Nazirlik kampaniyaya başladı – Polietilen torba VƏ PLASTİK QABLAR qadağan olunsun…

Bu gün bir sıra ölkələr polietilen torba və plastik qablarda imtina edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də insanları kağız paketlərdən istifadəyə səsləyir.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova plastik qab və polietilen torbaların insan sağlamlığı və ətraf mühitə təsiri ilə bağlı keçirilən tədbirdə deyib.

İradə İbrahimova bildirib ki, yay fəsli ilə əlaqədar insanlar istirahət mərkəzlərinə, parklara üz tuturlar. Lakin təəssüf ki, istirahətdən sonra polietilen torbaları və paketləri təbiətə atırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat şöbəsində ictimaiyyətlə əlaqələr və təbliğat sektorunun müdiri Umayra Tağıyeva bildirib ki, artıq dünyada 40 ölkədə plastik qablardan istifadəyə qadağa qoyulub və ya məhdudlaşdırılıb:

“Müəyyən problemlər dövlət səviyyəsində həllini tapmalıdır. Bu problemin həlli ilk növbədə istehsalın qadağan edilməsindən başlaya bilər. Əhalinin özününbu məsələyə necə tövhə verə biləcəyini düşünməliyik. İstehlakçılar mağazada alış-veriş edərkən şüşə və paket qablaşdırmada olan məhsullara önəm verilə bilərlər. Bu məsələnin cəmiyyət tərəfindən müzakirə mövzusuna çevrilməsini istəyirik.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi cəmiyyət üçün açıqdır və bu mövzuda bütün təhlikləri qəbul etməyə hazırıq”.

Umayra Tağıyeva onu da vurğulayıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən plastik qabların yığılması üçün xüsusi konteynerlər sifariş edilib: “Bakı, Sumqayıt və Gəncə şəhərlərinin icra hakimiyyətlərinə konteynerlərin yerləşdirilməsi üçün yerlərin ayrılması ilə bağlı məktub göndərilib Konteynerlərin əhalinin sıx toplaşdığı yerlərdə və parklarda quraşdırılması nəzərdə tutulub”.


Share: