Tanınmış jurnalist Sevil Nuriyeva qətlə yetirilən yetirilən həyat yoldaşı – iş adamı Etimad İsmayılovdan yazıb.
Müstəqil.Az Qaynarinfo-ya istinadla xəbər verir ki, Sevil xanım acısını belə ifadə edib:
“Allah var, qəm yox!
Bu dünya mərdləri də, namərdləri də ayırd edən yerdir. Nəhayətdə, divana çıxacağıq… Mənim Etimadım mərd doğuldu və mərd kişi olaraq bu aləmi tərk etdi…
Cənnətdə onunla təkrar qovuşmaq ən böyük arzumdur. Bu gün 7-ci gündür ki, bu aləmi tərk edib. Mən ondan razıyam, dostları, iş gördüyü namuslu insanlar, qohumları ondan razıdır. Bu dünyadan ağzı oruclu, abdestli və ən son gün zəkat verərək köçdü. Allah səndən razı olsun, canımın içi. Sən İlyası necə görmək istəyirdinsə, məni necə görmək istəyirdinsə, sənə söz verirəm, hamısı olacaq…
Bu gün dostlarından mülk və yasin surəsi oxunmasını xahiş edirəm. Məni yalnız buraxmayan, dualarını əksik etməyən, başsağlığı verən, mənim çiynimə çiynini dayayan gerçək dostlarımıza mütəşəkkirəm. Allah sizləri qorusun və dərd verməsin.
Bu dünyada nəfəsim bədənimdən çıxan günə qədər Allahım üçün, məfkurəm üçün, davam üçün, Etimadım üçün, İlyasım üçün, dostlarım üçün yaxşı olmağa, mərd olmağa, mərhəmətli olmağa davam edəcəm. Acım dərin və heç dinməyəcək. Amma cənnətdə qovuşanadək dua edəcəm Etimad… Səninlə fəxr etdim hər zaman… Səninlə birlikdə keçən hər an bir ömür qədər qiymətlidir, əzizdir, əzizim.
Arxanda qoyduğun “Mərd adam” adı üçün sağ ol, canım. İlyasa buraxdığın ən qiymətli miras budur. Məni gözlə, əzizim. Vaxt tamam olanda Allah cənnətində qovuşduracaq, inşallah.
Not: Sənə alçaqca, qorxaqca, şərəfsizcə saldıran pislik isə hər iki dünyada bimar olacaq. Allahın ədalətinə sonsuz şükürlər olsun. Və Türkiyə Dövlətinin ədaləti hər şeyi şübhəsiz ortaya çıxaracaq. Qanımızı axıdan bişərəfin, namussuzun cəzasını ilahi ədalətə və Türkiyə dövlətinin ədalətinə həvalə edirəm…”.