Hekayə janrı həyatımızın içində olub, onun hər saatını, hər anını əks etdirməyə imkanı olan formaca kiçik, lakin özlüyündə böyük mətləbləri ifadə edə bilən janrdır. 2017-ci ilin hekayə janrında baş verən yenilikləri öyrənmək üçün həm müəllif kitablarını, həm dərgi və məcmuələri, həm də internet portallarını sərf-nəzər etdik və qarşımıza maraqlı cəhətləri ilə diqqəti cəlb edən bir çox mətnlər çıxdı.
Təbii ki nəzərimizdən qaçan bədii nümunələr ola bilər. Lakin ədəbi prosesi daima inkişaf edən, irəliləyən canlı orqanizm kimi götürsək onu çərçivələmək, hüdudlarını müəyyən bir sistemə salmaq o qədər də asan deyil. Bununla belə, təhlilə cəlb etdiyimiz hekayələr haqqında əminliklə deyə bilərik ki, bacardıqca diqqəti cəlb edən, digərlərindən seçilən əsərləri dəyərləndirməyə və 2017-ci ilin ədəbi mənzərəsində hekayənin mövqeyini müəyyənləşdirməyə cəhd etmişik.
İl ərzində ictimaiyyətə təqdim olunan bədii nümunələri nəzərdən keçirərkən bu kiçik janra xüsusi diqqət və qayğı ilə yanaşıldığı, həm də bu marağın təkcə nasirlərin deyil, tənqidçi və ədəbiyyatşünasların yaradıcılığında da özünü göstərdiyi məlum oldu. Ağır, çoxhəcmli və çoxqatlı romanlardansa məhz bu lakonik nəsr forması daima harasa tələsən cəmiyyətimiz, hətta deyərdik dünyamız üçün səciyyəvidir. Sön dönəmlərdə böyük həcmli əsərlərdənsə mətləbi daha kiçik formalarda ifadə edə bilən hekayə və esselər daha çox maraq kəsb edir. Müxtəlif mətbu orqanlarda kifayət qədər hekayə nümunələri çap olunsa da çox zaman sırf hekayə kitablarınıın azlığından şikayət edərdik, bu il yenə də təəccüblənəcəyik. 2017-ci ildə kifayət qədər hekayə kitabları nəşr olunmuşdur. Həm yeni qələmə alınmış, həm də ötən illərdə yazılmış, mətbuatda təqdim edilmiş mətnlərin yer aldığı bu toplularda janrın inkişafı baxımından yüksək əhəmiyyət daşıyan əsərlərin olduğu inkaredilməzdir.
İlin ilk hekayə kitabı Kamal Abdullanın əksər hissəsi ötən illərdə çap olunmuş hekayələrindən ibarət olan, adı da bu hekayələrin birinin adından götürülmüş “Edam vaxtını dəyişmək olmaz” toplusu oldu. “Adaşlar”, “Platon, deyəsən, xəstələnib”, “Sirri-zəmanə”, “Mağara”, “Mənə uçmağı öyrət”, “Kölgə”, “Göyəzən dağının ilahəsi”, “Sağlıq” “Səsimdən yapış” hekayələri maraqlı olduğu qədər, bədii-estetik baxımdan seçilən, simvolik məqamlarla zəngin, şüuraltı düşüncənin ön planda olduğu, dünyanının fərqli halını anladan hekayələrdir.
Ötən ildə tanınmış şair Faiq Balabəylinin son illərdə qələmə aldığı “Lənətlənmiş həyat” povesti, hekayələri və publisistik yazılarının yer aldığı “Bayıldan bayıra” kitabı oxucuların ixtiyarına verilmiş, hər zaman maraqlı nəsr nümunələri ilə qarşımıza çıxan Natiq Məmmədlinin “Tiflis yolçuları”, “Sevgi məbədində qətl”, “Tututquşunun günahı” və s. hekayələri əsasında “Bekketə salam” toplusu nəşr olunmuşdur. Yazıçı-publisist, Əməkdar jurnalist Sadıq Elcanlının son illərdə yazdığı hekayə, esse, ədəbi-tənqidi və publisistik yazılarının daxil edildiyi “Sirli söz qapısı” kitabı da 2017-ci ildə çapdan çıxan toplulardandır.
Əminliklə deyə bilərik ki, həyata keçirilən ortaq layihələr keçən il hekayə mənzərəsinin zənginləşməsində xüsusi rol oynadı. İlin əvvəlindən “ATV Kitab” layihəsi ilə “Hədəf nəşrləri” arasında imzalanan Əməkdaşlıq Memorandumuna əsasən birgə kitabların nəşrinə başlanmışdı. Bu anlaşmaya əsasən “Çağdaş nəsrin ustaları” adlı silsilə kitabların nəşri nəzərdə tutulmuş, bu seriyadan işıq üzü görən ilk kitab çağdaş milli ədəbiyyatımızın təmsilçisi, istedadlı nasir Mübariz Örənin “Qazanılmış günün siestası, yaxud Balıq gülüşü” adlı povest və hekayələr toplusu oldu. Təbii ki, ədəbiyyatımızın bu kiçik janrının inkişaf pilləsində mühüm addım hesab edilən bu anlaşmanın növbəti addımı ikinci kitabın nəşri ilə reallaşdı. Müasir ədəbiyyatımızda portret hekayələrin bir janr kimi formalaşmasında xüsusi rolu olan yazıçı Əjdər Olun “Qəzənfər müəllimgilin Şuşaya yürüşü” hekayələr kitabı nəşr edildi.
“ATV” Kanalı və “Parlaq İmzalar” Nəşriyyatının ortaq layihəsi olan “ATV Kitab” seriyası da müasir ədəbiyyatımızın inkişafına yönələn, yazarlarımızın, xüsusən də gənclərimizin çap olunmaq problemini aradan qaldırmağa xidmət edən layihə kimi dəyərləndirilir. 2017-ci ildə bu seriyadan olan Ülviyyə Tahirin “Ortaq şəhər” hekayələr kitabı, Günel Eminlinin “Cənnətdə payız” hekayələr və esselər toplusunun nəşr olunması xüsusilə diqqətəlayiqdir. 2017-ci ildə bir sıra gənc yazarlar da kitabları ilə diqqəti cəlb etməyə nail olmuşdur. Ayxan Ayvazın 10 hekayəsinin daxil edildiyi “Buri”, Çinarə Ömrayın “Məcnunxana” kitabları bu qəbildən olan toplulardır.
Bunlardan başqa son dönəmlərdə ədəbiyyatımızın dünyada tanınması baxımından mühüm addımlar atılır, tanınmış yazarlarımızın romanları müxtəlif ölkələrdə nəşr olunur. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin, Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələrindən olan “Sirr” (Azərbaycan hekayələri) kitabı da Almaniyada işıq üzü görmüşdür. Azərbaycan ədəbiyyatının müxtəlif mərhələlərini təmsil edən Cəlil Məmmədquluzadə, Mir Cəlal, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı, Kamal Abdulla, Etimad Başkeçid, Orxan Fikrətoğlu kimi ədəbi simaların hekayələrinin toplandığı kitab alman və avstriyalı tərcüməçilər tərəfindən alman dilinə çevrilmiş və maraqla qarşılanmışdır.
Bu kitablarla yanaşı, “Azərbaycan”, “Ulduz”, “Yazı”, habelə, “Ustad” jurnallarında, “Ədəbiyyat qəzeti”ndə, “525-ci qəzet” və “Aydın yol” və adını çəkmədiyimiz bir çox həftəlik mətbu orqanlarda kifayət qədər hekayə mətnləri oxuculara təqdim edilir. Belə olduğu halda Zamanımızın nəbzini tutmağa çalışan bu hekayələr hansı cəhətləri ilə diqqəti cəlb edir? Və ya Müasir hekayədən nə tələb olunur? Çağdaş hekayənin əsas məziyyətləri nələrdir? kimi suallar mühüm və cavablandırılması vacib olan məsələlərdən hesab edilməlidir. Bu qədər hekayənin yazıldığı bir dövrdə təbii ki, onların dəyərləndirilmə prinsiplərinin də müəyyənləşdirilməsi janrın inkişafına öz töhfəsini verəcəkdir.
Nəzərə almalıyıq ki, bu əsərlər yaxşısı ilə, pisi ilə zamanımızın, çağdaş dünyamızın hekayələridir. Bu əsərlər bir növ güzgü rolunu oynayır: dilləndirə bilmədiyimiz, ürəyimizdən keçirib, aşkar etməyə çəkindiyimiz məqamları görə bilirik bu hekayələrdə. Əminliklə deyərdik ki, bu kiçik janrın bədii nümunələrini birləşdirən başlıca cəhət onlardakı həyat həqiqətinin gücündədir. A.Hüseynlinin bu haqda maraqlı bir fikri var: “… Sənət əsərlərindən umduğumuz, gözlədiyimiz ilkin məziyyət – gerçəkliyin real mənzərəsinə istinaddır, yaşadığımız dövr haqqında, özümüz və cəmiyyətimiz barədə açıq və ciddi söhbətdir. Boş, uydurma süjetlərlə, qurama münaqişələr və təbiilikdən uzaq qəhrəmanlarla, yalnız bəsit zövqlü oxucuları əyləndirmək mümkündür”. Təbii ki, bədii mətnlər nəzərdən keçirilərkən əsərlərin reallığa uyğunluğu, həyatı əks etdirmə prinsipləri mütləq şəkildə diqqətdə saxlanılmalıdır.
Yerli və xarici mətbuatda davamlı olaraq nəsr nümunələri ilə çıxış edən ədəbiyyatşünas, görkəmli alim, professor Vaqif Sultanlı bu il bədii yaradıcılığında hekayə janrına xüsusi yer ayırmışdır. Alimin “Yarpaqsız budaqların yaşıl nəğməsi” “Vatan”, “Dərviş” və “İlan əfsanəsi”, “Kül qəfəs” hekayələrinin xarici ölkələrdə nəşri müasir Azərbaycan hekayəsinin uğuru kimi dəyərləndirilən bilər. İstedadlı alim-nasirin “Kül qəfəs”, “Zolaqlı yuva” hekayələri yerli mətbuatda da çap olunmuş, ədəbi sferada maraqla qarşılanmışdır. “Zolaqlı yuva” hekayəsi müharibə səbəbindən ev-eşiyindən didərgin düşmüş insanın çətin həyat şəraitinin təsviri ilə başlasa da, əsl həngamə uşağın quduz it tərəfindən dişlənməsi ilə başlayır. Adi bir it dişləməsinin ölümə qədər gedən yolu, çəkilən iztirablar olduqca real və təsirli lövhələrlə təqdim edilmişdir. Hadisəyə əsaslanan mətndə müəllif hekayəni uşağın əzabları üzərində deyil, ata-ananın iztirabları üzərində qurur, psixoloji məqamların işlənməsinə xüsusi diqqət yetirir.
Çarəsizliyin insana yaşatdığı əzabların ifadəsi başqa bir mətndə Azər Qismətin qələmindən çıxan “Şi-Tsu” hekayəsində qarşımıza çıxır. Çırpınan, əzab çəkən, qayğılanan insanlar o qədər real və inandırıcı təsvir edilir ki, sanki onları görə bilirsən. Əslində, hər iki hekayədə insanın çarəsiz vəziyyətə düşərkən, tutacaq yeri qalmazkən normalda qəbul etməyəcəyi, doğru hesab etmədiyi hər şeyi etməsinin mümkün ola biləcəyini göstərir. Hər iki hekayədə əziyyət çəkən şəxs ilə onun əzablarını kənardan izləyən insanların duruşu, mübarizəsi və gəldikləri nəticə əsasında qurulmuş bir həyat modeli vardır.
Henri Ceyms “Roman estetikası” əsərində təhkiyəni “pəncərədən görünən görüntü” ilə müqayisə edir. Pəncərədən baxan hər kəs fərqli mənzərəni seyr edir. Hekayənin təməl xüsusiyyətlərindən biri də təhkiyədir. Çünki hər kəs müəyyən bir əhvalat nəql edə bilər. Mətnin hekayə olması üçün mükəmməl, oxunaqlı bir təhkiyə, canlı, həyatın içindən gələn obrazlar artıq bir şərt kimi qəbul edilir. Ötən ilin hekayə nümunələri arasında monoton təhkiyəsi, heç bir eniş-yoxuşu olmayan Elçin Mehrəliyevin “Təbiət hekayələri”, Kamuranın “Alov saçlı qız”, Şəfa Vəlinin “Qətl üçün mükafat” hekayələri olsa da, maraqlı ifadə sistemi ilə seçilən hekayələr də nəzərimizdən yayınmadı.
İkinci Mahmudun “Bəkir kompleksi”, Meyxoş Abdullahın “Gecə qapısı döyülən qadın”, Azər Qismətin “Bumeranq”, Natiq Məmmədlinin “Günah”, Mübariz Cəfərlinin “Ağır səfər”, Mirmehdinin “Qırmızı çəpiş” hekayələri təhkiyə prinsipləri, obrazlarının canlılığı ilə seçilən əsərlərdir. İkinci Mahmud müasir həyat hadisələrini, obrazlarını əsər qəhrəmanına çevirməyi, real dünyamızı əks etdirən əsərlər yazmağı sevən yazıçıdır. Mahmudun təsvirləri obrazlılıq və canlılıq, dəqiqlik baxımından uğurludur. Fəhləliyini, əlinin qabarını özünə kompleks edən, evləndiyi Uğurla normal münasibət qura bilməyən Bəkir düşdüyü vəziyyətdən çıxış yolu tapmaqda acizdir. Hekayənin əvvəlində Mahmud qəhrəmanını zəif, hər şeyə boyun əyən biri kimi təsvir etsə də, sonda bu zəif adamı az qala bir qatilə çevrilir, mehrini saldığı tutuquşusu Firanı öldürməklə sanki bütün komplekslərindən qurtulduğunu əks etdirir. Müəllif təhkiyəsi üzərində qurulan hekayədə onun daxilindəki təlatümləri, keçirdiyi hissləri, Zəki-Uğur-Bəkir üçbucağı arasında baş verənləri müdaxilə etmədən izləməli oluruq.
Qısa hekayə formasının aktual olduğu bir dönəmdə Kənan Hacının “Yeraltı külək” adlı uzun hekayəsi həm ideya-bədii xüsusiyyətləri, həm strukturu, həm də sənətkarlığı ilə diqqəti cəlb edir. Sabit olmayan təhkiyəsi ilə oxucunu öz ağuşuna alan müəllif fərqli həyat hekayələrini təqdim etsə də, onları ana xətlə birləşdirə bilən məqamları diqqətlə seçir, Bibixanım Nənə, Lala Əhməd, İmranın atası Sabir kişi arasında olanlar yavaş-yavaş çözələndikcə bu əlaqə də aydınlaşır. Hekayədə ayrı-ayrı dönəmlər canlandırılır, müəllif operator kimi projektoru gah müasir dövrə, gah da keçmişə tuşlayır.
Son dövr hekayə yaradıcılığında az da olsa, simvolikaya, mistik düşüncələrə diqqət yönəldən, sirli, fövqəltəbii qüvvələrə inamla müşayiət olunan bədii nümunələr yaranmışdır. Kölgə motivindən istifadə edilməsi diqqəti cəlb edən məqamlardandır. Bu cəhətdən Kənan Hacının “Kölgələr şahiddir”, V.Sultanlının “Çarpaz kölgələr”, Kamran Nəzirlinin “Ağ kölgə” hekayələri məzmun və struktur orijinallıqları ilə seçilir.
Daha çox sevgi macəralarından bəhs edən romanları ilə böyük oxucu kütləsi qazanan Varis Yolçuyevin “İyirmi bir” hekayəsi də ötən ilimizin uğurlu nümunələrindən hesab edilə bilər. Varis Fransanın “L Autographe” (“Avtoqraf”) almanaxına daxil edilmiş bu hekayəsinə görə “Antuan de Sent Ekzüperi diplomuna” layiq görülmüşdür. Maraqlı situasiyaları, fərqli təsvirləri və müəllif mühakimələri ilə zəngin hekayə müəllif təhkiyəsi əsasında yazılsa da, müəllifin özünün də hadisələrdə iştirakı əsərə ağırlıq gətirmir. “Bir qoca, bir uşaq, bir də mən üzügündoğana gedirdik” deyərək başlayann yazıçı maraqlı, maraqlı olduğu qədər də fərqli bir hekayəyə başladığına işarət verir.
Son dönəmlərdəki bədii mətnlərdə qəhrəman və qəhrəmana münasibət məsələsi də fərqliliyi ilə diqqəti cəlb edir. Nəzərə alsaq ki, hekayədə qəhrəman və xarakter məsələsi roman və povestlərdən fərqlənir, onlar kimi ön planda olmur, müşahidə etdiyimiz məqamlar təəccüb doğurmamalıdır. Müasir modern və postmodern ədəbi mərhələdə konkret obrazlardansa onun yaşadıqları, hissiyyatı əsərin qəhrəmanına çevrilir, Çinarə Ömrayın “Daş ağrısı”, Günel Natiqin “İşıq sorağında”, Elçinin “Çingiz xanın daşları”nda olduğu kimi. Hərçənd, bəzi hekayələrimiz sırf qəhrəman üzərində qurulsa da (Vəfa Mürsəlqızının “Nana”, İradə Aytelin “Taleh”), əksərən anlıq hisslər, fikirlər, düşüncələr daha yaddaqalan olur, qəhrəmanımızın xarakteri yox, düşüncəsi, şüuru ön plana çıxır. Müasir hekayələrdə xarakter üzərinə yüklənmələr görülmür, bu səbəbdən də hekayə yazarlarımız bəzən qəhrəmanlarına heç ad da qoymur, onların hissiyyatına yönəlib, duyğu-düşüncələr seli üzərində əsəri qurur və çox zaman da uğurlu mətn ərsəyə gətirirlər.
Maraqlı hekayələri, özünəxas yazı tərzi ilə seçilən Kamran Nəzirlinin “Şopenin sonatası” hekayəsi müəlliməsinə aşiq olan uşağın dilindən yazılmışdır. Əslində son dönəmlərdə modernist, postmodern cərəyanların izlərini daşıyan, qeyri-adi formalarda yazılan əsərlər əvəzinə, daha sadə, insan hisslərini təcəssüm etdirən hekayələr xüsusi bir maraqla qarşılanır. On dörd yaşlı uşağın hiss-duyğuları və reallıq arasındakı fərqlərin təqdimi bizi bu saf hisslərə təbəssümlə yanaşmağımıza səbəb olur. Keçmişin şirin xatirələri tərzində yazılmış hekayədə ən saf, təmiz hisslərlə müasir insanın laqeydliyi, gərgin həyatın qovğaları altında özünü, keçmişini unudan insanları qarşılaşdırır.
Hekayəyə olan marağın gücləndiyini əks etdirən məqamlardan biri də “Ulduz” jurnalı, “Kaspi” qəzeti və artkaspi.az saytının birgə layihəsi olan “Variasiya” müsabiqəsinin keçirilməsi oldu. 2013-cü ildən start götürən, maraqla qarşılanan müsabiqədə 2017-ci ildə Yazıçı Elçin Hüseynbəylinin “Qəfil getmək” hekayəsi yarımçıq şəkildə təqdim edilmiş və onu tamamlamaq üçün yazarlar arasında müsabiqə elan olunmuşdu. Göndərilən çoxsaylı mətnlərdən yazıçı Vüsal Nurunun yazdığı sonluq daha çox bəyənilərək qalib elan edilmişdi. Psixoloji məqamlara toxunulan mətn həyatından bezən, yaşadığı günləri dəyərsiz hesab edən bir kişinin dilindən verilib. Son illərdə artıq bir dəb halını almış intihar motivinə toxunan müəllifin qəhrəmanın qərarsızlığını göstərməkdə əsas məqsədi, əslində, həyat eşinin gücünü təsvir etməkdir. Ola bilsin ki, Vüsal Nurunun nikbin sonluğu da məhz bu məqamı ilə müəllifin diqqətini cəlb edib.
Son zamanlar ədəbi sferada yazdığı hekayələri ilə diqqət çəkən müəlliflərdən biri də Vəfa Mürsəlqızıdır. Maraqlı təhkiyəyə, fikrin sistemli ifadəsinə önəm verən müəllif hansı mövzuda yazırsa-yazsın həyat həqiqətinə sadiq qalmağa, real, müasir dünyamızın problemlərini əks etdirən hekayələr yazmağa cəhd edir. Daha çox lakonik hekayələri ilə tanınan Vəfa Mürsəlqızı son hekayələrində ailə-məişət məsələlərinə toxunsa da, ənənəvi təsvirlərlə yox, daha çox duyğu-düşüncələr fonunda bu problemləri əks etdirməyə çalışır. Avtobusda yol gedərək müxtəlif fkirlərə dalan bir qızın dilindən nəql olunan “Ekler”, yolda gördüyü qıza vurulan, lakin ilk çətinlikdə geriyə çəkilən gəncdən bəhs edən “Səs” hekayələri həyatiliyin, təbiiliyin güclü olması, qəhrəmanlarının canlılığı, hissləri, düşüncələri, əzabları və sevinclərini də real yaşamaları baxımından dəyərlidir. Müasir insanların sevgiyə modern münasibətinin təcəssümü olan, sevgisizlikdən bəhs edən əsərləri nəzərdən keçirərkən Leyli-Məcnun məhəbbətini əsas götürən maraqlı bir hekayə qarşımıza çıxır. Seyran Səxavətin “Leyli və Məcnun” və ferma müdiri” hekayəsi.
“Ümumiyyətlə, Seyranın istənilən əsərində Cəlil Məmmədquluzadə nəsrindən gələn incə bir meh əsir” deyən Vaqif Yusifli haqlı olaraq bu hekayədə də sətiraltı anlamların olduğunu, bir çox məqama incə yumorla münasibət bildirildiyini vurğulamış, fikrimizcə də, çox düzgün bir hədəf seçmişdir. Sədaqətli, bir-birini anlayan, hörmət edən Fəmil-Nisə sevgisi bir növ Leyli-Məcnun sevgisilə bir müstəviyə qoyulur, onların da öz sevgisi var. Həyatlarında müəyyən çərçivələri, hüdudları olan sevgisi.
Müasir həyatı təqdim edən, hekayələrində modern insanın düşüncələrinə yer verən Qan Turalının “Uzaqlar” kino-hekayəsi ailə-məişət münasibətlərinin deqradasiyaya uğramış, məhvərindən çıxmış modern halını təqdim edir. Qadının kişini, kişinin də qadını aldatdığı bir ailədə skayp danışıqları üzərində davam edən münasibətlər çağdaş dünyamızın çatışmazlığı kimi dəyərləndirməlidir. Vəfa Mürsəlqızının “Qabyuyan”, Azər Qismətin “Bumeranq”, Çinarənin “Corab tayı”, “Daş ağrısı”, Günel Eminlinin “Ağ kəpənək”, Yaşar Bünyadın “Ata” hekayələrində də bu mövzular fərqli mövqelərdən işlənmişdir. Müxtəlif məzmunlu hekayələrdə müəlliflərin mətləbi çatdırmaq, ailə daxili problemlərin insan həyatındakı təsirini, ata-uşaq nisgilini, peşmanlıqları göstərmək üçün uzun-uzadı təhkiyə, lüzumsuz söz oyunlarından yox, lakonik və tutarlı faktlardan istifadə etməsi təqdrəlayiqdir.
Günümüzün hekayələrində cəmiyyətin obrazı, ictimai düşüncənin bədii şəkli, zamanın adi, ya qeyri-adi qəhrəmanlarının, insanlarının portreti arxa planlı olur, daha çox şəxsi, subyektiv psixoloji durum əks edilir. Bu baxımdan Elçinin “Tut Budağı, Ərik Budağı və Sarı Bülbülün nağılı”, ” Firuz Mustafanın “Fantast yazıçının Marsda dəfni”, Varisin “Sonuncu mogikan”, Aslan Quliyevin “Duman” kimi maraqlı quruluşu və ideya məzmunu, dil-ifadə səlisliyi ilə seçilən hekayələrdir.
Yaxşı hekayə ustası kimi qəbul edilən Elçinin “Çingizxanın daşları” hekayəsində qəhrəman sanki öz-özündən hesabat alır, öz dünyasını, yaşadığı həyatı sorğulayır. Həyatına başqa pəncərədən baxmağa cəhd edir. Eyni məqsədi gənc yazarlardan olan Günel Eminlinin “Naxış”sız çilçıraq” hekayəsində də görə bilirik. Varlı, hər cəhətdən təmin olunmuş bir ailənin tavanında asılan və evdə yaşananlara yuxarıdan baxan çılçıraq sanki bir canlı kimi gördüklərindən, eşitdiklərindən təəssüflənir. Ona görə də biz də çalışaq ki, həyatımıza bir qədər kənardan, üçüncü şəxs kimi baxaq. O zaman bütün çatışmazlıqlarımızı, mənfilərimizi, doğru hesab etdiyimiz yanlışlarımızı görə bilərik.
Artıq bir neçə ildir ki, yazdığı hekayələrlə diqqəti cəlb edən Çinarə Ömray haqqında danışdığımız 2017-ci ilə öz töhfəsini vermiş, “Məcnunxana” adını verdiyi hekayə kitabını ictimaiyyətə təqdim etmişdir. Maraqlı mətnlərin yer aldığı kitabda 6 yaşında sevdiyi hər şeydən-evindən, həyətindən, doğulduğu torpaqdan, demək olar ki, həyatından əl çəkmək məcburiyyətində qalan, baş verənləri tam dərk edə bilməyən qızın düşüncələrini oxuyuruq. Düzdür, kitabda başqa mövzularda yazılmış hekayələr olsa da, Çinarənin əsərlərinin ana xəttini müharibə və onun yaşatdığı faciələr təşkil edir. Biz “Tirdə dirilmə”, “Erməni tut ağacımızı vurdu”, “Məcnunxana”, “Ağcaqanad” hekayələrində bu ağrı-acını yaşamış kiçik qızın iztirablarını görə bilirik. Təqdirəlayiqdir ki, Çinarə müharibə dəhşətlərini, qanlı döyüş səhnələrini, müxtəlif ölüm formaları ilə üzləşən günahsız müharibə qurbanlarını təsvir etməkdənsə, daha çox müharibənin insanlara yaşatdığı hissləri, onun nəticələrini əks etdirməyə cəhd etmişdir.
Son illərdə müşahidə etdiyimiz hekayə axınının nəticəsi olaraq maraqlı nümunələrin yarandığı inkaredilməz olsa da, nəsrdə yeni qələm təcrübələrini sınaqdan keçirən hekayəçilər haqqında bu fikri bildirmək asan deyil. Qəzet və məcmuələrdə boy göstərən bu mətnlərdə müasir həyatı əks etdirmək, dövrün mənzərəsini yaratmaq məqsədi qoyulsa da, problemin bədii həllinin kifayət qədər hərtərəfli işlənməməsi əsərlərin bədii gücünü zəiflədir. Xuraman Hüseynzadənin “Qatır Qulam”, Aləm Kəngərlinin “Velosiped”, “Oğru”, Şəhla Aslanın “Quran”, Məmməd Namazoğlunun “Beş manat” hekayələri bu qəbildəndir. Müəllif təhkiyəsi üzərində qurulan, banal süjetə əsaslanan bu hekayələrin modern ədəbiyyat nümunəsi kimi oxuculara təqdim edilməsi, fikrimizcə, ədəbiyyyata qeyri-ciddi münasibətin ifadəsi kimi dəyərləndirilməlidir.
Lakin təkcə gənc yazarların deyil, kifayət qədər təcrübəsi olan müəlliflərin yaradıcılığında da alınmayan hekayə mətnlərinin olması inkaredilməzdir. Səfər Alışarlının “Limb və Alidada”, Alpay Azərin “Üç günün içində” hekayələri bunlardan biridir. Böyük həcmə malik olan “Limb və Alidada” daha çox söz oyunu üzərində qurulmuş, solğun, oxucunu cəlb etməyən mətndir. Müasir həyatın çevik janrlara və formalara ehtiyac duyduğu bir mərhələdə uzun-uzadı mətnlər, bir cümləlik fikrin uzadılaraq iki-üç abzasda verilməsi yorucu və oxucu üçün mənasız görünür. Monoton təhkiyəsi nəticəsində hekayəni oxuduqdan sonra “hə , nə olsun” deməkdən başqa bir yol qalmır. Halbuki müasir ədəbiyyatımız həyatın gözəlliklərini, rəngarəngliyini, habelə, çatışmazlıqlarını, acımasızlıqlarını, daha doğrusu real dünyamızda yaşanan ictimai-sosial prosesləri göstərə biləcək və bunu qısa, lakin sərrrast fikirlərlə deyən mətnlərə ehtiyac duyur.
Nəticə olaraq deyə bilərik ki, yola saldığımız 2017-ci il Azərbaycan ədəbiyyatında janrın inkişafında irəliyə doğru atılmış bir addım kimi səciyyələndirilə bilər. Bir cümlə ilə fikrimizi yekunlaşdırmalı olsaq deyə bilərik ki, bu ilki hekayələrdə əsas məqam obrazların mənəvi dünyasına daha çox önəm verilməsi, şüuraltı düşüncələrin ön plana çıxarılması ilə xarakterizə olunur.
Nərmin Cahangirova