Kredit borcuna görə bankın geri aldığı avtomobil oğurlandı

Krediti ödənilmədiyinə görə bank işçiləri tərəfindən dayanacağa yerləşdirilən avtomobil oğurlanıb.

Bu barədə Müstəqil.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən banklardan birinin əməkdaşı mayın 21-də İmişli rayon sakini Nizam Abbasova məxsus “Mercedes” markalı avtomobilə görə kreditin ödənilməsində problem olduğu üçün bu nəqliyyat vasitəsinin bankın işçiləri tərəfindən dayanacağa yerləşdirildiyini, mayın 24-də isə həmin avtomaşının oradan qaçırıldığını bildirib.

Məlumatla əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Həmin “Mercedes” iyunun 19-da İmişli rayonu ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən sürücünün əvvəllər məhkum olunmuş elə N.Abbasov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Share: