Unudulan tarix – Minəxanım Təkləlinin təqdimatında

Öz geniş köksündə qədim türk kitabələrini- yazılı yazısız şahid abidələri, torpaqlar altında yatan əcdadlarımızın türk əzəmətini dağa çevirən kurqanlar daşlarda türk imzası – tamğalar… İndi yad hüdudlara sığınmış və ya əslindən kökündən şübhəli, amansız bir soyuqluqla ayrılıb qopan, dəyişən-dəyişdirilən türk soylarının ana yurdu yadigarları nə qədər, hüznlü dayanıb dursalar da göz dağı olmaq qədər canlı faktlardı.

              Xan mülkü Tarxan – İndi   Lermontov şəhəri

 Penza torpağı tatarların, çuvaş və mordvalıların ilk vətənidir. Vaxtilə Volqa və Don çayları arası vadidə  Tarxan kəndi Penza quberniyasının Çembar (Çəmbər) dairəsinə məxsus idi.

Pyotrun vaxtında bu mülk çar sarayında şərəfli süfrəçi (stolnik, masabəyi) ünvanlı Mixail Arqamakova mənsub idi (İndi vilayət ərazisində ayrıca Arqamakov adlı yaşayış məntəqəsi qalmaqdadır). Kənd sonra çar Pyotrun  ana babası Narışkinlərə keçir. Məhz onların dövründə tatar məskəni Tarxana rus kəndliləri köçürülməyə başlamışdı. Rusiyanın adlı-sanlı nəsillərindən olan Stolipinlərin mülkü olduqdan sonra Tarxan rus şairi Mixail Lermontovun ana nənəsinə (qızlıq familiyası Stolıpina) cehiz olaraq verilir. Və beləliklə mülk Arsenevlərə keçir. Qədim Moskva zadəganlarından olan Arsenevlərin özünün də türk (bulqar) əsilli ruslardan olduğunu nəzərə almaq lazımdır(TƏR). (Arsenevlər soyu 1389-cu ildə xristianlığı qəbul edən qızıl Orda əyanı Arslan Murzadan başlayır) Tarxan adı burada anadan olmuş və nənəsinin kəndində uşaqlıq illərini keçirən Mixail Lermontovun (1814-1841) şərəfinə 1944-cü ildə dəyişdirərək Lermontovo adıyla əvəz edilmişdir.  Sovet addəyişmə kampaniyasına uyğun belə dəyişdirilmələr gülünc təsirir buraxır: demək böyük Rus şairi Lermontov Lermontovoda doğulmuş…

Tarixi və bədii əsərlərdə kəndin əsil Türk adı istifadə edilir: Tarxan kəndi Çəmbərdən şərqdə poçt yolundan 14 verst aralıda  yerləşir (4, s.58). Tarixi Türk yurdu Tarxan ətrafında Arşinovka, Axmatovka, Bayka, Beketovka, Kazarka, Karamalı, Kurqanovka, Otorma, Raxmanovka, Saltıkovka, Yaksarka, Tatar və s. yaşayış məntəqə adları qədim uzaq keçmişlə – Bulqar mədəniyyəti ilə, Xəzər dövrü ilə səsləşir.

Lermantov qabaqcıl rus şairlərindən biri idi. Coşqun ruhlu şeirlərinin bir çoxu Qafqaza, onun gözəlliklərinə və yerli xalqların azadlıq müharibəsi aparan mücahidlərinə həsr edilmişdir. Dostu Rayevskiyə məktubunda Türk dilini öyrənməyə başladığını, bu dili bilməklə nəinki Qafqazda, habelə Asiyada keçinmək mümkün olduğunu deyərək türk dilinin mövqeyini düzgün qiymətləndirmişdi.

Penza torpağında bu qədim ad böyük keçmişə malikdir; Tarxan, Tarkan hunlardan başlamaqla, xəzər, bulqar və b. türk və monqol xalqlarında təltif, rütbə, yüksək titul bildirirdi (1, s.41). Qədim Rusda Qızıl Orda hakimiyyəti dövründə tarxan torpaqları, mülkiyyəti var idi. Bu mülklər feodalın özü kimi (tarxan) toxunulmaz sayılır və dövlət vergilərindən azad idi.

Radlova əsaslanaraq etimoloq Fasmer də tarxan sözünün qədim türkcə tarkan “rütbə” (şərəf, ləyaqət) demək olduğunu göstərir (2, 25; 3,45). Belə ki, Tarxan~tarkan qədim hunlar, xəzərlər, bulqarlar və s.də yüksək rütbə sayılırdı. geniş yayılmış Tarxan yer adları vaxtilə həmin torpaqların Tarxan torpaqları olduğunu göstərməkdədir. Tarxan “vergi və mükəlləfiyyətlərdən azad təbəqə; yüksək dövlət məmuru” mənasında da bir çox dillərə, o cümlədən fars, erməni, gürcü və bir çox slav dillərinə keçmişdir. Rus soyadları (həmçinin erməni, gürcü) içərisində “tarxan”la əlaqədar soyadlarının (Tarxanaşvili, Tarxanov,  Tarxantsev, Tarxanyuk, Tarxanovski, Tarxanyan və s.) varlığı da vaxtile  tarxanların ruslarda xüsusi təbəqə olduğunu bildirməkdədir. Rus dilindəki “Tarxanı aldadan (yenən) hələ anadan doğulmamış…” atalar sözü tarxanların cəmiyyətdəki güclü mövqeyinə işarədir.

Tarixən şərəf ünvanı olan bu termin arxaikləşsə də ağızlarda “azad, sərbəst adam” mənasında yaşamaqdadır. Müasir rus dilindəki (Maks Fasmer lüğətində qeyd olunduğu üzrə) tarxan “tədarükçü, xammal alıcısı, qolçomaq”, habelə Tarxan və Tarxanov şəxs adları və soyadları və geniş türk dünyası xəritələrində yer adı olaraq (çoxlu sayda Tarxan adlı yaşayış məntəqələri və həmçinin Astarxan, Alma Tarxan, Tarxanqut, Tarxan Sunak, Tup Tarxan və s.) toponimləri Qızıl Orda dövründə seçmə təbəqə sayılan tarxanların adı ilə əlaqədardır. Misirdə Türklər hakimiyyəti dövrü ilə səsləşən qədim nekropol adı olanTarxan, Bakının coğrafiyasında Tarxan adı (Pirallahı yarımadasında ərazi adı) Tariximisdə tarixi sima adı olaraq  Qaraqoyunlu Rüstəm Tərxan – Uzun Həsənin müasiri, sərkərdə və canlı nitqdə azad, sərbəst, tam ixtiyara malik adam anlamında “tərxan böyümək; tərxanı gəzmək” və s.  həmin mənadadır:

 

       ƏDƏBIYYAT

  1. Баскаков Н.А. Тюркская лексика в “Слове о полку Игореве”, Moskva, Nauka yayını, 1985
  2. Фасмер М. Этимологический словарь русского языка, М., Прогресс, 1987, т.4
  3. Abdulkadir Donuk. Eski Türk devletlerinde idari-askeri ünvan ve terimler, TDAV yayinlari, İstanbul, 1988
  4. Lermontov v vospominaniyax sovremennikov, Moskva, Xudojestvennaya Literatura, 1989

 

 

Kaynak: Minehanım Tekleli. Türk kitabı. Unutulan Tarih. Degiştirilen Adlar, Bakı, Nurlar  yayınları, 2009, s.271-272

 

1-ci şəkildə Tarxanda kilsə.2 -ci şəkildə Tarxanda  şair gənclik heykəli. 3-cü şəkildə Lermontovun Tarxan`da şairin malikanəsi. 4-cü şəkildə Tarhanda şairin evinde bağça

 

 

 

 

 

 

 

 

 

Share: