Köçəryanı həbsdən azad edən hakim dissertasiya oğrusu çıxdı

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan haqqında həbs-qətimkan tədbirini dəyişdirən, Apellyasiya məhkəməsinin hakimi Aleksandr Azaryana qarşı Nikol Paşinyanı müdafiə edən medianın qəzəbi səngimir.

Jurnalistlər artıq həmin hakimin tərcümeyi-halını ələk-vələk edib, keçmiş günahlarını yadına salırlar.

Ermənistanın 1-ci informasiya saytının verdiyi məlumata görə, hakim Aleksandr Azaryan vaxtilə müdafiə etdiyi namizədlik dissertasiyasının bir hissəsini başqasından oğurlayıbmış.

Yazıda Azaryanın Apellyaisya məhkəməsinin sədri Vazgen Rştuninin elmi monoqrafiyasından istinadsız bütöv bir fəsil götürdüyü bildirilir.

Xəbərdə deyilir ki, hazırda Apellyasiya məhkəməsinin hakimi sayılan Aleksandr Azaryan 2006-cı ildə “Hüquqi tənzimləmə, onların strukturu, məqsədi və inkişaf perspektivəri” mövzusunda namizədlik disstertasiyasını müdafiə edibmiş. Vazgen Rştuninin 2005-ci ildə müdafiə etdiyi dissertasiya mövzusu isə “Ermənistan Respublikasında hüquq sisteminin anlayışı, onun strukturu və inkişaf tendensiyası” adlanıb. Hər iki hakimin elmi rəhbəri hüquq elmləri doktoru Qarnik Səfəryan olub.

Sayt məsələ ilə bağlı Ali Attestasiya Komissiyasına müraciət edib. Burada Azaryanın və Rştuninin dissertasiyaları tutuşdurulub və 17 səhifəlik bölümün heç bir dəyişiklik aparılmadan tam üst-üstə düşdüyü müəyyən edilib. Bundan başqa, Azaryanın əsərində bununla bağlı heç bir sitat və ya istinada yol verilməyib.

Qeyd olunur ki, Robert Köçəryanı 2008-ci ilin 1 mart hadisələrinə görə, həmin vaxt onun toxunulmazlıq statusunda olması səbəbilə azad edən Aleksandr Azaryan 2001-2006-cı illərdə keçmiş prezidentin aparatında çalışıbmış.

Daha sonra o, Ermənistan prezidenti yanında nəzarət xidmətində baş mütəxəssis işləyib.

Aleksandr Azaryan Köçəryanla bağlı qərar verərkən heç bir siyasi motivinin və ya keçmiş hakimiyyətlə bağlılığının olmadığını söyləyib.

“Əlbəttə, əgər hüquq elmləri namizədi başqasının dissertasiyasını oğurlayırsa onun Köçəryanla verdyi qərarında hansı qeyri-obyetivlik ola bilər ki…”, – yazı müəllifi Kristina Ağalaryan istehza ilə qeyd edir.

Xatılradaq ki, Ermənistan Xüsusi İstintaq Komitəsi Apellyasiya məhkəmsinin qərarını qeyri-qanuni hesab edən bəyanat yayıb. Azaryan isə öz növbəsində orqanın bəyanatını savadsız adlandırıb.

“Görəsən, başqasının əməyini oğurlayan bu adam hansı savaddan danışır”, – məqalədə sual edilir. (musavat.com)

Share: