Milli komandamız növbəti 6 il üçün Qurban Qurbanova əmanət edildi. Hələlik rəsmi müqavilə yoxdu, amma belə olacağı dəqiqdi. AFFA İcraiyyə Komitəsi yığışdı, qərar verdi və rəsmən açıqlandı.
Dekabrın 6-da Qurbanov fəaliyyətə başlayacaq. Məhz həmin gün yeni müqaviləylə Robert Prosineçkinin qoyub getdiyi milli komandada yerli məşqçinin dövranı start götürəcək.
Qurban bəyin işi çətindi, böyük məsuliyyətin altına girib. Təsadüfi deyil, atıb getmədiyi “Qarabağ” bir yana, o, təkcə əsas milliyə yox, həm də aşağı yaş qruplarından olan yığmalara, dolayısı ilə uşaq futboluna da nəzarət edəcək. Baş məşqçiləri də o müəyyənləşdirəcək, bu komandaların oyun üslubunu da, hətta inzibati heyəti də.
Amma meydandakı işə start verməzdən öncə Qurban bəy işçi komandasını seçməlidi. O, bacarığına, dürüstlüyünə əmin olduğu əsl peşəkarlar qrupu formalaşdırmalı, yola sağlam qüvvələrlə çıxmalıdı. Futbolumuzu indiki bataqlıqdan çıxarmaq üçün başqa çarə də yoxdu.
Qurbanov standart dəyişikliklərə getməyəcək, təbii ki, yeni postlar da təsis olunacaq, bir sıra lazımsız vəzifələr də ləğv ediləcək. Əsas işi görəcək icra aparatının təşkili gələcək uğurların bünövrəsi olacaq.
Məşqçinin seçimlərinə qarışmaq niyyətimiz yoxdu. Zaman gələcək, müəyyən adlar açıqlanacaq və Qurbanov erasının perspektivləri haqda mülahizələrimizi yazacağıq. Ancaq mətbuatla bağlı sahəyə indidən diqqət yetirməyə dəyər. Birbaşa işimiz olduğundan mətbuatla bağlı məsələlərdə gözləntilərimiz var. Əvvəlki dönəmlərdə bir çox baryerlərlə üzləşdiyimizdən Qurbanovun dönəmində eyni halların təkrarlanmamasının marağındayıq.
Zənnimizcə, milli komandaların ayrıca mətbuat xidmətinin yaradılması vacibdi. İndiyədək bu işlərə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenti nəzarət edib və bir sıra problemlərlə üzləşmişik. Bir sıra informasiyaların əldə edilməsində, dəqiqləşdirilməsində ləngimələr olub, dolğun məlumat ala bilməmişik və s. Bu departamentin rəhbəri Mikayıl Nərimanoğlu bütün assosiasiyanın yükünü daşıdığından, eyni zamanda “Kəpəz”də Müşahidə Şurasının üzvü kimi vaxtının böyük hissəsini Gəncə klubuna sərf etdiyindən, müəyyən kommunikasiya problemləri ortaya çıxırdı.
Həm də milli komandanın ayrıca mətbuat xidmətinin olması yeni bir şey deyil, əksinə, zamanın tələbidi. Əksər futbol ölkələrində bu praktikadan istifadə olunur və onlarda da assosiasiyanın və milli komandaların sözçüləri fərqli insanlardı. Ümid edirik ki, Qurbanov da bu təcrübəyə biganə qalmayacaq.
Qurban bəyin bu baxımdan kadr seçmək problem də olmamalıdı. Daim mətbuatla isti münasibətləri olan məşqçi bu sahədə də etibarlı tərəfdaşlar, yol yoldaşları tapa bilər. Qurbanovun işinə qarışmaq olmasın, elə biz də bəzi təkliflər verə bilərik. Məsələn, “Qarabağ”da Qurbanovla birgə iş təcrübəsi olan Emin Abbasov, “Neftçi”də mətbuatla uğurla çalışmış Gündüz Abbaszadə, elə indi də Ağdam klubunda bu işi layiqincə görən Nurlan İbrahimov yeni iş üçün uyğun adlardı, həm yetərincə təcrübələri var, həm də “mətbəx”ə bələd insanlardılar. Vaxtilə AFFA-da da çalışmış, futbol təsərrüfatımızı əlinin içi kimi bilən Erkin İbrahimov da belə həmkarlarımızdandı. Artıq mətbuatda sözünü çoxdan deyən, indi isə yeni mərhələ üçün hazır olan təcrübəli jurnalistlər – Natiq Muxtarlı, Aydın Bağırov və Mahir Rüstəmli də bu işin öhdəsindən gələ biləcək simalardı.
Təbii ki, qərarı Qurbanov verəcək, ixtiyar ondadı, uyğun bildiyi kadrı seçmək onun işidi, amma daha öncə onun bi sistemi yaratmaq istəməsi lazımdı. Çünki indi tənqid/təbliğ hədəfi yalnız “Qarabağ” kimi bir Premyer Liqa klubu olmayacaq. Bütün milli komandalar haqda ictimaiyyəti vaxtında məlumatlandırmaq, mətbuatın suallarına operativ cavab vermək lazımdı.