Bir həftədir bayırda gecələyən Bakı “qaçqın”ının səhhəti ağırlaşdı!..

Artıq 7-cü gündür ki, paytaxt küçələrində gecələyən Səbail rayon sakini, 1-ci qrup əlil  Kifayət Hüseynovanın səhhəti pisləşib.
Hadisə yerində olan Moderator.az əməkdaşının verdiyi xəbərə görə, yüksək qan təzyiqi və şəkəri, eləcə də daxili orqanlarında ciddi problemlər olan 54 yaşlı qadının vəziyyəti səhər saatlarında ağırlaşdığından yanında qalan qızı “103” xidmətinə zəng edib. Təcili yardım həkimləri ilkin yardım göstərsələr də, xəstənin xəstəxana şəraitində ciddi müalicəyə ehtiyacı olduğunu bildiriblər.
Xatırladaq ki, paytaxtın Səbail rayonunda qeydiyyatda olan 3 nəfərdən ibarət ailə(53 yaşlı Hüseynova Kifayət Höküm qızı,  32 yaşlı Hüseynova Aygün Hümbət qızı və onun 6 yaşlı  oğlu Ərani İbadov) yaşadığı mənzilin kirayə haqqını ödəyə bilmədiyindən  artıq 4-cü gündür ki, Bakının küçələrində sahibsiz-yiyəsiz qalıb. Hazırda  bu 3 Azərbaycan vətəndaşı Yasamal rayonunda, “Space” telekanalı yaxınlığında – Seyfəddin Dağlı və Ələsgər Ələkbərov küçələrinin kəsişdiyi ərazidə, beşmərtəbəli binanın tininə sığınıb.
5 gün ərzində polislərdən savayı, heç bir hökumət qurumu bu didərgn ailə ilə maraqlanmayıb. Nəhayət, dünən –sentyabrn 25-də DSMF-nin Yasamal  və Səbail rayon şöbələrinin əməkdaşları evsiz ailəyə baş çəkərək problemləri ilə yaxından tanış olub.  Ailə üzvləri üçün müvafiq qaydada aylıq sosial müavinətlər təyin ediləcəyi bildirilib. Ailəyə  Əmək və Sosial Müdafiə Nazirliyinin təşkil etdiyi sığınacaqda yaşamaq təklif edilsə də, Kifayət Hüseynova bununla razılaşmayıb. O, ƏƏSM Nazirliyindən özü, qızı və nəvəsinin yaşaması üçün bir otaqlı həyət evi verilməsini tələb edir…
Share: