirəm.
Ömrümün budağından
hər gün bir yarpaq
qopara-qopara gedirəm.
Qüruba endikcə
Dan yerinin işığı üçün darıxıram.
Bir zaman əlimdə oynatdıqlarımı
yerindən qaldırmağa çatmır gücüm,
darıxıram.
Mən fikir çəkirəm,
fikir çəkir məni dalınca.
Kaş yüngül qanadlı,
qartal çaynaqlı
bir quşa dönəydim
bu təhər ucalınca,
bu təhər qocalınca.
Fikir məni uçurmayaydı,
fikrimi uçuraydım
bir quş tək,
xaraba qalmış
düşüncələrimin üstündə oturmayaydım
bayquş tək.
Tərlan yaşım,
turac yaşım
Fələyin atdığı oxlara
tuş gəlmədi, yaşadım.
İndi qara mərmərdən boylanır
çox yaşıdım.
Tayım-tuşum,
dostum-yoldaşım,
sirdaşım-qardaşım
dünyasını dəyişdikcə təklənirəm,
Ölümlə
oyun oynamağa ürəklənirəm.
Elə bilirəm,
Əzrayıl qılıncını
dövrəmdə çalır,
Bir azdan
tiyə boğazıma dirənəcək,
az qalır,
lap az qalır.
Yığışıb çəkilirəm öz qınıma,
gözləyirəm,
haçansa bir səhvin ucundan
bələnəcəyəm qanıma.
Nəkir və Münkərin qurduğu məhkəmədə
Son sözümü alacaq Tanrı.
Pisliklərin və yaxşılıqların tərəzisi qurulacaq,
məni dağa-daşa salacaq Tanrı.
Bax, onda məni alıb aparan
bir fikir
quş qanadlarını açıb
qonacaq başıma,
baxmayacaq yaşıma.
Bilsəydim,
ömrüm boyu çəkdiklərim
bu dünyada qalacaq,
məni mən eləyən
yükü daşımazdım.
Çoxları kimi
fikirdən uzaq bir ömür sürərdim,
belə yaşamazdım,
belə yaşamazdım!