“BU “BƏY”, “XAN” HAMIMIZIN ANASINI AĞLADACAQ

Söz vermişəm, bacardıqca gündəmdən yazmayacağam. Çünki bu ölkədə gündəm dediyimiz şey 99 faizlə yalan, saxta, bəsit, qurama, soxuşdurma olur. İndi yazacağım mövzusa gündəm kimi görünsə də, deyil. Qısa yazacağım uzun söhbətdi. Ən azı 20 yaşlı bəladı, şüurlu prosesin növbəti görsənişidi…

***

Ernest Heminquey son saatına kimi içdi. İçdi və çəkdi! Hətta yazanda da qədəh əlindən düşmədi. Ancaq serroz olmadı, qara ciyəri çürümədi… Ölüm gəlib çıxmadığına görə özü-özünü öldürdü!

***

…Ayın 4-də bəd xəbər eşitdim. Jurnalistikamızın AS reportyorlarından Səbuhi Məmmədlinin qara ciyərində şiş tapılıb. Bir-iki həftə əvvəl özünü pis hiss etmiş, hətta intihar fikrinə belə düşmüşdü (yazmışdım o haqda). Sonra Ukraynaya müalicəyə aparıldı. Ayın 5-də şişlə bağlı “yalan çıxsın, heç olmasa, bəd yox, xoş xassəli çıxsın”, — deyə cavab gözlədiyimiz vaxt daha bir ağır xəbər gəldi – Səbuhi infarkt keçirib, təcili yardımla Poltava Şəhər Xəstəxanasına aparılıb…

Səbuhi ilə yaşıdıq. Onu “525-ci qəzet”dən tanımışam. Yusif Rzayev baş redaktordu onda. Əvvəlcə mən getdim “525”-ə, orda “Hayd park” adlı rubrika açdım, sonra evim saydığım “Azadlıq” məni geri, özünə çəkdi yenə. Layihəmi məndən sonra Səbuhi adlı birinin apardığını eşitdim. Elə o vaxtdan tanıdım onu, bəlkə o özü də o zamanacan məni tanımırdı. Münasibətlərimiz dərin dostluğa gedib çıxmadı, lakin həmişə bir-birimizə dərin sayğıyla yanaşdıq.

Yox, onun haqqında keçmiş zamanda danışmıram. Əlim, dilim quruyar. Ancaq keçmişlərdən danışıram. Səbuhi Azərbaycan jurnalistikasının şah damarlarından biridi.

Səbuhinin xarakteridi – özü-özünə azlıq eləyir, özünü tamamlamağa çalışır nəsə başqa Səbuhi ilə. Gördüyü iş də ona bəs eləmir. Əlbəttə, pul da heç zaman yetərincə olmur. Onun duzlu-məzəli əhvalatları, adamı qəşş eləyənəcən güldürə bilən “karusel” əhvalatları, səfər sərgüzəştləri var. İstərdim onlardan danışıb xoş ovqat yaradım, heyhat, özümü zorlaya bilmirəm…

Demək istədiyim nədi?

Səbuhi bu günədək dünyanın qaynar nöqtələrinin çoxundan reportaj hazırlayıb. Bizdə bu qədərini kim bacarıb? Düzü, yadıma sala bilmirəm. Xarici reportyorlar o qaynar nöqtələrdə yaralanır, güllə yarası alır, qaçırılır və ya ölürlər! Ancaq ölənə kimi dünyanın pulunu qazanırlar. Dünyanın ən acı səhnələrini görürlər, ancaq onun hesabına dünyanın naz-nemətinə çatırlar, nəhəng TV-lərin, media-holdinqlərin aparıcı işçiləri, xəbər proqramlarının rəhbəri olurlar.

Səbuhi isə…

Səbuhi isə bu gün işsizdi və ancaq başına iş gəlib — ən şərəfsiz xəstəliyin amansız hədəsi altındadı. Bir yandan da zalım ürək…

Buna ürəkmi dayanar, buna ciyərmi dayanar? Elə bilirsiniz qara ciyər təkcə içkidən məhv olur? İnsan daim dərd-ələmlə, kədərlə yaşayanda ödün tərkibi dəyişir… Bu da qara ciyərin anasını ağladır. Qara günlü adamların getdikcə qaraldığını görməmisinizmi? Üstəgəl içki…

Elçin Səlcuq qara ciyərdən dünyasını dəyişəndə Səbuhi Azərbaycan Nəşriyyatının 4-cü mərtəbəsindəki bufetdə o zamanlar dəbdə olan, Elçinin də daim içdiyi ucuz “Bəy”, “Xan” araqlarını nəzərdə tutub dedi: “Bu “Bəy”, “Xan” hamımızın anasını ağladacaq…”

Ağlatdı da.

Səbuhinin ürəkağrıdan xəbərinin altında xanım jurnalistlərdən biri yazmışdı: “Az için də bu zəhrimarı…”

Bu, çox bayat söhbətdi. Elə o məzəmmətə verilən bayatlaşmış “kefimizdən içmirik” cavabı kimi. Hər ikisi bayağıdı. Şablonlaşıb.

Fakt isə budu – Azərbaycanda bu mərət azara tutulan rəqibsiz, analoqsuz sahə jurnalistikadı.

Niyə məhz jurnalistika?

Qara siyahımıza göz ataq:

 

2008-ci il, 5 mart — Ağalar Mirzə — ürək çatızmazlığı…

2008-ci il, 4 may — Adil Qaçayoğlu – çarəsiz…

2008-ci il, 6 iyul — Məmməd Nazimoğlu – qara ciyər…

2009-cu il, 17 dekabr — Elçin Səlcuq – qara ciyər…

2010-cu il, 16 mart – İbrahim Bayandurlu – qara ciyər…

2010-cu il, aprel — İlham Rzayev — 31 yaşında…

2011-ci il, 17 may — Müşfiq Nadir — qəfil ürək tutması…

2011-ci il, 10 avqust — Ceyhun Nağı – ürək…

2013-cü il, 5 fevral – Zakir Sadatlı – ciyər…

2015-ci il, 28 avqust — Mahal İsmayıloğlu – ürəkdən böyrəyəcən…

2016-cı il, 9 iyul — İlqar Qulusoy – qəfil ürək tutması…

2017-ci il, 4 yanvar — Namiq İbrahimov – çarəsiz…

2017-ci il, 26 fevral — Zabil Müqabiloğlu – qara ciyər…

2017-ci il, 16 mart — Mövlud Mövlud – hər şey…

2017-ci il, 22 noyabr — Natiq Qədimov – ürək…

2018-ci il, 23 yanvar — Nicat Məlikov – ürəkdən…

***

Hə, mən siyahını yazdım. Hələlik deyə…

İndi siz o müdrik: “Az için də o zəhrimarı…” — düçüncənizi bir də indi təkrarlayın. Demək, məzəmmətləmək, ağıl vermək necə də asandı, eləmi? Bu qədər bəsit, cılız sual ancaq bu qədər bəsit, cılız jurnalistikadan doğula bilər. Hadisələrin səbəbinə deyil, nəticəsinə köklənən jurnalistika.

Yoxsa sizə elə gəlir, bu sahədə ancaq alkoqoliklər, əyyaşlar çalışır? Belə şey mümkündürmü? Biz ən çox içənlər sırasında hərbçilərin, ədəbiyyatçıların olduğunu eşitmişdik. Eləydi. Yoxsa indi jurnalistika həm hərbi, həm ədəbiyyatı özündə cəmləyib? Lakin bunu bir də təkrarlamağa ehtiyac var – bir sahə başdan-başa alkoqoliklərdən, zəif iradəli adamlardan ibarət ola bilməz!

Siyahıya fikir verin. Nədən o adların 99 faizi jurnalistikanın qaymaqlarıydı, hə? Sizcə onlar, çoxu AS olan o qələm sahibləri heç olmasa bu düşük məsləhəti verənlər qədər ağıllı deyildilərmi?..

Bəlkə səbəb haqda, bəlkə bütöv bu mənzərə haqda, nə olduğu, nə baş verdiyi, hardan-hara və niyə gəlməyimiz haqda düşünməyə dəyər? Ancaq kim düşünsün? Jurnalistlər?

Yox!

Zatən jurnalistlər bunları düşünməkdən ölmürmü?..

Share: