Aydın CANIYEVin yeni hekayəsi
Son dəfə olduğu evə baxdı. göz gəzdirdi, yaddaşına hər şeyi bir-bir həkk edə-edə qapıya addımladı. “Olduğu ev” ona görə deyirəm ki, öz evi deyildi, öz evi olmamışdı da. Olduğu evlərdə də heç vaxt qapısını bağlamamışdı. Bir oxuduğu kitablar idi sərvəti, bir də yazıları.
Elə də ürəkdən istəyirdi ki, evinə oğru girsin – düşünürdü ki, ən azı bir oğru tapılacaq ki, bu kitabları oturub oxumaq həvəsinə düşər, yazılarına baxar və… Yox, oğrunun peşman olması və yaxud olmaması onu ilgiləndirmirdi, sadəcə, hər insanın içindəki insanı ortaya çıxarmaq üçün bəzən kitabımı, ya hansısa yazınımı oxumağı lazım gəlir. Amma indi bağladı. O bu gün yaşamının qapısını bağlamışdı. Üzünə açıq olan bütün qapılardan imtina etmişdi. Və dəqiq də bilirdi ki, indi onun üzünə bağlanacaq qapılar var… irəlidə. Day heç “olduğu ev”in qapısını açıq və ya bağlı saxlamaq haqqından da imtina etmişdi! Qərarı qəti idi!
Hər ikisi İrlandiyanın ucqarından idi – biri şair, biri jurnalist! Təxminən 25-30 yaşlarından bir-birlərini imza kimi tanısalar da, tanış deyildilər. Bir gün isə… həm bir-birlərini gördülər, həm də onları böyük bilən böyük imzalarla bir məclisdə oldular. Beləcə davam etdi. Təbii ki, şair dost heç vaxt jurnalisti nişan vermədi – axı o şair idi, şeirə adını necə soxuşduraydı ki? Amma jurnalist dost imkan düşdükcə, sitat gətirirdi. Loru dillə desək, “yüz ildə bir dəfə” rastlaşanda, özü də da tay dəm olandan sonra, şair dilə gətirirdi: “Oğlan, elə bilmə xəbərim yoxdu ha”. Tam dəqiqliyinəcən sadalayırdı haçan, hansı yazısında harda hansı misrasını, beytini, bəndini sitat gətirməyini. Əlavə edirdi: “Mən sənə təşəkkür üçün demirəm ha”.
Əlbəttə, jurnalist dost da bilirdi ki, şair dostunun misrasına düşəcək qədər müqəddəs deyil, nə də publisistik yazılarına qəhrəman olası biçimdə. Ancaq eşidirdi ki, söhbət jurnalistikadan düşəndə qızırqalanmadan adını ustad kimi çəkir… onu özünə ustad bilənlərin əhatəsində.
Əlbəttə, jurnalist dost üçün şair dostu humanizmin, gözəlliyin, aliliyin təzahürü idi, üstəlik də hesab edirdi ki, onun istifadə etdiyi sözlər şeir sözləridi, ilahi nəsə var o sözlərin cövhərində, o sözlərin frekansı da fərqlidi, özünün istifadə etdiyi sözləri isə gündəlik tələbat malları kimi bir şey sayırdı, amma bircə o fərqlə ki, şairdə istifadə edilən sözlərin adı axırda şeir olurdusa, özünün sözləri cəm olub… bəzən, bir çox hallarda, əksərən hətta ədəbiyyatdan da yuxarı tutulurdu. Çox vaxt da yazılarını məşuqəsiylə sevişirmiş kimi yazırdı!
Az-az, qəflətən, tam təsadüfdən görüşərdilər. Bəlkə də 20 ildə heç 20 dəfə də olmazdı. Şair dostu jurnalist dostundan bir cəhətinə görə yapışmışdı, onu da, yenə deyirəm, da tam dəm halında: “sən həyatda gördüyüm, olmaq istədiyim yeganə adamsan ki, “nə deyərlər” kompleksin yoxdu. Sənin düşüncən əndazə tanımır, “rıvok” götürəndə, yəni yerindən tərpənəndə, ayağa duranda sürət sayğaca gəlmir, düşüncənin çevikliyi işıq sürətiylədi, amma həm də elə bil ki, əlinə qumbara verilmiş, istifadə qaydasını bilməyən uşaq saflığı, qorxmazlığı var səndə”.
Eşitdiyi tərif, cazibədarlıq elə bu olmuşdu şair dostundan!
Və… yaddaşının küncündə, lap gizlin yerində, on min kilometr dərinlikdə, on min kilometr hündürlükdə, heç kimin göz yetirib, əl uzadıb imkan tapmayacağı yerdə, bir fikir vardı: onun övladı yoxdu! Odur ki, heç vaxt nə onun yanında, nə də yazılarında adı keçən yerdə övlad, oğul-qız adı çəkmirdi.
Evdə uşaq olmamağın sarsıntısını əvvəl anası yaşamışdı, ta özü dünyaya gələnəcən!
Sonra xalası…
Sonra bibisi oğlu…
Sonra dayısı qızı…
Sonra qardaşı!
Və… şair dostunu anlayırdı! Bilirdi ki, onun şair dostunun ürəyi nə qədər saf olsa da, düşüncəsində nə qədər mütərəqqi olsa da, zəkası, təfəkkürü, xisləti nə qədər işıqlı olsa da, bəndə və şair olaraq şeytandan nə qədər uzaq olsa da, Allahın özünün bir sıxıntı vermə qüdrəti var. Allaha bəlliydi ki, onun bu şair dostunu bu dünyanın heç nəyi ilə sıxıntıya salmaq olmaz!
Nə ondan istedadlısını onun qabağına çıxarmaqla!
Nə ondan varlısına möhtac etməklə!
Nə hər hansı şöhrət gətirən mükafatla, işlə, dostla, məşuqəylə, digər ləzzət və nəşə gətirən nəsnələrlə! O, Allahı aciz saxlamışdı… dərgahda! Allah da onun özündən asılı olmayan bir halla onu sıxıntıda saxlamışdı… Yer üzündə!
Sanki aralarında bir saziş vardı: onlar məclisdə badə qaldırmırdılar!
Və həm də vicdanlı bir irland olaraq, ikisi də həyatda irland olmağa xəyanət etmirdilər. Ta o günə qədər ki, yamyamlar onların ölkəsini irland adıyla qəsb etdilər.
Onda aləm qarışdı, məzhəb itdi. Bütün dəyərlər tapdanmağa, ənənələr məhv olunmağa başladı! Hər şeyin düzəni itdi.
Təbii ki, şair dost üsyankar şeirlərini yazdı!
Təbii ki, jurnalist dost, mübarizəyə səsləyən yazılarını yazdı!
Təbii ki, irland olaraq, bir-birləriylə dərdləşdilər onlara qarşı bu təcavüz barədə. Təcavüzün əhatə dairəsi isə getdikcə daralırdı!
Həbslərdən şair dost yan keçsə də, işsizlikdən, məhrumiyyətlərdən qurtula bilməmişdi: misralar daha kəskin od püskürürdü!
Jurnalist dost isə həbsxana da görmüşdü, ailəsi də dağılmışdı, səhhəti də zədələnmişdi, aclığa və məhrumiyyətlərə də düçar olmuşdu!
Sadəcə nəfəs alırdılar!
Və günlərin bir günü… sosial şəbəkədə səhifəsini açanda gördüyündən çökdü! Yox, inanmadı demək olmaz! Çünki özü yazmışdı buna doğru gedir! Ancaq ta burasınacan gözləmirdi! Gözləmirdi ki, onun şair dostuna bu əzabı yaşadarlar!
*
Bütün yazılanları oxudu. Hamısını bağışladı! Hətta dostunun əvəzinə də! Üçünü bağışlamadı! Hətta dostunun əvəzinə də bağışlamadı! Dostuna zəng elədi. Bildi ki görüşəcək. Bildi ki, dostu o yazılanların yaşatdığı acını onunla bölüşəcək və məhz onun bağışlamadığı o üç nəfərin yazdığını deyəcək. Sonra da təəssüflə deyəcək: döyüşkən, mərd, mübariz irlandlar bunlardımı?
Görüşdülər. Danışdılar! Və… söhbəti yayındırdı! Qoymadı dilə gətirsin! Qoymadı ki, dostu dostuna desin ki, belə yazıblar, istəmədi bilsin ki, dostu bilir orda yazılanları.
Dostunu gözlərinin içinə qoyub ayrıldı!
*
Hər üçünə mesaj yazdı. Telefon nömrəsi qoydu! Hər üçünü irlandların “namus parkı” dediyi təpəyə çağırdı. Hər üçünə əvvəlcədən dedi ki, niyə görüşmək istəyir. Hər üçünə dedi ki, sizi öldürəcəm. Hər üçünü xəbərdar etdi ki, tək gələcəm. Hər üçü onu söydü… daha kəskin, daha ciddi! Amma… gəlməyəcəklərini dedilər!
Səhifələrində blokladılar onu!
Anidən ağlına gələni etdi: qadın səhifəsi açdı. gurultulu, başgicəlləndirici statuslar yazdı, bələdlədiyi hər üçünün “dostluğuna” nail oldu. Mesajlar yazdı. Flirt yapdı. Yarıçılpaq, lüt qız şəkilləri göndərdi. İntim səslər yazılmış mesajlar yolladı. Telefon nömrələrini əldə etdi, görüşəcəyini, bir dəfə də olsa, intim münasibətdə olacağını bildirdi, amma bir şərtlə ki, mən haçan zəng etsəm, yalnız onda və mən dediyim yerdə.
Qısa bir vaxtda nömrələrin kimə mənsubluğunu, harada yaşamalarını, harada işləmələrini öyrəndi!
*
Təxminən bir ay sərasər depression ifadə edən statuslar paylaşdı, yazılar yazdı. Bir daha dostuyla görüşdü. Depressiyada olduğunu, insanların artıq dəyər tanımadığını, həyatdan yorulduğunu təlqin etdi. İnandırdı ki, artıq ağlı açıb. Rahatca ayrıldı. Amma özünün atacağı addıma haqq qazandırdı: dostunun ruhu şırımlanmışdı o zərbələrdən. Bir gün də olsa gecikmək olmazdı!
*
Təxminən üç ay çəkmişdi bütün bunlar!
Üçünü də şəhərdən kənardakı ailəvi istirahət mərkəzinə və bir saat fərqiylə dəvət etdi. Parolu da söyləməklərini unutmamağı yazdı: “13-cü otaqda gözləyirlər”
Əslində, otağa girəndən sonra qəddarlığından vaz keçmək istəmişdi: adamlar üç aydı yazışır, səsli-səssiz mesajlar göndərir, telefon nömrələrini saxlayıblar, bir dəfə də şübhələnmək ağıllarına gəlməyib, bu adamları niyə bu qədər ağır cəzalandırasan ki? Bunlar hətta etdikləri ən şərəfsiz addımı belə unudublar! Məgər etdiyi şərəfsizliyi unutmaq qədərincə “dahi” olanları cəzalandırmaq nəyisə dəyişəcək?
– Yox! Yox! Yox!
Anidən qışqırtı gəldi içindən! Özünü sakitləşdirdi!
Şərtləşdiyi kimi, yamyamın birincisi odaya yaxınlaşanda inzibatçı ona çağrı atmalıydı.
Çağrı gəldi!
İstirahət mərkəzinin ən ucqar odasında, dərə dibində olan odasına qəhrəmanı bu dəqiqə sanki bir saatı bir milyon dollar olan Cenifer Lopezi fb mesajlarıyla pulsuz-parasız bütün günü “fəth edəcəyi” eyforiyasıyla addımlayıdı!
15…14…13…12…11…10…9…8…7…6…5…4…3…2…1…
Əlini odanın dəstəyinə uzatdı! Tirtap sərildi!
Cəmdəyi içəri sürüdü!
Növbəti çağrı!
Eyniylə tirtap sərildi! Yenə də cəsədi içəri sürüdü!
Üçüncü çağrı!
Eyni ssenari, eyni aqibət!
Polisə zəng vurdu!
Otaqda stolun üstündə indiyə qədər qurbanları ilə həm öz adıyla, həm də fayk profillə yazışmalar köçürülmüş qovluq vardı! Telefon nömrələri və bütün sahibləri haqqında bütün məlumatlar! Gündəlik qeydləri!
… Polis şəhərdən 35 kilometr aralı bu məkana gələnəcən əməlli-başlı yeyib içdi – stolun üstündə hər cür nemət vardı. Polislər gələndə tam heysiz və dəm vəziyyətdə idi:
– İzahatımda hər şeyi yazmışam! Sizi maraqlandıracaq odlu, soyuq silah adına və artıq heç nə yoxdu! Hətta istintaq əməliyyatı aparmağa da! Sadəcə ekspertiza ilə yazdıqlarımın təsdiqi üçün qeydlərlə də tanış ola bilərsiniz!
Qurbanlarını necə qətlə yetirdiyini izah edəndən sonra heç nə demədilər. Sadəcə qollarını qandallayıb apardılar.
“İstintaq” əvvəl dörd ay, sonra daha dörd ay, sonra daha dörd ay davam etdi: onun “yanıma heç kimi buraxmayın və qəzetlərdə, radio-televiziyada ikicə cümləlik xəbər verin” xahişinə əməl etmişdilər. Hər yerdə məlumat vardı: “Möhtərəm və möhtəşəm jurnalistimiz Yucin sosial şəbəkədə tanış olduğu üç nəfəri qətlə yetirmişdir. Onların (həqiqi ad-soyadları və sosial şəbəkədəki saxta profilləri sadalanmaqla) hər üçü polis işçiləridir”
… İstintaq vaxtı onu heç kim axtarmadı! Haqqında heç nə yazmadılar. Sadəcə bir dəfə müstəntiq sənədlərə qol çəkdirəndə dedi ki, bir şair gəlmişdi, dedi dostuyam, görmək istəyirəm.
*
Məhkəmə qapalı keçirilirdi – ancaq öldürülənlərin qohumları iştirak edirdi!
Hamı ona ölüm hökmü tələb edirdi!
Son sözünü söyləyəndə öldürülənlərin qohumları başlarını aşağı dikmişdi!
Hakim əlləri ilə üzünü qapamışdı!
Dövlət ittihamçısının ağzı heyrətdən aralı qalmışdı!
– Mən nə istintaqda, nə də məhkəmə prosesində sizlərə əziyyət vermədim. İstintaqı və məhkəməni maraqlandıracaq bütün suallara doğru cavab verdim! Öldürdüyüm üç nəfərin heç birinə görə peşman deyiləm. Və müstəntiqə təşəkkürümü bildirirəm ki, istintaqı əziyyətə salmadığımın qarşılığında mənim sirrimi saxladı və vəd etdiyim kimi, məhkəmədə son sözümdə bəyan edirəm!
Mən vicdanlı və əxlaqlı bir irland olaraq, həmişə hesab etmişəm ki, həyatda rüşvəti, korrupsiyanı, oğurluğu, qanunların tapdanmasını, qətli, hətta torpağını işğal etməyə, azadlığını almağa cəhd etməyi belə bağışlamaq olar, amma, ancaq, lakin… irland qızına, qadınına toxunmaq olmaz, onu söymək olmaz, onun namusuna toxunmaq olmaz!
Bu üç nəfər, baxmayaraq ki polis işçisi idilər, baxmayaraq ki, irland qızlarının şərəf və ləyaqətini qorumalı idilər, baxmayaraq ki, irland kişilərinin mərdliyindən, döyüşkənliyindən, mübarizliyindən qürur duymalı, fəxr etməli, onlara dəstək olmalıydılar, onlar irland xalqının görkəmli şairi Volosun qızını açıq-aşkar söyməyi özlərinə rəva gördülər! Onlar irland deyildilər! İrland olmağın şərəfini duya da bilməzdilər. Amma onlar irlandların yüzillərlə göz bəbəyi kimi qoruduğu adət-ənənələrə hörmət etməyə borclu idilər. İrlandlar onlara hər cür meydan tanıdıqca, onlar şitəndilər, şmardılar. Unutdular ki, qırmızı xətti keçmək olmaz!
Onlar mənim dostumun qızını, daha doğrusu, olmayan qızını söydülər! Onlar fərqinə varmadılar ki, şeirlərində “qızım”, “oğlum” müraciətində bulunan dostumun nə oğlu var, nə qızı! Onlar hətta mənim var olan qızımı söysəydilər belə, mən onları şikayət edəcəkdim, ta nazirəcən çıxacaqdım, bütün instansiyalarda onların var olan qızlarını rütbəcə onlardan böyük rəislərinə, nazirlərinə söydürəcəkdim və bağışlayacaqdım! Qızıma izah edəcəkdim ki, insan səhvi bağışlamağı bacarmalıdı! İnsan insanın həyatını səhvinə görə məhv etməməlidi, insan insanı işsiz qoymamalıdı! Qızım məni bağışlayacaqdı, anlayacaqdı!
Amma onlar mənim şair dostumun olmayan qızını söydülər! Və mənim şair dostum evində gəzməkdən utanır, özüylə tək qalmağa utanır! Bəlkə də qızı olsaydı, söyülsəydi, o da mənim kimi qızına deyəcəkdi ki, gözəl balam, insan insanın səhvini bağışlamalıdı, bax gör sənin şair atan nə qədər səhv edib, heç nəinki öldürmək, üçcə sutka da verməyiblər! Amma onun o sözləri deyəcəyi qızı yoxdu. Əvəzində şair ruhundan üfürüb bir ruh kimi yazısında, şeirində bəslədiyi, əzizlədiyi bir “qızım” dediyi var! Və mən dostumu tanıdığımdan bilirəm ki, o hər gecə qatil olur xəyalında bizim üçün gözəl misralar düşünüb tapmaq əvəzinə. Bilirsiniz niyə? O əsl irland şairi olaraq o üç nəfəri düşünmədən öldürəcəkdi – amma onların meyitini göstərməyə qızı yoxdu! Bax, bundan küsür! Amma həm də hətta xəyalında belə dünyaya gətirdiyi qızın şərəfini qoruya bilməmək əzabını yaşayır! Neyləsin, durub desin ki, mənim qızım yoxdu, o söyüşlər boş şeydi?
Mən onları öldürməliydim. Çünki mən elə bilirdim ki, xəyalən “qızım” dediyinin ruhu küsüb gedə bilər dostumun evindən. Dostum bunu hiss edər, daha yaza bilməz, “qızım” müraciətindən məhrum olar. Və mən o üç nəfəri həm də ona görə öldürdüm ki, Allah aciz saxlamaq istədiyi dostuma tənə etməsin! Edə bilməsin! Allaha bəyan eləmək istədim ki, mən şair dostumun olmayan qızı üçün qatil olmağa hazıram, onun həqiqətən qızı olsaydı, biz onu başımızın tacı edərdik!
Və indi istəyirəm ki, yayasınız: irland kişisi irland qızının adını dilinə gətirməməlidi! Əgər belə davam edəcəkcə, sabah kraliçamız Yelizavetanın, şahbanularımızın adını dillərinə gətirəcəklər! Şərəfdən, namusdan xəbərsiz yamyam üçün fərq etməyəcək ki, o rəiyyət qızını söyür, ya da kral qızını! Baxın, ruslarda necədi? Ana söyüşü şirinçaydı dillərində. Xalqdılarmı, millətdilərmi, dövlətdilərmi? Kosmosa gəmi uçurmaqdımı, neytron bombası ixtira etməkdimi güclülük, qüdrətlilik, elmlilik? Zalım balası, 12 planetin ikisinə kərkinə-kərkinə gedib çıxıbsan 21 əsr ərzində, teleskopla baxdığın milyonlarla ulduz planet var e! Bir dənə UNO ələ keçirə bilməyibsən, hələ də yemədən-içmədən yaşamağı öyrənməyibsən, yediyindən-içdiyindən də sidik-nəcis əmələ gəlir! Bir dənə yoğun bağırsağın fəaliyyətini tənzimləyə bilmirsən, bütün dünyanı kanalizasiya borusuna çevirməkdəsən!
Siz kim olursunuzsa olun, amma irland qızının toxunulmazlığı qarşısında heç kimsiniz!
Bu xalqın jurnalisti belə düşünürsə, unutmayın ki, bu xalqın döyüşçüləri, generalları və qəhrəmanları var!
*
Ölüm kamerasında hərdən ona tənə ilə deyirdilər: 21-ci əsrdə də söyüş üstə adam öldürərlər? Sakitcə cavab verirdi: 21-ci əsrdə də adamın qızını söyərlər!
Və… yamyamların əlində qalan irlandlar cavab olaraq, kraliçanı və şahbanuları söyürdülər!
*
Qəribə rahatlıq vardı içində. O bu həyatı adına sivil deyilib əslində zibil olan dünyada şərəfli irland ömrünü yaşamağından zövq alırdı və hökmün icrasını gözləyirdi!
Nəzarətçi qapını açıb başladı hökmü oxumağa:
– İrland xalqının şərəf və ləyaqəti uğrunda mübarizədə göstərdiyi rəşadətə görə möhtərəm və möhtəşəm Yucin krallığın ən yüksək ordeninə layiq görülsün! Ölüm hökmü çıxarılmamış sayılsın!
*
Həbsxanadan çıxanda onu yaxınlıqdakı bağçanın fidanları qarşıladı…