Burası gerçəkdir, son həftələrdə kriminal aləm haqqında çox yazılır.
Birincisi, bu, boşuna deyil, hadisə, yenilik var, ona görə yazılır. Əks halda yazılmazdı.
İkincisi, bu sirli, sonadək kəşf olunmamış aləmə ictimai maraq var və bunu danmaq olmaz.
Üçüncüsü, elektron media qurumları (konkret olaraq, saytlar) çoxdur, hamısının da sosial şəbəkələrə çıxışı var deyə, hərəsi bir şey yazanda və paylaşanda “sel” əmələ gəlir.
Amma necə deyəsən ki, bu mövzuda mən yazmışam, sən yazma. Hər kəsin istədiyi mövzuda yazmaq haqqı var.
Dördüncüsü, bir sıra mövzularda yazmaq mümkün deyil, yazılası sahələr, obyektlər, subyektlər azalıb. Əldə kriminal aləm, şou-biznes və idman sektoru qalıb.
Belə görünür ki, bu sahələrə də tabular gətiriləcək, çünki bu sayaq aşırı şəkildə yazanda reklama, PR-a gedir.
Elə hazırda mediaya irad tutularkən başlıca arqument budur ki, kriminal aləmdən yazılan yazılar gənclərdə “qanuni oğru”lara rəğbət oyadır.
Əslində, elə də deyil. Ölkə əhalisinin qocalı-gəncli cəmi 0,1 faizi qəzet-sayt oxucusu ola, ya olmaya. Amma orda-burda, küçədə-tində, çayxanada-meyxanada gənclər kütləvi şəkildə “oğru dünyası”ndan danışırlar.
Əksər ictimai yerlərdə leksikonlarında çoxlu kriminal jarqon kəlmələri işlədən, özləri demişkən, “vorovskoy mir” dili ilə danışan gənclər görmək olar. Onlar “söhbət xırdalayır”, nəsə “dokazat” edir, kimisə “nakazat etmək”dən bəhs edirlər.
Bu, bir tendensiyadır. Həm yanlışdır, həm də təhlükəlidir. Amma bu tendensiyanın, gənclərin cinayət aləminə bu sayaq kütləvi rəğbətlə yanaşmasının mediada gedən yazılarla bağlılığı yoxdur.
Yuxarıda deyildiyi kimi, bu gənclər qəzet, sayt oxucusu deyillər, özlərinə lazım olan informasiyanı isə ordan-burdan, dildən-ağızdan, sosial şəbəkədəki xüsusi səhifələrdən alırlar.
İkinci bir məsələ də var. Bu yaşda gənclər öz aşıb-daşan enerjiləri ilə nəsə bir iş görməli, hərəkət etməlidirlər. Onların siyasət dünyasına yolları bağlıdır, siyasi fəallığın cəzbediciliyi 20-30 il öncələrdə qalıb.
Dini sektalara kütləvi meyllənmə dövrü də 3-4 il əvvəl başlayıb, bitib. Artıq idman sektoru da onları birləşdirmir, çünki burada amansız seleksiya var, güclülər qalib gəlir, sıradan olanlar ələnir. İncəsənət sahəsi xüsusi və parlaq istedadı olanlar üçündür. Əmək cəbhəsində xarüqələr yaratmaq eşqi (BAM, Sibirin fəthi, gənclik şəhərlərinin inşası) sovet dövründə olub, qurtarıb.
Bəs indiki işsiz-gücsüz, xüsusi qabiliyyəti, istedadı, işləmək həvəsi olmayan gənclər nə etsin? Heç nə. Onların da ətrafı dünyaya etirazı, özünütəsdiq şövqü beləcə büruzə çıxır – kriminal aləmə rəöbət bəsləməklə, orada haqq-ədalət axtarmaqla.
Bu gənclərin ağzı isti yerdədir. Kriminal aləmdə ədalət yoxdur, haqsızlıq, hüquqsuzluq, əzab-əziyyət var.
Məgər hazırda cəzaçəkmə müəssisələrində olan on minlərlə məhkumun hamısı “qanuni oğru” və ya kriminal avtoritetdir? Xeyr. Belələri barmaqla sayıla bilər.
Orduda xidmətə başlayan əsgər və zabitlərin on mində biri gəlib axırda general olduğu kimi, kriminal aləmdə də xüsusi liderlik keyfiyyəti olanlar lider ola bilirlər.
Heç nəzərə alan da yoxdur ki, onlar lider olub nə edirlər? Çox şey etmirlər, adları özlərinin və başqalarının qulağına dəyəndən bir az sonra onların çoxuna güllə dəyir, məsələ bitir.
Fiziki əzab-əziyyətlərlə, maddi, mənəvi, psixoloji sıxıntılarla, cürbəcür mərhumiyyətlərlə, ailənin, nəslin reputasiyasını beş paralıq etməklə müşayiət olunan cinayət yolunun nəyi gənclər üçün cəlbedicidir, anlaşılmır.
Hiss olunur ki, bu düşüncə cahillikdən, bilməzlikdən doğur və ona görə indiki gənclər, məsələn, 20 il əvvəli gənclərlə müqayisədə həbsə düşməkdən, məhkum həyatı yaşamaqdan qorxmurlar.
Bu, gerçəkdən də belədir: indiki gənclər məhbəsdən qorxmurlar. Bunu yaxalanarkən “içəridəki yaxşı oğlanlara salam olsun” deyərək, arxayın şəkildə, gülümsər sifətlə videokamera önündə poza verən gənclərin hadisəsi göstərir.
Ona görə də əslində bu mövzuda çox yazılmalıdır. Əməlli-başlı maarifləndirmə işi aparılmalıdır ki, kriminal aləmə meyllənən gənclər orada onları komfort və karyera gözləmədiyini anlasınlar.
Xalid Kazımlı