“Qoca”nın ölümündən 20 min qazandıq – Anar Niftəliyev

Müstəqil.Az Anar Niftəliyevin Publika.az-a müsahibəsini təqdim edir.

– Anar bəy, 44 yaşınız oldu. Bunu belə yozmaq olarmı ki, həyatla mübarizədə hesab 4:4-dür?

– Kəramət, gənclikdə elə bilirsən həyatla, taleyinlə mübarizə aparırsan. Amma bir az yaşa dolanda baxırsan ki, həyatla mübarizə aparmaq mümkün deyil. Sadəcə, özün üçün yazılan ömrü yaşayırsan. Bu baxımdan mən də həyatla, tale ilə, ömürlə mübarizə-filan aparmıram. Sadəcə, yaşayıram…

– Heç olmasa, yaşaya bilirsinizmi?

– Düzü, 4 ildir yaşamıram. Çünki özümə vaxt ayırmıram. Bunu dostlara da tez-tez deyirəm ki, mən yaşamıram, işləyirəm.

– Maraqlıdır, yazmağa nə vaxtdan başladınız, necə oldu imzanız tanındı?

– Desəm ki, mən 5 yaşımda hekayə yazmışam, inanarsan? (gülür)

– Onda hərf tanıyırdınız ki?

– Atam aşıq olub. Həm də orta məktəbdə müəllim işləyirdi deyə, əlifbanı, yazıb-pozmağı çox tez öyrənmişəm. İndi arıq olmağıma baxmayın, uşaq vaxtı fiziki göstəricilərimə görə çox iri idim…

– Bəs peşəkar bir qələm adamı kimi nə vaxt çap olunmağa başladınız?

– Birinci kursa oxuyurdum, 1991-ci ildə “Oğuz eli” qəzetində dil müzakirələrinə qoşuldum. Mövlud Süleymanlı baş redaktor idi. Mövlud əmi atamla dost idi. Məni dəvət elədi. Bir-iki yazı verdim, dəstək oldu mənə. 1992-ci ildən isə Mövlud Süleymanlı radioya sədr getdi və mən də Azərbaycan dövlət radiosu ilə əməkdaşlığa başladım. Bir müddət “Bulaq”la əməkdaşlıq elədim. 1994-cü ilin yanvarından da radioda ştata keçdim.

1996-cı ildən isə “Xalq qəzeti”nə yazılar verirdim. Ora verdiyim ilk yazılar felyetonlar idi, Məmməd Nazimoğlunun təsiri vardı. Sonra Rauf Ağayev məni öz nəzarətinə götürdü və səmimi deyim ki, yalnız ondan sonra jurnalistikanı öyrəndim. Rauf müəllimin şöbəsində Aynur Camalqızı ilə birlikdə işləyirdik.

– Əsas məsələ… “Azadlıq” qəzetinə yolunuz nə vaxt düşdü?

– “Azadlıq” o vaxt bizim ideallarımızın qəzeti idi. Yəni hər zaman ən yaxşı hesab etdiyimiz yazıları bu qəzetə verirdik və orda dərc olunmaqla fəxr edirdik. Sonralar isə hər dəyişdi…

– Siyasi yazılar verirdiniz?

– Mən uzun müddət ədəbiyyatla bağlı yazılar, felyetonlar yazmışam: ədəbiyyat adamları ilə müsahibələr, layihələr aparırdım. Siyasi yazılarım sonralar başladı.

– Konkret deyə bilərsinizmi, siyasi aktivliyiniz neçənci ildən hesablanır?

– Haradasa 1999-da, “Şans” qəzetində çalışarkən təhlillər yazırdım, daha sonra 2001-də, “Millətin səsi”ndə çalışdığımız zaman bütün sahələrdən yazırdıq. Bu qəzet bağlanandan sonra “Cümhuriyyət”də siyasət şöbəsinə redaktorluq etdim. 2003-dən isə “Azadlıq” qəzetinə əvvəlcə pərakəndə, sonra isə sistemli yazmağa başladım…

– İndi siyasi dünyagörüş baxımından sizi müxalifətçi hesab eləyək, yoxsa iqtidarçı?

– Kəramət, mənim nəinki siyasi baxışlarım, ümumiyyətlə, həyata baxışım, dünyagörüşüm dəyişib. O vaxtlar insan azadlığı ilə bağlı utopik nəzəriyyələr vardı ki, bizim nəslimiz də bu düşüncələrlə yetişmişdi. Avropa, Amerika, Qərb dəyərlərini özümüz üçün müqəddəsləşdirmişdik, onların insan azadlıqları, insan haqları ilə bağlı ölkələrində gördükləri işlərə vurğunluğumuz vardı. İndi isə anlayıram ki, bütün bunların hamısı sadəlövh bir inam imiş.

– Necə oldu ki, siyasi baxışınız dəyişdi?

– Çox hadisələr oldu…

– Məsələn…

– 2003-cü il İraq savaşında inamımız bir az sarsıldısa, 2008-ci ildə Rusiyanın Gürcüstana girməyi ilə bu inam baltalandı, 2011-dən başlayan Suriya hadisələri isə dünyanı ağ-qara rəngdə görən bizlər üçün yeni mənzərə açdı: dünyanı olduğu rəngdə görməyə başladıq. Buna həm yaşımız imkan verdi, həm də başımız. Bencamin Franklinin dediyi “demokratiya iki qurd və bir quzunun nahara nə yeyəcəkləri ilə bağlı keçirdiyi səsvermədir” fikrinin mahiyyətini anladıq. Və hər şeydən imtina elədim, ancaq öz peşəmlə məşğul olmağa başladım.

Mən ən sərt yazılarımda belə jurnalist olmuşam! Heç vaxt siyasi fəaliyyətlə məşğul olmamışam. “Azadlıq” qəzetində işləyəndə də jurnalist idim, indi də. “Azadlıq”da işlədiyim vaxtlar elə yazılarım olub ki, özümdən asılı olmayaraq, o yazılarda dövlətin, hakimiyyətin maraqları, belə deyək, təmin olunub. “Azadlıq” qəzeti həmin yazıları çap eləmirdi, mənsə başqa saytlara göndərirdim.

– Hara göndərirdiniz?

– Lent.az-a, “Mediaforum”a, daha sonralar, əsasən də siyasi yazıları “Qafqazinfo”ya. Mən ümumiyyətlə, harada olmağımdan asılı olmayaraq, nəyi görmüşəmsə, onu da yazmışam.

– İndi niyə yazmırsınız?

– Vaxt yoxdur.

– Yazmağa vaxtınız olsa, yenə də gördüklərinizi qələmə alarsınız?

– Əlbəttə, yox. Axı dedim ki, mənim təsəvvürlərim, dünyaya, həyata baxışım dəyişib. Mənim 40 yaşıma qədərki ömrüm ayrı, 40-dan sonrakı ömrüm tamam ayrıdır.

İndi həyatda yeganə məqsədim övladlarımın analarına layiq, analarının səviyyəsində böyümələrini, təhsil almalarını təmin eləməkdir. Mən qonaqlıqlara, dostlarla çay içməyə getmirəm. Heç bir əyləncəyə də vaxt ayırmıram. Çox nadir hallarda olur ki, kiminləsə bir stəkan, yarım stəkan çay içərəm. İndi mənim həyatım tamam fərqlidir. İş və ev! Və mən bunu şüurlu surətdə seçmişəm.

– Anar bəy, Kamal Abdullanı çox istədiyiniz, ona böyük hörmət bəslədiyiniz sirr deyil. Dəfələrlə dilə gətirmisiniz ki, mən Kamal müəllimə görə peşə maraqlarımın əksinə də gedərəm. Bəs bu sevgi, hörmət haradan qaynaqlanır?

– Biz tələbə olanda Kamal Abdullanın “Gizli Dədə Qorqud” kitabı yeni çıxmışdı. O, bizim stolüstü kitabımız idi. Bu kitaba kimi biz təsəvvür belə eləmirdik ki, elmə bu cür baxış mümkündür. Bununla yanaşı, Kamal Abdulla bizim ənənəvi sovet professorlarına oxşamırdı; nə yaradıcılığı, nə də xarici görünüşü ilə. Özünü “qalstukla boğan” bir ziyalı deyildi. Gülərüz, prinsipial və yeri gələndə emosional olduğuna görə ona özünün haqq elədiyi bir simpatiyamız vardı. Müəllimimiz idi.

Tələbə vaxtı fakültəmizdə yetim, amma fəal, yaxşı oxuyan uşaqlar vardı. Kamal müəllim o tələbələrə qayğısız-filansız yaşamasını təmin edəcək əlavə təqaüd verirdi. Bu cür xüsusiyyətləri, dediyim kimi, standartlara uymayan xarici görünüşü, üstəlik də yeni elmi baxışları Kamal Abdullanı tələbələrin oxşamaq, bənzəmək istədiyi müəllimlərdən birinə çevirmişdi. Onun tələbələrə qayğısı sonralar da bütün karyerası boyu özünü göstərəcəkdi: rektor olanda da, müşavir olanda da yetim, yoxsul tələbələrin, imkansız yazarların yanında olduğunu görəcəkdik.

Kamal müəllimin Elnarə xanımın timsalında ürəklə və sevə-sevə bizim ailəmizə verdiyi dəyər də təbii ki, ona olan sevgimi, hörmətimi böyüdür. Adam heç nəyə baxmadan bir istedadın arxasında durur, bir ailənin mənəvi dayağına çevrilir… Umacağı isə yalnız odur ki, qoy istedadlı bir gənc, istedadlı bir tənqidçi daha da inkişaf eləsin.

O ki qaldı Kamal Abdullanın bədii yaradıcılığına… Filologiya təhsili alan, mifologiyanı, əsatirləri bilən adam üçün onun qədər doğma olan ikinci bir yazıçımız yoxdur. Kamal müəllimin yaradıcılığı mifik yaddaşa çox bağlıdır və bu məsələdə onu heç kimlə müqayisə eləmək mümkün deyil. Kamal müəllim böyük alim, böyük ziyalı, böyük yazıçıdır, təmənnasız insan, yaxşı adamdır. Buna görə də mən onun xətrini həddindən artıq çox istəyirəm.

– Baş redaktorlardan birinin sözüdür: təxminən, deyir ki, eşitsəm, atam ölüb, onun ölüm xəbərini saytıma qoyub, sonra dəfnə gedərəm. Bəs siz öz peşənizə hansı prinsiplərlə yanaşırsınız?

– O, dərhal dəfnə getsə yaxşıdır, atasının ölümü xəbər mahiyyəti daşıyırsa, onu redaksiyada çalışan əməkdaşlar verəcəklər… Əlbəttə, biz peşəmizə peşəkarlıqla yanaşmağa çalışırıq və hər şey də burdan başlayır: biz verdiyimiz xəbərlə cəmiyyətə hansı informasiya ötürürük? Necə bir auditoriya formalaşdırmaq istəyirik? Biz Suriya, İraq, Yaxın Şərq hadisələri, Rusiya-Ukrayna münasibətləri, Avropada baş verən hadisələri izləyib dövlətimiz barəsində düzgün təsəvvürü formalaşan bir gənclik, bir nəsil istəyirik, yoxsa 18 yaşında ayrılıb Rusiyaya gedən və 50 ildən sonra böyük bir komanda ilə üç aylıq axtarışlar nəticəsində tapılan şəxsin səkkiz ay televiziyada davam eləyən hekayəsini izləyən “gözüyaşlı”, “ağlaşan” tamaşaçı arzulayırıq? Təbii, biz hansı səviyyədə oxucu istəyiriksə, oxucunu necə görmək istəyiriksə, o auditoriyanı da formalaşdırırıq. Bu, vaxtaşırı sübut olunub. Axar.az da bunun bir nümunəsi oldu. Biz oxucumuzu özümüz hazırlayırıq.

– Necə?

– Şoudan, 18+dan, maqazin xəbərlərindən uzaq, dünyada baş verən prosesləri izləyən…

– Oxunursunuzmu?

– Azərbaycanda bütün saytların reytinqini izləyirik və ay ərzində ilk onluqda 3-7-ci yerləri bölüşdürürük. Bəs deyirdilər ki, şou, maqazin, 18+ olmasa, saytları oxuyan olmayacaq, oxucu auditoriyası qazanmaq mümkün deyil?

– Bu sözləri yaxınlarda Aynur Camalqızı da demişdi. Suallarınızı onamı verirsiniz?

– Yox, əlbəttə. Axar.az saytı mənim proyektim deyil, Aynur xanımındır. Saytın hazırlıq mərhələsində Aynur xanım özü təklif edib ki, şoudan, +18-dən, maqazindən uzaq, analitik yazıları, dünyadakı önəmli xəbərləri əhatələyən intellektual bir sayt Azərbaycanda bazara girə bilərmi? Belə bir layihə ortaya qoya, Azərbaycan oxucusu haqqında formalaşmış yanlış stereotipləri dağıda bilərikmi? Mən də inamla demişəm ki, əlbəttə! Çünki biz 90-cı illər oxucusunu görmüşük, o oxucunun səviyyəsini, intellektini görmüşük: həmin xalqdır, həmin adamlarıq, nə dəyişib ki?

Biz yanılmadıq, Azərbaycan oxucusu hansı səviyyədə olduğunu göstərdi. Əlbəttə ki, “hədəfimizə çatmışıq” deyə düşünmürəm. Hələ çox çalışmalıyıq, çalışırıq da. Yeni layihələrimiz var və yaxınlarda, inşallah, onları təqdim edəcəyik.

– Maraqlıdır, saytdan yazı çıxarırsınız?

– Bəli, çıxarıram. Hətta bununla bağlı xoş bir əhvalatı da danışmaq istəyirəm. Təxminən, 20-21 yaşında tanımadığım, adını belə eşitmədiyim gənc bir qız mənə zəng eləyib, dedi ki, həmkar kimi səndən xahiş edirəm, o adam mənim qohumumdur, Axar.az-dan filan yazını çıxarın. Məni gülmək tutdu ki, gənc qızdır, bəlkə də imzasını özündən başqa kimsə tanımır, 3-5 gündür mətbuata gəlib və cəsarətinə bax ki, Axar.az kimi saytdan yazını çıxarmağımı xahiş edir…

– Sözünü yerə saldınız?

– Təbii ki, yox: o gəncə necə dəstək olmalıydım, onda özünəgüvəni necə yaratmalıydım, o, necə hiss etməli idi ki, media həmrəyliyi var? Onun ümidini qıra bilməzdim. Deyəsən, dayısı, yaxud da əmisi ilə bağlı bir yazı idi. Saytdan götürdük.

– Bəs yazı silmək peşəkarlığa zidd deyilmi?

– Əlbəttə, ziddir. Amma media həmrəyliyi deyilən bir anlayış var. Şübhəsiz ki, yazının, xəbərin də yükündən çox şey asılıdır. Elə prinsipial məqamlar olur ki, lap əzizin, doğman belə desə, o yazını saytdan götürmürsən. Yalnız Aynur xanımın tapşırığı ilə götürülən yazıların ictimai yükünü, maraq dairəsini və sayta verə biləcəyi ziyanı hesablamırıq. O dedisə, dərhal saytdan silirik. Qalan xahişlərin hamısı ölçülüb-biçilir, lazım gələndə, Aynur xanıma məlumat verilir. Ümumiyyətlə, saytdan yazı silməyə əvvəl mən də faciə kimi baxırdım. Amma sonra təəccüblənmədim…

– Nə üçün?

– Bizim kompüterdə daim açıq qalan və dünyada məşhur agentliklər var. Məsələn, “RİA Novosti”. Yazının içində olduğum halda, oxuduğum məqamda RİA-dan xəbər silindiyini dəfələrlə müşahidə etmişəm. Yaxud “Vaşinqton Post”. Bir dəfə ingilis versiyamız “Vaşinqton Post”da gedən maraqlı bir yazını atdı. Onu müzakirə edirdik, çıxarışlar götürüb hazırlamaq üçün seçirdik. Sayt yeniləndi və baxdıq ki, yazı qaldırıldı. Yəni hamı səhv edə bilir və yaxud, hamı hansısa səbəbə görə saytdan yazını götürür, burda faciəvi bir şey yoxdur.

– Pul alıb, yazı sildiyiniz olub?

– Qətiyyən! Bu, bütün həyatıma, yaşadığım illərə xəyanətim olardı. Mənsə xəyanətə nifrət edirəm.

– Anar bəy, “Qoca”nın həbsxanadan qaçması, Fədayənin içəri düşməsi, təzədən “Qoca”nın axtarılması və ölümündən saytınız nə qədər qazandı?

– Biz “Qoca” ilə bağlı rəsmi xəbərləri verdik və bunlar da şübhəsiz ki, verilməlidir. Oxucu da normal qəbul elədi. Bundan sonra isə onun Fədayə ilə sevgisinə aid foto, həbsxanada çəkilmiş videosu yayıldı…

– Bunları da verdiniz?

– Hamısını yox, bəzilərini verdik. Müəyyən məqamlar var ki, biz də axına qarışıb getməliyik. Çünki oxucumuz bizdən tələb edir, bizdən o yazıları gözləyir. Biz verməyəndə isə gedib başqa yerdən oxuyur. Məsələn, həmin vaxtlar ənənəsi, kökü, ciddi nüfuzu və siması olan ictimai-siyasi saytlarda “Qoca” ilə bağlı xəbərlər oxunma sayına görə birinci yerdə idi.

Növbəti günün axşamı isə biz Axar.az olaraq statistikanı admin-redaktorlarla bir yerdə analiz elədik və mən gördüm ki, bizdə ilk üçlükdə birbaşa siyasi təhlillərimizdir. Eyni gündə Azərbaycanın ən nüfuzlu ictimai-siyasi portallarında “Qoca” xəbəri 19 min oxunanda, bir politoloqumuzun açıqlaması Axar.az-da 31 min idi. Halbuki, Axar.az-ın oxucu auditoriyası həmin saytdan daha aşağıdır. Uşaqlara da dedim ki, görürsünüzmü oxucularımız bizdən nə istəyir? Yəni oxucu Qocanı da xəbər kimi oxudu, bitdi, daha onun “məcnunlaşdırılmasını” qətiyyən istəmir. Hətta şərhlər gəlirdi, onların böyük hissəsini sayta buraxmışıq, oxuya bilərsiniz, yazırdılar ki, sizdən gözləmirik, Axar.az kriminala bu qədər yer verməməlidir. Bu oxucu ilə fəxr etməyə dəyməzmi?

– “Qoca”dan nə qədər qazandığınızı konkret demədiniz…

– Vallah, statistika indi yadımda deyil. Amma “Qoca”nın ölümü ilə bağlı xəbərlər bizdə çox oxunmayıb, 20 min civarında olub. Dərhal da əlavə edim ki, “Qoca”nın “sevgi romanı”, həyat hekayəsi və s. xəbərlərə qarşı ilk yazıları da Axar.az verib. Hətta proseslərin ən qaynar vaxtında Faiq Balabəylinin köşəsi dərc olundu, daha sonra isə ziyalılarımızın bu yöndə açıqlamaları getdi. Yəni kriminal avtoritetlərin təbliğinin ziyanı barədə ictimai müzakirədən bir həftə əvvəl bizim bu yöndə silsilə yazılarımız oldu və onlar böyük oxucu auditoriyası tərəfindən dəstəkləndi.

– Anar bəy, mərhum dostumuz Mövlud Mövludun xatirəsinə həsr olunmuş bir hekayə müsabiqəsi başladınız, dediniz ki, sentyabrın axırında qaliblər elan olunacaq. Sentyabr oktyabr oldu, oktyabr noyabr oldu… Nəticə isə yoxdur.

– Bu müsabiqəni Kult.az keçirir. Mən müdaxilə eləmirəm, çünki prosesi təşkilat komitəsi idarə edir. Amma ara-sıra məsləhətlər verirəm. Əvvəla, müsabiqə başlamamışdan da demişdim ki, bizə üç ay çox azdır. Hətta sonradan əsər qəbulu müddətini də uzatdıq. Güney Azərbaycandan 12 yazıçımız bu müsabiqəyə qoşuldu. Doğrusu, buna görə çox sevindim. Amma bu hekayələrin latın əlifbasına, Azərbaycan ədəbi dilinə uyğunlaşdırılması çox vaxt aparan bir işdir, ağır prosesdir. Və bu prosesdə də mən təşkilat komitəsini tələsdirmək istəmirəm. Çünki çətin olduğunu bilirəm.

İndi isə əsər qəbulu başa çatıb. Təşkilat komitəsi tərəfindən bir çox hekayələr saf-çürük olunub. Əsərlərin ekspertlərə verilməsi yəqin ki, yaxınlarda baş tutacaq. Mövlud Novruz bayramı ərəfəsində intihar etmişdi. Elədirmi?

– Bəli…

– Çox istəyərdim ki, müsabiqənin də yekun nəticəsi onun ildönümünə düşsün. Yəqin ki, o böyük tədbir elə həmin vaxtda da baş tutacaq.

– Adamlar gözləyirdi ki, jurnalistlər üçün tikilən binadan siz də ev alacaqsınız. Amma nəticə hamımızı təəccübləndirdi…

– Vallah, mən də təəccübləndim.

– Niyə belə oldu?

– Doğrusu, mən bu məsələlərə tale kimi baxıram. Ev insanın taleyidir. Yəni sıradan bir şey deyil. Taleyi, hökmü verən isə Allahdır. Yəqin, Allah belə məsləhət bildi.

– Dediniz ki, taleyi, hökmü verən Allahdır. Yeri gəlmişkən, sizlə bu qədər danışıb və həyat yoldaşınız Elnarə xanım haqqında nəsə soruşmasaq, məncə, söhbətimiz yarımçıq qalar… Onsuz keçirdiyiniz neçənci doğum gününüzdür?

– Beşinci…

– Sizin dini dünyagörüşünüzə görə Elnarə xanım indi haradadır, nə işlə məşğuldur?

– Mənim dini dünyagörüşümə görə indi hamı Ərafdadır. Hələ cənnət-cəhənnəm seçilməyib. Seçiləndən sonra hər kəs öz yerinə göndəriləcək. Amma bilirəm ki, Elnarənin ruhu rahatdır. Çünki Elnarə xanım insan olaraq, xarakter etibarilə çox yaxşı adam idi. Nüsrət Kəsəmənlinin belə misraları var:

…Dilənçiyə verib son manatını,

Desələr, evinə piyada getdi,

Sən inan, əzizim, sən inan buna…

Elnarə xanım tip etibarilə belə adam idi. Onun məhz son qəpiyini dilənçiyə verib evə piyada getdiyi gözümün qabağında olub. Bir epizodu danışım.

– Buyurun…

– 2002-ci il 8 mart günü idi, indiki “İçərişəhər” metrosunun yanından keçəndə bir yaşlı, üzündə həyatın bütün əzablarının qırışlar saldığı qadın gördük, dilənirdi. Keçib getdik, bir az aralanandan sonra Elnarə “gözlə” deyib geri qayıtdı, mən də istər-istəməz bir az yaxınlaşdım. O, tələsik bir neçə gül aldı, həmin arvada yaxınlaşdı, gülləri verdi, sonra üstündəki bütün pulları qəpiyinə qədər – təxminən 6-7 “şirvan” olardı və bu o vaxt üçün az deyildi – ovcuna basdı, dedi, nənə, 8 mart bayramın mübarək. Arvad güllərə, sonra pula baxdı, heç nə demədi, başını qaldıranda gördük gözlərindən yaş axır. Elnarə dizi üstə çöküb arvadı qucaqladı, öpdü… Bu epizod heç yadımdan çıxmaz…

Ona görə də Allahın ona lütf edəcəyinə heç bir şübhəm yoxdur. Yəqin ki, Allah bəndələrinə vəd etdiyi ən şərəfli yerlərdən birini Elnarə xanıma verəcək.

– Ailə qurmaq istəyiniz varmı?

– Tam səmimi deyirəm, bir çox məqamda ailə qurmaq ağlımdan keçir. Çünki qız övladları böyüdürəm, mənə kömək lazımdır. Ancaq nə mənim həyatım, nə ev şəraitim, nə də uşaqlarımın dünyagörüşü buna imkan vermir. Elnarənin övladları üçün ana tapmaq həddindən artıq müşkül bir şeydir. Ona görə də düşünürəm ki, hazırda ailə qurmağım mümkün deyil. Taleyimiz necə yazılıbsa, onu da yaşayacağıq…

Kəramət Böyükçöl

Foto: Elnur Muxtar

Share: