“Qanadlandıran”,içki ölümə aparır? – Araşdırma

Hərdən elə olur ki, enerjimiz tükənir. Bu zaman hər kəs müxtəlif yöntəmlərlə enerjisini stabilləşdirir. Kimisi 5-10 dəqiqə gözünün acısını almaqla, kimisi yeyib-içməklə, kimisi müxtəlif dərman preparatları ilə, kimisi isə bütün marketlərdə adi içkilərdən qiymət fərqi ilə seçilən enerji içkilərini alıb içməklə… Bəs görəsən bəh-bəhlə içdiyimiz və bizdə asılılıq yaradan bu enerji içkiləri həqiqətənmi qanadı qırılmış enerjimizi yenidən “qanadlandırır?”

 

Öncəliklə gəlin bu enerjinin tərkibinə nəzər salaq.

Kofein

Bu məhsul istisnasız bütün «energetik»lərdə var. Stimulyator kimi təsir edir: 100 mq kofein zehni fəaliyyəti stimullaşdırır, 238 mq ürək-damar dözümlülüyü artırır. Lakin həkimlər tərkibində şəkər və kofein olan içkiləri içməyi məsləhət görmürlər. Kofein həm də asılılıq yaradır.

Taurin

Bir bankada orta hesabla 400-1000 mq taurin var. Bu, əzələ toxumalarında toplanan amin turşusudur. Hesab olunur ki, o, ürək əzələsinin işini yaxşılaşdırır. Lakin energetiklərdəki taurinin miqdarı digər məhsullarda olduğundan dəfələrlə çoxdur. Bu isə enerji içkilərinin xeyrindən çox ziyanı deməkdir.

B qrup vitaminlər

Əsəb sistemi və baş beyin üçün vacibdir.Onların çatışmazlığı orqanizmdə hiss olunur. Ancaq enerji içkilərində B vitaminin dozası artıq olur. Bu da insanlarda ürək döyüntüsü və əl-ayaqda titrəməyə səbəb olur.

Göründüyü kimi, sadalanan məhsullar miqdarında sağlamlığa zərərsiz olsa da, dozadan artıq olanda insan orqanizmi məhv edilmək üçün “hədəf” seçilir.

Müstəqil.Az bildirir ki,Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Teleqraf.com-a açıqlamasında dedi ki, enerji içkiləri insanların sağlamlığına birmənalı olaraq zərər vurur:

 

“Mən enerji içkilərinin idman yarışlarına sponsorluq etməyinin əleyhinəyəm. Orqanizm üçün zərərli olan bir məhsul, sağlamlıq simvolu sayılan idman yarışlarına necə dəstək ola bilər? Bu absurddur”.

 

Professor Adil Qeybulla isə  mövzuya bir qədər fərqli yanaşdığını dedi:

 

“Bu içkilərin tərkibində olan maddələr insanlarda asılılıq yaradır, ancaq hər şey mətbuatda yazılanlar qədər də faciəvi deyil. Enerji içkilərini azyaşlı uşaqların qəbul etməsi yaxşı hal deyil, buna görə də valideyinlər bu mövzuda çox diqqətli olmalıdırlar. Lakin yetkin insanlar gün ərzində dozadan artıq olmamaq şərti ilə enerji içkisi qəbul edə bilərlər. Bunun heç bir ziyanı yoxdur”.

 

Qeyd edək ki, Fransa, Danimarka və Norveçdə «energetiklər»in mağazalarda satışı qadağandır. Onlar dərman vasitəsi hesab olunduğu üçün ancaq apteklərdə satılır. İsveçrədə isə enerji içkilərindən sonra vəfat edən şəxslərin istintaqına başlayıblar.

 

Aytən Yaşar

Share: