“Qarabağ” Polşa çempionatında oynasaydı… – Jezniçak

“Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib.

Qol.az-ın məlumatına görə, Ağdam klubuna keçidindən danışan futbolçu Polşa yığmasının dünya çempionatındakı şanslarını dəyərləndirib.

– Azərbaycanda isti hava şəraitinə uyğunlaşmağınız çox vaxtınızı aldı?

– Mən günəşli havanı sevirəm. Ona görə də adaptasiya prosesini tez keçdim. Qışda havanın temperaturu müsbət 2-5 dərəcə olur. Bu baxımdan Azərbaycan Polşadan çox fərqlənir. Biz adətən axşamlar – hava sərin olanda məşq edirik. Çempionlar Liqasının pley-of mərhələsinin “Kopenhagen”lə ilk oyununda 30-cu dəqiqədən sonra rəqib komandanın oynamaq üçün gücü qalmamışdı. Oyun saat 20:00-da, temperatur isə 37 dərəcə idi.

– Uzaq ölkəyə gedəndə ehtiyat etmədiniz?

– Əminliklə deyə bilərəm ki, yox. Azərbaycandan təklif gələn kimi Yaçek Maqyero ilə danışdım. Onu tək məşqçim yox, həm də dostum kimi görürəm. Bilirdim ki, mənə ən doğru məsləhəti verəcək. Dedi ki, özünü ölkə xaricində sınamaq üçün son şansındır. “Qarabağ” hər il avrokuboklarda oynayan komandadır. Bu kluba keçəndən sonra Çempionlar Liqasında oynadıq. Hansı ki, “Legiya”da bunu heç vaxt etməmişdim. Başqa bir mühiti sınamaq istədim. Halbuki “Legiya”dan başqa bir komandaya gedəcəyimi təsəvvür belə etməzdim.

– Azərbaycan Premyer Liqasını Polşa çempionatı ilə necə müqayisə edərdiniz? Hansı daha güclüdür?

– Bunlar tamamilə fərqli çempionatlardır. Azərbaycanda “Qarabağ” və “Qəbələ” ilə digər klublar arasında fərq çox böyükdür. Bu komandalar ötən mövsüm Polşa çempionatında mübarizə aparsaydılar, hətta qızıl medal da qazana bilərdilər. Digər 6 komanda isə bizim liqada aşağı sıralarda qərarlaşardı.

– Həmişə Polşa çempionatının bir çox oyunlarınız izləyirdiniz. Azərbaycanda da bunu edə bilirsiniz?

– Tez-tez nəticələrə baxıram. Azərbaycan və Polşanın televiziya verilişləri arasında fərq çox böyükdür. Hətta deyərdim ki, uçurumdur. Xanımım bizim səfər oyunlarımızı izləyir və oyunçuları tanımaq mümkün olmadığı üçün təəssüflənir.

– Dünya çempionatında Polşa millisindən nə gözləyirsiniz?

– Avropa və dünya çempionatları fərqli turnirlərdir. Çünki dünya çempionatında başqa qitələrdən də yığmalar iştirak edir. Düşünürəm ki, ilk 2 oyun bizim üçün həlledici olacaq.

Müstəqil.Az

Share: