Faiq BALABƏYLİ
Sevdiklərim
Üzümə ağ oldunuz,
dost bildiklərim,
üzünüz ağ olsun,
qara rəngi heç sevmədim…
Günümü zəhər edən
Xəstəliyimin adı şəkər –
şirinliyimdən bəhs etdiz elə
çəkdiyim acıdan xəbər tutmadız…
Barmaqlarımın ucu boyda olan sevincimi
paylaşdım sizinlə, sevdiklərim,
çəkdiniz başınıza pivə parçı kimi –
yanğınınz soyudu.
Ayaq barmaqlarımdan başlayan ağrılarım
ürəyimdə qalaqlanan acılar idi,
siz onu görə bilmədiz –
dost başa baxar,
siz düşmən deyilsiz…
Xəbər göndərin ona
Xəbər göndərin ona
deyin, ölməmişəm mən
Həyatından getmişəm
yuxuna gəlməmişəm mən?
Deyin, neçə il qabaq
səni atıb gedəndi.
Ürəyi səndə qalıb
gəzdirdiyi bədəndir.
Dağım olmuş sinədə
dağlanır arzusu da.
Göz yaşından boy atıb
cücərir ruzusu da.
Deyin ki, əvvəlkidir,
dəyişməyib, həməndir.
Səni ürəkdən sevib;
həm o zaman, həm indi..
heç nə boşalda bilməz
ürəyinin yükünü,
sənin adına tutub
qəm adında mülkünü.
Qayıt gəl
İndən belə göz yaşına rəhm elə
indən belə gəlirsənsə, qayıt gəl.
Üz gözünü turşutmağa əsas yox
yatmışları silkələ gəl, oyat gəl.
Dərdim mülkdür ürəyimdə, – daşınmaz,
daş yumşalar, daş nazilər, daş anmaz
Aparıbsan sevincimi, daşınmaz
sənsiz mənə, məndən sənə, boyat gəl
Söz danışmaq, düz danışmaq səninki
sevincini parçalamaz qəmin ki…
Hər şey elə həmənkidi, həmən ki
Ürəyini gəl buz elə, soyut gəl.
Çağır məni
Tanrım özün bilirsən ki
ətraf necə sıxır məni
səs ver, uzat əllərini
öz yanına çağır məni.
Zərrə-zərrə kiçilirəm
Qurtum-qurtum içilirəm
Görürsən ki keçilirəm
Yetən bilir cığır məni..
Hanı o gün; nadinc, dəcəl
Belə üzül, belə incəl
yaxın qoymur zalım əcəl
yetim məni, fağır məni…
İlahi, rəhm eləmə
Üzümü söykəməyə gövdəndə yer gəzirəm
budaqların qol kimi sarmaşmır daha mənə,
qaranlıq dərə bilib ovcumda əl gəzirəm
qoşa əlin ovucu, qaranlıq kaha mənə…
İlahi, daha rəhmin gəlməsin mən zalıma
çöhrəmdə sevinc nədir,
kədər də donmaz daha
bu mənasız həyatda çiynimi söykədiyim
bu ağac budağına
quşlar da qonmaz daha…
Gözlərimin işığı öləziyib şam kimi
əriyib yoxa çıxır qəlbimin nisgili də.
Bir həyatın dibindən boylanıb üzü bəri
alın yazım oxunur … oxunur kölgəlikdə.
Daha heç nə qəlbimin sarı simini qırmaz;
nə bacımın göz yaşı, nə anamın ağısı
çiynimi söykədiyim bu ağacın gövdəsi
üzümü söykədiyim yarpaqların ağrısı….
İlahi, rəhm eləmə, qoy uzansın bu ömür
yaş olan yanaqların tamı, duzu bilinsin
İlahi, qələmindən boy verən alnımdakı
hər yetənə oxunan yazıların silinsin
Mən quru yarpaqlar misali kimi
Sən Allah, get daha, işin-gücün var
bu mənim işimdi, sənə nə qalıb
yaşadım, ya da yox, heç də darılma
qaraltma qanını məndən ötəri!
Allahdan oyana kimsəm tapılmaz
səndən də bu yana kimim var axı
qalmışam arada, çox uzaqsınız
nə səni atıram, nə də Allahı.
Amma ki sən mənə baş qoşma daha
bir ovuc su verən tapılar mənə
üzümü görməzsən, niqab kimidir-
arxamca bağlanan qapılar mənə.
Bir ovuc su dedim, dodaqlarımın
səhra cadarına məlhəmdir deyə
səni axtarmaqdan ayaqlarımın
heyi də yox idi ta yeriməyə
sən allah, öz dərdim başımdan aşır
sənin işlərin də az deyil axı
hələdə ümidlə sübhü gözləyib
oyaq qarşılayıram gələn sabahı
Mən quru yarpaqlar misali kimi
ovuca alınsam ovulmaqdayam
elə kövrəlmişəm sarı sim kimi
dillənsən toxtayıb ovunmaqdayam
daş ki daşımıram… olub keçəni
içimdən kənara qoya bilmirəm
yazıq ürəyimə bir ovuc xoş gün,
bir udumda sevgi…doya bilmirəm
Elə istəyirəm gəlsin xoş sabah,
elə istəyirəm…
gəlmir, nə edim.
Pərviz Cəbyılraın bir şerinə koment
Sən ölməyə tələsmə
ölüm düşüb tıxaca…
Mənə gəlsin, ya sənə?-
açılacaq yol haçan…
Fikirləşir eləcə
deyən bir şey alınmır
ömür bəxşiştək gəlir
ölüm pulla alınmır..
Bu günü yaşamadım
Səhəri açdım…
Yata bilmədim ki.
Aranı dağa, dağı arana da
“daşımadım”.
Bu günü silirəm təqvimdən
Bu günü boşa verdim,
yaşamadım…
Məni saxlamağa çalışma, bala
(“Turala yazdığım şeirlər” silsiləsindən)
bu şəhər, bu səhər yad adam kimi
üzümə gülmədi, baxmadı mənə
sən şeir yazdığın ulduzlu səma
damından su daman daxmadı mənə
məni saxlamağa çalışma, bala,
zənciri qırılan lövbər kimisən…
asıbsan özünü dor ağacından
havasız yellənən yelkən kimi, sən
atacam özümü bu gur sulara
dalğalar nəşimi yusun, nə olar
bu qara ömrümün, düm ağ kəfəni
qoy olsun yam-yaşıl yosun, nə olar
Turalın danışdığı ilk günə yazılan şeir
(“Turala yazdığım şeirlər” silsiləsindən)
Səsini eşitdim bala,
qulağım sevindi
bal arsı çaldı elə bil
dalağım sevindi
düyünü açıldı kələfin
sənsən, sənsən sələfim
baxçamda otum ələfim
alağım sevindi
səsində özünü gördüm
qapqara gözünü gördüm
yeridin izini gördüm
yolağım sevindi
Sənə yat dedilər
Yuxuya verdilər səni,
yoxluğuna layla dedilər,
nənni yellədilər…
Bir gün hövlank
durdun yuxudan,
yenə “yuxuya get” – dedilər.
Xoşca yola saldılar
arxanca
əllərini yellədilər,
su səpmədilər
azadlığa çıxmağından
qorxdular