Son zamanlar sanki ədəbiyyatda durgunluq yaranıb. Bir neçə il bundan əvvəlin kitab, roman bumu elə bil, təmiz yoxa çıxıb. Bu tendensiya gözlənilən idimi, yoxsa, müvəqqəti durğunluqdu?
Hazırda Türkiyədə yaşayan tanınmış şair Aqşin Yeniseyin bu suala cavabı maraqlı olub.
Müstəqil.Az bildirir ki, Aqşin Yenisey Moderator.az-a açıqlamasında çağdaş ədəbi durum barəsində o qədər də nikbin fikirdə olmadığını bildirib:
“Volterin fransız monarxiyası dövründə dediyi bir söz var, təxminən, belədir ki, Avropaya qəhqəhə çəkən aslanlar gəlməlidir. Cəmiyyətimizin ruhu köhnəlib, ruh yenilənməlidir və bu işin zamana ehtiyacı var. Sənət ruhunu süni müdaxilələrlə yeniləmək boşboğazlığa gətirib çıxır. İndiki halda yeni tərcümələr oxucu bazarındakı yazı ehtiyacını ödəyir deyə, yerli müəlliflərin qocafəndi yazılarına tələbat yoxdur. Artıq Azərbaycanda sovet illərində olduğu kimi 60-70 ilin dünya ədəbiyyatı çap olunmur. Mənim indi tərcümədə oxuduğum kitab dünya bazarına 10 il əvvəl çıxıb və bu gün Azərbaycan dilində satışdadır. İndi yerli müəllif olaraq kitab oxutdura bilmək daha çətindir. İkincisi, sosial şəbəkələrin yazıçı-şair adına nə iləsə dolması oxucuda yerli müəlliflərə qarşı ikrah yaradıb. İki-üç imzanı çıxmaqla, oxucu müasir Azərbaycan ədəbiyyatından heç nə gözləmir. Təəssüf ki, yazarlarımız şou standartlarına çox tez məğlub oldulər. Gündəm quşlarına çevrildilər. O gün Günter Qrassın ölümünə yaxın verdiyi bir müsahibəsinə baxıram. Deyir, mən hələ də əllə yazıram, sosial şəbəkədə yoxam, mobil telefon gəzdirmirəm. Özümü bu dövrdə Dinozavr kimi hiss edirəm. Əsl yazıçılar həmişə öz dövrlərinin dinozavrları olublar. Heç vaxt dövrün tələbləri və şərtləri ilə razılaşmayıblar. Bu, onları cəmiyyətin gözündə mifləşdirib. Belə bir söz var ki, hər zamanın miflərə ehtiyacı var. Bizim mif olası yazıçı canlı yayımda qol-qabırğasını doğrayır. Bir Mehdi Bəyazid vardı, heç nə yazmadı, heç vaxt üzdə olmadı və öləndə də tək öldü, heç kimin xəbəri olmadı. Bu gün o ədəbiyyatımızda mifik bir yazıçı kimi qalmasa da, mifik bir obraz kimi öz yazıçısının yolunu gözləyir. Demək istədiyim odur ki, oxucular bizi haqlı olaraq oxumurlar, çünki nə həyatımız, nə yaradıcılığımızla onlardan fərqli biri deyilik”.
Müstəqil.Az