Xeyli qol imkanlarından istifadə edə bilmədik – Qurbanov

Vacib 3 xalı qazandıq. Hər şey planlaşdırdığımız kimi alındı. “Zirə” çox yaxşı oyun göstərdi. Bugünkü (dünənki – red) oyuna görə öz yerlərində deyillər. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı “Zirə” görəcəyik.

Futbolçularımızı təbrik edirəm. İlin sonunadək həddən artıq sıx qrafikdəyik. İş rejimimizi daha da yaxşılaşdırmalıyıq. Ən çox peşəkar olduğumuz il bu il olmalıdır. İnanıram ki, futbolçularımız bu çətin işin öhdəsindən gələcəklər”.

Report xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasında “Zirə”yə evdə 3:2 hesabı ilə qalib gəldikləri I turdan təxirə salınmış görüşün ardından mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:

– Hələ ilk hissədə zədələnərək əvəzlənən Donald Gerryenin vəziyyəti necədir?

– Onun çiyni çıxmışdı. Həkimlər yerinə salıblar. Hələ ki, başqa məlumat yoxdur.

– Rəqib autsayderdir və ondan 2 qol buraxdınız…

– Hiss olundu ki, komandamız 2:0-dan sonra rahatlaşdı. Mirsahib Abbasov gözəl qollar vurdu. Xeyli qol imkanından istifadə edə bilmədik. Tez toparlandıq və futbolçularımız 3 xalı əldən vermədilər.

– Bu gün qapıda islandiyalı Hannes Halldorssona yer verdiniz. Ondan razı qaldınız?

– Qolların hər ikisi çox gözəl alındı. İnanmıram ki, qapıçılıq bir şey olsun. Hər 3 qolkiperimizə əsas qapıçı kimi baxıram.

– Bu gün daha çox əsas heyət oyunçuları meydanda oldular…

– Əvvəlki oyunda xeyli futbolçuya istirahət vermişdik. Bu gün meydana oynamayanları buraxmışdıq. İstəmirdik ki, çox formadan düşsünlər. Bəli, əsas heyət oyunçuları bu gün çox idi. Yenə düşünməyimiz lazım olacaq ki, necə heyəti quraq.

Müstəqil.Az

Share: