Venesuelada sentyabrdan başlayaraq, yeni minimal maaş 60 dəfə artırılacaq.
Müstəqil.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Venesuela prezidenti Nikolas Maduro bildirib.
“Sentyabrın 1-dən başlayaraq, yeni minimal maaş ödənişləri həyata keçiriləcək, həmçinin 600 bolivar əlavə bonus ödəniləcək”, – Maduro sosial şəbəkələrdə translyasiya edilən çıxışında deyib.
Xatırladaq ki, dövlət başçısı avqustun 17-də bildirib ki, avqustun 20-də “Petro” kriptovalyutası dövriyyəyə buraxıldıqdan sonra onun bir vahidi 60 dollar və ya denominasiya edilmiş 3,600 bolivara bərabər olacaq. Hazırda ölkədə minimal əmək haqqı bu kriptovalyutanın yarısı – 1800 bolivar miqdarındadır.
Bununla yanaşı, ölkədə ƏDV 12 faizdən 16 faizədək artacaq.
Avqustun 20-dən Venesuelada yeni pul dövriyyəyə buraxılır və köhnə bolivardan dərhal beş sıfır silinəcək. Maduro qeyd edib ki, ölkədə iki valyuta – bolivar və “Petro” parallel istifadə olunacaq. Maduro iddia edir ki, bu tədbirlər hiperinflyasiyadan əziyyət çəkən dövlətin pul-kredit və maliyyə həyatını kəskin sabitləşdirməyə imkan verəcək.
Karakas “Petro”-nu fevralın 20-dən etibarən reallaşdırmağa başlayıb. Ümumiyyətlə 100 milyon kriptovalyuta buraxmaq nəzərdə tutulub.
“Petro”nun dəyəri 2018-ci ilin əvvəlində bir barel Venesuela neftinin dəyərində müəyyənləşdirilib.
Qeyd edək ki, Venesuela 2014-cü ildən neftin qiymətinin düşməsindən sonra iqtisadi böhran yaşayır. Ölkədə böhran fonunda kütləvi iğtişaşlar və mağazalarda məhsul qıtlığı hökm sürür.