Alimlər sübut ediblər ki, mütəmadi olaraq tennis oynayan insanların ömürləri təxminən 10 il uzanır.
Müstəqil.Az Azərtac-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə tennis insan orqanizminə qaçış və velosipedə nisbətən daha çox fayda verir. Bunu təxminən 8600 könüllünün iştirak etdiyi tədqiqatlar sübut edib.
Araşdırmalardan məlum olub ki, tennis oynayanlar ümumiyyətlə idmanla məşğul olmayanlara nisbətən təxminən 9.7 il daha çox yaşayırlar. Badminton oynayan insanlarda bu göstərici 6.2, futbolçularda isə təxminən 5 ildir. Rəqib və ya ümumiyyətlə insanlarla təmas tələb etməyən idman növlərinin isə bir o qədər səmərəli olmadığı müəyyən edilib.
Velosiped sürmək orta hesabla insan ömrünü 3.7, üzgüçülük 3.4, qaçış isə 3.2 il uzadır.
Alimlər tennisin bu qədər yaxşı nəticə verməsinin səbəbini hələ müəyyən edə bilməyiblər. Lakin onların fikrincə burada sosial amil mühüm rol oynayır. Belə ki, komanda şəklində tennis və ona bənzər oyunlar bədənə ağırlıq vermək və ürək döyüntülərini artırmaqla yanaşı, digər insanlarla da əlaqə qurmağa şərait yaradır. Uzunömürlülük üçün isə kommunikasiya çox vacibdir.
Müstəqil.Az