Digər rayonlara narkotik vasitələr ən çox Cəlilabad və Şirvandan yayılır

Bu gün Narkomanlığa və Narkotik Vasititələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbir keçirildi.

Publika.az xəbər verir ki, “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda keçirilən tədbirdə Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasititələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov tədbirdə çıxış edərək, narkomaniya ilə bağlı ölkədə kifayət qədər milli qanunvericilik və hüquqi bazanın yaradıldığını dedi:

“Parlament bu istiqamətdə 29 zəruri qanun qəbul edib. Bununla yanaşı, Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub. 1961-71-88 ci illərdə ölkəmiz əvvəl narkotik maddələrin, daha sonra psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə konvensiyalarına qoşulub. Bu gün Azərbaycanın sürətli inkişafı narkotik maddələrin dövrihyəsi ilə məşğul olan mafiyaların diqqətini ölkəyə yönəldir. Lakin, milli qanunvericilik və beynəlxalq konvensiyalar çərçivəsində görülən iş bu cür qanunsuz dövriyyələrin qarşısını alır”.

Ə.Həsənov onu da əlavə etdi ki, son illər Dövlət Gömrük Komitəsi, DİN, DTX, DSX və digər müvafiq qurumlar tərəfindən bu istiqamətdə təhlükəsizlik tədbirləri artırılıb:

“Görülən tədbirlər nəticəsində bu ilin 5 ayı ərzində qanunsuz dövriyyədən 1 ton 400 kq- a yaxın narkotik maddə götürülüb. Onlardan 700 kq Gömrük Komitəsi, 560 kq isə DİN tərəfindən saxlanılıb. Azərbaycan bu istiqamətdə tranzit ölkədir. Regiona daxil olan narkotik vasitələrin 90%-i Əfqanıstan marşurutları üzrə gətirilir. Regionda İrandan, xüsusilə cənub bölgəsinin 5 rayonuna – Astara, Lənkəran, Cəlilabad, Biləsuvar, Masallı narkotik maddələr daxil olur. Regionlar daxilində isə Cəlilabad və Şirvandan narotik maddələr yayılır”.

Müstəqil.Az

Share: