“Qızım həddi-buluğa çatdıqdan sonra verəcəm həmin oğlana” -Lerikdə qızı zorlanan ata danışdı

Lerik rayonunda məktəblinin zorlanması ilə bağlı qızın atası Rasim Təhməzov Azxəbər-ə danışıb.
Rasim Təhməzov bildirib ki, qızının zorlanması xəbəri yalandır:
“Elnur Məmmədovun qızımı zorlaması və onun hamilə olması haqda iddialar yalandır. Mənim övladım evdədir, heç yerə aparmamışam.
Qızım VIII sinfi bitirib. Kim yazıb, nə qələt edib, bilmirəm. Mənim internet, sosial şəbəkə ilə əlaqəm yoxdur. Bu sözlər yalandır. Bizim onlarla qohumluq əlaqəmiz var, o ailəyə qız verib, qız almışıq.
Bizim aramızı vurmaq istəyirlər. Mənim qızımın adını niyə hallandırırlar, mən xəstə adamam. Səhərdən özümə gələ bilmirəm.
Qızımın 14 yaşı var. Elnur qızımı qaçırmaq istəyib, ancaq verməmişəm. Demişəm, qoy qızımın yaşı tamam olsun, sonra verəcəm. Mən də övlad toyu görmək istəyirəm”.
Qızın atası bildirib ki, hazırda qızı ilə Bakıdadır:
“Mən şəkər xəstəsiyəm. Altı aydan bir xəstəliyimə görə müalicə alıram və bu səbəbdən Bakıya gəlirəm. Qızımla Bakıya gələ bilmərəm? Qızım həddi-buluğa çatdıqdan sonra verəcəm həmin oğlana.
Bizdə “beşikkəsdi” deyilən adət var ki, mən də qızım anadan olanda bu adəti etmişəm. Bizdə qız oğlanı sevsin, oğlan qızı sevsin, belə adət yoxdur. Valideyn kimə istəsə, qızını verir və övlad da valideynin bu qərarı ilə razılaşır. Mən nə desəm, qızım da onu edəcək.
Elnurun 24 yaşı var, əsgərlikdən yeni qayıdıb. Ağlı başında olan, tərbiyəli oğlandır”.
11:38
Lerik rayonunda məktəbli qızın zorlanması ilə bağlı Lerik Rayon İcra Hakimiyyətindən heç bir məlumat yoxdur.
Bunu RİH-nin başçısının müavini Habil Məlikov deyib.
Onun sözlərinə görə, hadisənin araşdırması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib:
“Onlar tərəfindən faktın yalan, ya da doğru olması araşdırılır. Biz məlumat vermişik ki, məsələ araşdırılsın. Bu hadisə baş veribsə, bu barədə cinayət işi açılmalıdır. Heç bir şəxsə güzəşt edilməməlidir”.
Habil Məlikov qeyd edib ki, araşdırmanın nəticəsindən sonra icra hakimiyyəti tərəfində müvafiq işlər görüləcək.
11:04
Lerik rayonunda məktəbli qızın zorlanması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Lerik rayonunda VII sinif şagirdi zorlanaraq şantaj edilib.
Onun dörd aylıq hamilə olduğu deyilir.
Qızın ailəsi məsələni yalnız uşaq hamilə olduqdan sonra öyrənib. Ailə utandığından Leriki tərk edib.
İddialara görə, kənd camaatı 13 yaşlı qıza təcavüz edən şəxsin evinə hücum edib. Kütləvi dava düşüb. Faktla bağlı Lerik Rayon Prokurorluğunda cinayət işi açıldığı bildirilib.
Lerik Rayon Prokurorluğundan Oxu.Az-a bildirilib ki, məsələ barədə cinayət işi açılmayıb:
“Zorlanma faktı ilə bağlı prokurorluğa heç bir müraciət daxil olmayıb. Hətta polisə də məlumat verilməyib”.

Share: