Bu gün tanınmış şair Saday Şəkərlinin doğum günüdür. S.Şəkərli 1959-cu ilin bu günü Cəlilabad rayon Bəcirəvan kəndində anadan olub.
Müstəqil.Az bildirir ki,Şair Moderator.az-a açıqlamasında doğum günüylə bağlı öz təəssüratlarını bölüşüb:
“Dəyərli insanların təmənnasız münasibətləri məni heyrətləndirməkdədi, tanımadığım minlərlərlə haqsevərlərin həbsimə etiraz olaraq imza topladıqları kimi, təbrikləri də dünəndən gəlməkdə davam edir. Kiməsə lazım olduğumu düşünəndə, kövrəlirəm. Missiyamın öhdəsindən gələ bilmədiyimdən hətta xəcalət də çəkirəm. Bu gün ağrılarımın bayramıdır”.
S.Şəkərli iki il yarım sürən həbsxana həyatından da danışıb:
“Qurulmuş olan da alın yazısıdır, bizim gücümüz ona düzəliş etməkdə acizdir, improvizələrə isə həmişə imkanımız və səlahiyyətimiz çatır. Deyəsən, nə qədər mənim adım çəkiləcəksə, Fazilin də Dantes kimi, Şeyx Əzəm kimi adı adımın yanında duracaq. Belə misralarımı yada saldım: “Nədənsə həmişə qətl olunanla, tarixdə qoşadır qatilin adı…”. Onun azadlıqda çəkdiyi əzablar, mənim türmədə çəkdiklərimdən daha dəhşətlidir, özü-özünü elə ləkələmədi ki, nəyləsə yuyub təmizlənə bilsin”.
Şairin doğum günü münasibəti ilə bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik:
…………………………
Eh, məyus görkəmin yumaz günahı,
Gəz-dolan, bu səfər ayrı səfərdi,
Göylərə bülənddi məzlumun ahı,
Tutuşan zəmidi kasıbın dərdi.
İçin kin qurumu, əlində meylər,
Qafanda min hiylə, min cürə məkr,
Xəstənin ah-zarı zalıma neylər,
Səni eyş-işrətli məclislər çəkir.
Kəsildi min illik palıdın başı,
Getdi, qayıtmadı çıxmış nəfəsi,
Sən ağlar qoyduğun gözlərin yaşı,
Dadına çatdımı dərman əvəzi?
Gəl, sənə qılıncın şəklini çəkim,
Göynədər dərvişin duz, yarasını,
Sənin uzaqlarda tapdığın həkim,
Sağalda bildimi söz yarasını?
Qəfəslər bəslədi eşq adamını,
Uduzub-udmağın yadından çıxdı?
Gərdəyin başında zifaf şamını,
Yandırıb tutmağın yadından çıxdı?
Gəz-dolan, nə şair tanı, nə kitab,
Tanrımın bu ayrı imtahanıdır,
Sənin əlindəki qırmızı şərab,
Səni kefləndirən şəhid qanıdır!
QƏLƏMİM
Gah qılınc olurdu, gah ox, gah nizə,
Yorğaydı at kimi taxta qələmim,
Gecələr batırıb duzlu dənizə,
Nə yazdım, qovruldu ahda qələmim.
Qovuşdu cinasa günlər an kimi,
Ağrıdı, göynədi xəstə can kimi,
Burnundan gələrdi qara qan kimi,
Bir kəlmə yazsaydı saxta, qələmim.
Demə baxt söndürüb, işıq keçirib,
Dərdlər əzbərləyib, qəmlər köçürüb,
Kiminin başına papaq keçirib,
Kiminin başına noxta qələmim.
Qulağı yarpaqdı, gözləri darı,
Söz güldü-çiçəkdi, qələmim arı,
Hərdən uşaq kimi ağlayıb, barı,
Deyə də bilmədim toxta, qələmim.
Var gözü, sümüyü, var canı, əti,
Acıdı, şirindi sözünün məti,
Varsa dönüklüyü və xəyanəti,
Qan qussun qoy laxta-laxta qələmim.
…………………………….
Üyütdüm dostları köhnə vəl kimi,
Hopdum qətrə-qətrə canına kəndin,
Noxtasını qırmış qoca kəl kimi,
Vəlvələ salmışam canına kəndin.
Çovğunu vecinə alan yoxuydu,
Zəlzələdən belə qorxmamışdılar,
Qəfildən bu necə gələn yuxuydu,
Dostlarım nə belə baxıb çaşdılar.
Qan verib, can qoydu mərdlər, igidlər,
Şəklini asdılar, qurtardı getdi,
Hər gün Qarabağdan gəldi şəhidlər
Ağlayıb susdular, qurtardı, getdi.
Göz kimi qızarmış al güllərimi,
Çöllərin, düzlərin üstünə örtdüm,
Dalğanı götürüb güllü şal kimi,
Ölmüş dənizlərin üstünə örtdüm.
Beşiyi başında bayraq əvəzi,
Yumruq düyünləyib, əl göstərdilər,
Binəva dostların çıxmadı səsi,
Tülküdən qorxana kəl göstərdilər.
Su verin, dən verin, ölməsin barı,
Ağzına ot verin qoç heykəllərin,
Gərək duza getmiş kənd adamları,
Yoluna çıxmasın qoca kəllərin.
GÖRDÜM
Qəribəm, qoşdular quşlara məni,
Atdılar Altaydan Qoşqara məni,
Çırpan qayalara, daşlara məni,
Səfərdə olduğum dünyadı, gördüm!
Nəsibi nalədi, ahdı bu yurdun,
Tüstüsü başından qalxdı bu yurdun,
O qədər göz yaşı axdı bu yurdun,
Dörd yanım tufanlı dəryadı, gördüm.
Bu baxtı varıtək talan millətin,
Bu, dərdi gözündə qalan millətin,
Bu anam millətin, balam millətin,
Yetişmir göylərə fəryadı, gördüm.
Hər azmış gəminin limanı dağdır,
Dənizi, dəryası, ümmanı dağdır,
Fərhadın məhəbbət ünvanı dağdır,
Mən dağı görmədim, Fərhadı gördüm.
………………………………………
Dərd-ələm içində yurdlar ulaşır,
Qurtula bilmədik it nəfəsindən,
Axşamlar şəhərdə qurdlar ulaşır,
Səhərlər gün doğur azan səsindən.
Örtüb başımıza göylər çətrini,
Hər gələn, hər gedən itaət eylər,
Çiçəklər qorxudan yayar ətrini,
Ağaclar qorxudan ibadət eylər.
Xəzərim mavi bir xalıdı, bəli,
Qalam qocalmayan ağbirçək qarı,
Xəzri bir gözəldi, gilavar dəli,
Qüllələr şəklənmiş at qulaqları.
Gör kimlər uyumuş bağlı qoburda,
Heç nədən qanımız qaralır bəlkə,
torpaqlar qorxudan boğulur burda,
Yarpaqlar qorxudan saralır bəlkə.
Dan yeri qızarmış səhərə yaxın,
Arxacdan qan axır, bulanır ləklər,
Canavar soxulub şəhərə, baxın,
Didir bir-birini qoca köpəklər…