Şahzadələrin həbsi: Vəliəhdin təhlükəli oyunu

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman korrupsiya ilə mübarizə kampaniyasına başlayıb. Lakin nazirlərin və şahzadələrin həbsi bir sıra ərəb müşahidəçiləri üçün cəsarətli görünsə də, hakimiyyətin konsolidasiyası baxımından risklidir.

 

Müstəqil.Az xəbər verir ki, bu iddia ilə amerikalı analitik Devid İqnatius “Vaşinqton Post” qəzetində dərc olunan məqaləsində çıxış edib. İqnatius Səudiyyə Ərəbistanı biznesmenlərindən biri ilə müzakirə zamanı bin Salmanın yeni ölkə yaratdığını, lakin bunun üçün riskli addımlar atdığını, eyni zamanda bütün şahzadə və dini konservatorlara meydan oxuduğunu bildirib. Biznesmen həmçinin həbs edilənlər arasında keçmiş kralın oğlu və Milli Qvardiyanın rəhbəri şahzadə Miteb bin Abdullanın da olduğunu bildirib. Məhz bu strukturun kral ailəsində müəyyən qədər balans yaratdığını və artıq bu balansın dağıldığı vurğulanıb.

 

İqnatiusun fikrincə, vəliəhd şahzadə bilərəkdən Səudiyyə Ərəbistanında ənənəvi idarəetmə sistemini məhv edir. Belə ki, gənc şahzadə kral ailəsində konsensusa getmək əvəzinə icraedici hakimiyyəti ələ keçirir və öz gündəməni formalaşdırır. Bin Salmanın hədəfi gənc səudiyyəlilər arasında populyar olub, yeni krallığı yaratmaq istəyənləri öz ətrafında səfərbər etməkdir. O, həmçinin, ümid edir ki, dini elita da onun dəyişikliklərini dəstəkləyəcək.

 

Müəllifin sözlərinə görə, reform ritorikası və təmizlik Çin kimi avtoritar rejimlərin yanaşmasını xatırladır:

“Si Szinpin korrupsiyada analoji sistemdən yararlandı. Bununla da partiya və hərbi sahədəki liderləri dəyişdirməyi bacardı”.

İqnatius həmçinin Məhəmməd bin Salmanın ABŞ Preazidenti Donald Tramp və onun yaxın ətrafının ciddi dəstəyindən istifadə etdiyini bildirib.

“Böyük ehtimalla Trampın baş müşaviri Cared Kuşnerin keçən ay şəxsən Ər-Riyada səfəri təsadüfi xarakter daşımırdı. Deyilənə görə, iki şahzadzə gecə 4-ə qədər yatmayaraq, strateji planlaşdırma ilə bağlı fikir mübadiləsi aparıblar”.

İlkin Həsənli

Share: