
50 yaşının tamam olmasına düz beş ay qalıb. Yəni 2025-ci il onun üçün yubiley ilidir. Yox, əsla yox, tələsmirəm. Sadəcə istəyirəm ki, bundan sizin də xəbəriniz olsun. Bəlkə aranızda o əlamətdar tarixi səbirsizliklə gözləyən dostlar var, bəlkə də haqqında ürək sözlərini qələmə almaq istəyənlər də oldu. Nə isə, bu gün sizə bir şair, yazıçı, kinodramaturq haqqında söhbət açmaq istəyirəm…
Öncə onu söyləyim ki, anadangəlmə lider, mərd və iradəli adamdır. Cazibəsi sayəsində ətrafına onlarla insanı toplaya bilir. Və müsbət xüsusiyyətləri ilə həmişə ön plana çıxır. Özünə inam baxımından adətən hamıdan öndə olur. Hətta xarici görünüşü ilə də diqqətləri öz üzərinə çəkməyi bacarır. Vicdanlı və ürəyiyumşaqdır. İnsanlara kömək etmək istəyi, ona içdən gəlir. Bütün bununlarla yanaşı, o davamlı olaraq yeni şeylər kəşf etmək və öyrənməyə həvəslidir…
Deyir ki:- “Sənətkarlar bəzən cəmiyyətdə elə sevgi qazanırlar ki, hər şeyi unudub ayaqlarının altını görmürlər. İnsanlar onlara rəğbət göstərdikcə, sanki başları hərlənir. Bəziləri də elə fikirləşirlər ki, nə etsələr də, xalq qəbul edəcək və qəbul etməyə məhkumdur. Necə deyərlər, təkəbbür onları məcrasından çıxarır. Günah belələrinə ehtiram göstərənlərdədir. Düşünmürlər ki, bir şeyin ki adı sənətdirsə deməli sünidir. Məgər sənət rus dilində iskusstvo (искусство)- süni sözündən dyilmi? Yəni iskusstvennıy (искусственный). Bir şeyin ki kökündə sünilik dayanır, bu, heç vaxt təbii ola bilməz. Jan Bodriyarın “Simulakrum və Simulyasiya” əsəri var. Orda deyir ki, müasir cəmiyyətdə bir şeyin “kopya”sı onun özündən daha çox hörmət qazanır. Təsəvvür edin ki, Qarabağ müharibəsi ilə bağlı yaxşı bir film çəkilir və aktyor möhtəşəm bir obraz yaradır. Bodriyarın dediyi kimi, simulyator sistemi işə düşür. Real qəhrəmandan daha çox, xalq o aktyoru sevir. O aktyora bütün məclislərdə yuxarı başda yer verirlər, ona əl çalırlar, onu tərifləyirlər. O da, vətənpərvərlikdən, qəhrəmanlıqdan danışır. Demək istəyirəm ki, əslində əsl qəhrəmanın özündən çox, onun obrazını yaradan sənətkara daha çox diqqət ayrılır. Bu, zamanənin faciəsidir. Quranda təkəbbürlülük bəyənilmir. Şairlər, yazarlar başa düşsünlər ki, sən əslində nə qədər təriflənsən də, nə qədər diqqət-qayğı görsən də, bu vaxta qədər bir dənə adamın qarnın doydurmamısan. Cəmiyyətə bir xeyrin dəyibmi? Sadəcə süni bir şey yaratmısan…”
Öz rahatlığını heç nəyə qurban vermir. Rus atalar məsəlində olduğu kimi- “müharibə öz yerində, nahar elə nahardır…” Amma buna rəğmən çalışqan və bacarıqlıdır. Özünü sübut etmək üçün çox əzmkardır. Elə bunun sayəsində də, harada çalışmasından asılı olmayaraq, uğur qazana bilir…
“Hər bir yaradıcının müəyyən istiqamətləri yazdığı ilk əsərlərdən bilinir. Kiminsə əsərində fəlsəfi meyillər üstün olur, kimdəsə ədəbi həllər, kimdəsə təsvirlər və s. Mənim həm poeziya, həm də prozamda isə teatrallıq və vizuallıq həmişə üstün olub. Teatr mövzusuna həsr olunan “Akvarium”, “Akvanaziya”, bir aktrisanın taleyindən bəhs edən “Aktrisa” romanlarım, “Karmen” povestim elə birbaşa teatra yaxın mövzulardır. Əvvəl buna çox da diqqət etməmişəm. Amma bir müddətdən sonra analiz edəndə gördüm ki, əsərlərim teatraldır və bu teatrallıq dekorativliyin üzərinə köklənib. Yəni mən yazanda özüm də hiss etmədən heç vaxt məişətin aşağı qatlarına düşməmişəm. Teatrallıq effektini də məhz bu yaradıb. Çünki teatrda verilən ölümü də, qan-qadanı da tamaşaçı şərti qəbul edir. Qeyd etmək istəyirəm ki, kinodan fərqli olaraq, teatrda naturalizmə getmək olmaz. Hər halda, bu teatrdır.”- söyləyir…
1975-ci ilin avqust ayının 18-də Bakı şəhərində anadan olub. Əslən Bakının Zirə kəndindəndir. 1992-1996-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, sonradan Belarusiya Dövlət İqtisad Universitetini bitirib. 1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. Uzun illər Bakı və Abşeronda əruz məclislərinin iştirakçısı olub. İndiyədək “Axırıncı qatar” (“İtlər”), “Ölüm növbəsi”, “Aktrisa”, “Dərvişin qeydləri”, “Axırıncı dayanacaq” və başqa ssenariləri dövlət sifarişi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ekranlaşdırılıb. 2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin “İlin ən yaxşı gənc şairi” mükafatına, 2007-ci ildə “Rəsul Rza” ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasında keçirilən Poeziya yarışının diplomuna, 2011-ci ildə isə “Bakı tarixindən kollaj” əsərinə görə “Humay” mükafatına layiq görülüb. Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanı ilə təltif edilib. Onun romanı əsasında çəkilən “Aktrisa” filmi 2011-ci ildə Kann kinofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib. Əsərləri bir çox xarici ölkələrdə nəşr edilib. Uzun illər AYB-nin “Ulduz” jurnalında işləyib. Bir müddət Xəzər Universitetində “Creative Writing” (Yaradıcı yazı) fənnindən dərs deyib. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasında çalışır və Bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist) ixtisasında Televiziya serialının ssenarisi fənnindən dərs deyir. Və Azərbaycan Yazıçılar Birliyinin Yaradiciliq məsələləri üzrə katibi vəzifəsində çalışır…
Bəli, düz tapdınız, söhbət İlqar Fəhmidən gedir. Həddən artıq qürurlu və tələbkardır, lakin eyni zamanda mehriban və həyat doludur. Həmişə gülümsəməyə və yaxşı vaxt keçirməyə çalışır. Ən çətin problemləri belə həll edə bilən zəkaya malikdir. Bir çox mürəkkəb vəziyyətlərin həllində asanlıqla təşəbbüskarlıq edə bilir. Tükənməz enerjisi, parlaq istedadı var. Gözəl intuisiyaya sahibdir, hadisələri öncədən hiss edir…
2014-cü ildən Azərbaycan Dövlət Televiziyasında yayimlanan “Məclisi-Üns” ədəbi verilişinin aparıcı-redaktorudur. 2017-ci ildə Heydər Əliyev fondunun dəstəyi ilə Dövlət televiziyasında hazirlanan Muğam-televiziya müsabiqəsinin münsiflər heyətinin üzvü, 2019-cu ildə isə layihənin icraçı direktoru olub. Son illərdə pyesləri ardıcıl şəkildə ölkə teatrlarında səhnələşdirilib. Onlardan “Son reportaj”, “Mənəm, mən”, “İsgəndərə yeni namə”, “Balaca kişilər” pyeslərini qeyd etmək istəyirəm . Hələ bu harasıdır, on beşdən yuxarı sənədli və bədii filmin ssenari, on beşə yaxın roman, povest və şeir kitablarının müəllifidir. Şeirlərinə gəldikdə isə, mükəmməl poeziya nümunələri yarada bilib. Onların bəzilərinə bəstəkarlar mahnı da bəstələyiblər…
Bir sözlə, haqqında söhbət açdığım İlqar Fəhmi Azərbaycan ədəbiyyatına və eləcə də mədəniyyətinə xeyli töhfələr verib. Bəlkə də yaşıdları arasında sıranın önündədir. Amma ağayanə adam olduğu üçün, heç vaxt reklama qaçmayıb…
Müstəqilliyimizi bərpa edəndən sonra, şair və yazıçılarımızın arasından səhv etmirəmsə, cəmi bir nəfərin, Sabir Rüstəmxanlının 50 illik yubileyi dövlət səviyyəsində baş tutub. Fəqət, suverenliyimizin bərpasından sonra hələ ki, heç bir qələm adamının 50 illik yubileyi dövlət səviyyəsində keçirilməyib. Bəli, şair, yazıçı, kinodramaturq İlqar Fəhmi buna layiqdir…
Elman Eldaroğlu