Bayrağıma bürünüb Naxçıvanın göyləri,
Bura daşın daş üstə daşa hopan yeridir.
Bura canım Bayrağın rüzgar qanadlarıyla
Qanad çırpan yeridir!
Durmuşam Əlincədə,
Üzüm Turana sarı.
Təbrizimə, Dərbəndə,
Şuşama, Qarabağa,
Zəngəzura, Göyçəyə…
Üzüm Cahana sarı!
Gözlərimi qapayıb, dinləyirəm səsini,
Ər meydanı sulayan igidlər nərəsini.
Çaxnaşanda qılınclar göydə şimşəklər kimi,
Kim dura bilmiş axı oğulların önündə?!
Şaxə qalxan atların kişnərtisin duyuram.
Mənim şanlı tarixim qələmlə yazılmayıb,
Bu torpağın köksünə dəmirlə döyülübdür.
Səma qoxan,
Bulud qoxan,
Göy qoxan qız ismətli bayrağım,
Vətən oğullarının çiynində böyüyübdür.
Kölgə salır üstümə dəli köhlən bayrağım,
Nazlanır kölgəsində cənnət qoxan torpağım.
Naxçıvan, mənim ən dəli nidam,
Yazılmamış qafiyəm,
Deyilməmiş sözümsən!
Kürümsən,
Arazımsan
Mənim sərbəst şeirimsən.
Zirvə qartalı kimi qanad çalır köksündə
Mənim şanlı bayrağım,
Nazlanır kölgəsində cənnət qoxan torpağım!
Öpürəm torpağımdan,
Öpürəm bayrağımdan! (GÜLSADƏ İBRAHİMLİ)
Bayraq – bir ölkəni, təşkilatı, quruluşu və birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol özəl məna daşıyır. Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun milli bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Hər bir millətin bayrağı onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi ideologiyasının ifadəsidir. Bayraq elə bir rəmzdir ki, millət onda keçmişini və bu gününü görür, gələcəkdə atacaq addımlarını müəyyənləşdirir. Əgər kimsə yaşadığı bir ölkədə milli ideyanın nədən ibarət olduğunu bilmirsə, deməli onun şüurunda MİLLİ BAYRAQ anlayışı yoxdur. Çünki, bayraq yeganə anlayışdır ki, vətəndaş onda özünü və kimliyini dərk edir. Bayrağını tanımayan, sevməyən bir kəsdə torpaq, vətən sevgisi ola bilməz. Prezidentimizin sözləri ilə desək;
“Bizim bayrağımız qürur mənbəyimizdir, canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət Bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra, milli Dövlət Bayrağımız Dağlıq Qarabağda, Şuşada, Xankəndində dalğalanacaqdır. Eşq olsun Azərbaycan Bayrağına!“
Bayrağımız ilk dəfə ümummmilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında dalğalanıb. Naxçıvan səmalarından göyləri fəth etməyə başlayan bayrağım elimə, obama azadlığı müjdələyib illər öncə!
Prezident İlham Əliyevin sərancamı ilə 2009 – cu ilin noyabr ayında “Dövlət Bayrağı Gününü”n elan edilməsi ilə bağlı əmək məcəlləsinin 105 –ci maddəsinə edilmiş əlavəyə əsasən 9 noyabr Azərbaycanda “BAYRAQ GÜNÜ” elan olunur və bu bayram ölkədə qeyri iş günü olan bayramlar siyahısına salınır. 2010 – cu il sentyabr ayının 1-də prezidentimiz İlham Əliyev tərəfindən “Dövlət Bayrağı Meydanı”nın təntənəli açılışı olur. 162 m yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 2450 kv.m, kütləsi 350 kq-dır. Ginnes Dünya Rekordları Təşkilatı 2010 –cu il mayın 29 – da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiqləyir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri, müasir Naxçıvanın memarı Vasif Talıbovun qayğı və göstərişi ilə qədim diyarımızda da, möhtəşəm BAYRAQ MEYDANI yaradılıb. Yalnız Naxçıvan şəhərində deyil, Muxtar Respublikanın tabeliyində olan bütün rayonlarda yaradılan Bayraq Meydanlarında üçrəngli bayrağımız bütün əzəmətiylə mavi səmamızı bəzəyir.
Ali Məclisin Sədri Vasif Talıbov demişdir: ”Naxçıvan bu gün dünyaya açılır. Tarixi, zəngin mədəniyyəti, müasir inkişafı və ekoloji təmiz məhsulları hesabına hər il ölkəmizə minlərlə turist gəlir”. Bu gün inkişaf etdirilmiş Naxçıvan alınmaz qalaya çevrilib. Vasif Talıbovun yorulmaz, düzgün, düşünülmüş, həmçinin nizam-intizama və humanizmə söykənmiş fəaliyyətinin nəticəsidir ki, Naxçıvan ölkənin hüdudlarından kənarda da tanınır, başqa ölkələrdə özünə rəğbət və maraq oyandırır. Gündən-günə yeniləşən diyarımızda qədimliyin və müasirliyin mükəmməl harmoniyasını duymamaq və valeh olmamaq əldə deyil. Blokada şəraitində reallaşdırılan bu abadlıq və yüksəliş mən deyərdim ki, dünyanın heç yerində yoxdur. Naxçıvan səmalarında öz əzəmətiylə dalğalanan bayrağım bu əzəmətin, inkişafın və fəth olunmazlığın simgəsidir. (rəmzi)
Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin.
Dərbəndin dərd hıçqıran sükutuna bələndin.
O tayımda Savalan,
Bu tayımda Şah dağı,
Azərbaycan Bayrağı!
Bayrağımız bizim qürururumuzdur. Ən yüksəklərdə dalğalanmağa layiqdir. Tarix boyu vətən övladlarının ölməzliklərinin simvoluna çevrilən, ər meydanlarında boy göstərən bu bayraq düşmənə gözdağı, dosta ümiddir.
Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən.
Sən mənim and yerimsən, mənim iman yerimsən.
Dalğalı ləngərlərin yelpiklənən yarpağı-
Azərbaycan Bayrağı!
Hər zaman ucalarda olan, ucalıqda olan bayrağım, könlümün səcdə etdiyi, qürurumun dizə gəldiyi səcdəgahımsan! Zamana meydan oxuyan, dünyanı heyrətə salan türklüyüm, sınmayan inamım, şəhid-şəhid qazanılan azadlığımsan! Sən Naxçıvandan başlayıb, Təbrizə, Dərbəndə aşılmaz dağlara, keçilməz səhralara uzanan üfüqümsən! Üç rəngə bələnən şəfəqimsən, nazlı Bayraq! Sənin kölgəndə bu elin, bu vətənin torpağına diz vurub tanrıya pıçıldayıram duamı: “GÜN OLSUN KÖLGƏN QARABAĞIMIN, ŞUŞAMIN, LAÇINIMIN ÜSTÜNƏ DÜŞSÜN. ZƏFƏR ÇALMIŞ AZƏRBAYCAN ƏSGƏRİNİN ƏLİNDƏ DALĞALANASAN COŞĞUN DƏNİZİM KİMİ! UCALIĞIN ƏKSİLMƏSİN ULU BAYRAQ!”
Sənsən azadlıq eşqim, sənsən hürr – deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm.
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan Bayrağı,
Azərbaycan Bayrağı!
Gülsadə İBRAHİMLİ
Azərbaycan Yazıçılar Birliyinin (AYB),