Robert Koçaryan: “Məni həbs edin, Azərbaycana belə hədiyyə verin”

Ermənistanın ikinci prezidenti Robert Koçaryan ölkənin yeni hökumətini siyasi təqiblərdə ittiham edib. O, bu fikirlərini Xüsusi İstintaq Xidmətində dindirildikdən sonra səsləndirib. Dindirilmə zamanı ona qarşı 2008-ci il martın 1-də baş verən hadisələrlə bağlı ittiham irəli sürülüb.
Müstəqil.az Oxu.Az-a istinadən xəbər verir ki, “Erkir media” telekanalına müsahibəsi zamanı Koçaryan bildirib:
“Bu, açıq-aşkar siyasi təqibdir. Onlar artıq günahkarları təyin ediblər və bu təyinatlara qarşı ittiham irəli sürmək üçün formul hazırlayırlar.
Təkrar edirəm, mən bunun mümkünlüyünü təsəvvür etmirdim, ancaq ölkə üçün təhlükə çox böyükdür. Nəzərə alın ki, ordu rəhbərliyi bütünlüklə ittiham olunur. Ordu ittiham olunur!
İndi onlar mənim həbsimə çalışırlar. Onlar qələbə qazanan Dağlıq Qarabağın (qondarma – red.) ilk prezidentini həbs etmək istəyirlər. Onlar iqtisadi tərəqqiyə nail olan Ermənistanın ilk prezidentini həbs etmək istəyirlər. Təsəvvür edirəm ki, Azərbaycan buna necə sevinir. Onlara belə hədiyyə verin”.
Robert Koçaryan əlavə edib ki, o, ölkədən getmək niyyətində deyil:
“Mən həbsxanaya düşə bilərəm. Gedərəm, həbs həyatı yaşayaram, ancaq axıradək mübarizə aparacam. Heç yerə qaçan deyiləm”.
Xüsusi İstintaq Xidməti Ermənistanın keçmiş prezidenti Robert Koçaryanı digər şəxslərlə qabaqcadan əlbir olaraq konstitusiya quruluşunun devrilməsində ittiham edib.

Share: