Ötən gün axşam saatlarında sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən avtomobil körpüsünün bir hissəsi uçub.
Bu barədə Modern.az-a məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli uçqunun başvermə səbəblərini açıqlayıb.
O bildirib ki, uçqun ümumi uzunluğu (yanaşma yolları ilə birgə) 74 metr olan avtomobil körpüsünün sel sularının istiqaməti üzrə sol yanaşma yolunun torpaq yatağının yuyulması nəticəsində baş verib:
“Uçmuş hissənin uzunluğu təqribən 14-15 metr təşkil edir”.
A.Nəcəflinin sözlərinə görə, dərhal əraziyə qurumun əməkdaşları cəlb edilib:
“Körpü ilə hərəkət tam dayandırılaraq alternativ yollara yönəldilib. Sel sularının axını zəifləyən kimi çay üzərindən alternativ yolun açılması və körpünün bərpası istiqamətində addımlar atılacaq”.