Rusiyadan idxal edilən 1600 ton buğdada karantin bitki toxumları aşkarlandı

Rusiyadan Azərbaycana idxal olunan ərzaqlıq buğda məhsulunda karantin tətbiq edilən alaq bitkisinin toxumları aşkar edilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən Müstəqil.az-a verilən məlumata görə, qurumun müfəttişləri Rusiya Federasiyasından idxal edilən ümumi çəkisi 1636.02 ton olan ərzaqlıq buğda məhsuluna baxış keçiriblər. Baxış zamanı məhsuldan götürülmüş nümunələr ekspertiza üçün Respublika Karantin Ekspertiza Mərkəzinin Herbologiya laboratoriyasına təqdim olunub. Laboratoriyada həyata keçirilən ekspertiza zamanı məhsulda karantin tətbiq edilən alaq bitkisi – sürünən kəkrə (Acroptilon repens (L.) DC) toxumları aşkar olunub.

Sirayətlənmiş buğda məhsulunun xüsusi aqreqatlar vasitəsilə təmizlənməsi, ayrılmış çıxarın alaq toxumları ilə birlikdə yandırılması nəzərdə tutulub. Fitosanitar tədbirlər sistemi həyata keçirildikdən və məhsul alaq toxumlarından tam təmizləndikdən sonra təyinatı üzrə istifadəsinə icazə veriləcək.

Share: