Təranə FAZİLQIZI
(Esse)
Zülmət zamana hakimlik edir.
Yaxınlaşan ayaq səslərinin və saçlarına dəyən mehin insana aid olduğunu güman etsə də, gözlərini açmağa qorxur. Göz qapaqları ağırlıqdan pudluq daşlar kimi sallanıb. Uzaqdan itlər canavar kimi ulaşır. Vahimədən ayaqlarını qarnına yığıb yumaq kimi bükülür. Qulağına dəyən səs onu haylayır. Səsin kimə məxsusluğunu ayrıd etməyə çalışsa da, alınmır. Səs itir, yerini kölgə tutur. Ayağa durub kölgənin dalınca düşür. Çönüb arxaya baxır, yatmış vücudunu yerində görüb çaşır…
Vücuduna hopan işıq seli onu dartıb aparır. Dinməz-soyləməz qoşa gedirlər. Qayaların, təpələrin üstündən uçurlar. Hər tərəf yaşıl çəməndir. Uca dağların əhatəsində, mağaraya oxşar qayanın yanında dayanıblar. Ətrafa baxır, bu zaman işıq seli əriyib yox olur. Mağaradan gələn nəm hava onu çəkir. Maraq güc gəlir, içəri girir. Bir addımlıqda dayanıb baxır. İlanlar ətrafda qaynaşır. Qorxmadan irəli yeriyir. Qəribədi, ilanların qoxusu olur? O, bu qoxunu açıq-aydın hiss edir. Qara xallı ilan ayaqlarına sürünərək belinə sarmaşıq tək sarınır. Qıvrılaraq üstündə gəzən ilanın soyuqluğu vücuduna məstlik verir. İlan haçalı dilini çıxarıb aşiq tək gözlərinin içinə baxır. Bu baxışlardan hərarət, sevgi axır içinə. Qoxusu doğma olsa da, xatırlaya bilmir.
Dayan, dayan, ola bilməz. İnsanla ilan? Yox! Bu mümkün deyil! Birdən özünə gəlib qorxur, qışqırmaq istəsə də, səsi çıxmır. İlan insan kimi dil açıb:
– Vəfasız mələyim! Sevgin bu imiş demək. Tez unutdun məni, ay etibarsız. İllər öncə, mən qəzaya tuş gələndə elə bilirdim, bu sənə dərd olacaq. Yoxluğumdan əzab çəkib, gül kimi solacaqsan, bir kimsəni sevmədən, keçən günlərimizə pənah aparacaqsan. Əhdinə dönük olanım, elə baxma mənə. Sənsiz keçən günlərim dərd-ələm imış, bunu duymalıydın, hiss etməliydin. Sən mənsiz qalsan da, mən qala bilmədim. Səni ikinci dəfə itirmək fikrində deyiləm!..
Danışmaq istəsə də, dili tutulub, vahimədən gözləri bərəlib. Qollarını sıxan ağrıdan azad olmaq istəsə də, alınmır. Çarəsiz axan göz yaşlarını ilan gülümsəyərək haçalı diliylə silir. O, düşdüyü halətdən, az qala bihuş olur. Qızın vücudunun sıxıldığını görən ilan boşalır. Bir anda tərəddüd etmədən ilanın boğazından tutub onu boğmağa çalışır. Boş havanı yarır. Bir də, bir də əl atır, lakin, əbəs yerə özünü yorur…
Nə qədər cəhd etsə də, heç nə olmur. Yorğunluqdan qolları sustalır. Heysiz qollarını biləkdən ovuşdurur və ayılır. Xəyalla gerçəkliyin olmadığı bir nöqtədədi. Bu nədir? O, yatmışdı?! Yəqin ki…
Mətbəx masasına qollarını dayaqlayıb yatdığından qanı vücudunda donub. Ayağa durur, gəzişir. Ayaqları qıc olub. Bir nöqtədə dayanıb gördüyü yuxunu xatırlamağa çalışır. Yadına düşmür. Beynini nə qədər didib-dağıtsa da, faydası yoxdu. Vucuduna dolan narahatlıqdan əsəbləşir. Dayan, dayan, deyəsən yadına düşdü axı! İşıq seli və göydə quş kimi qanad açıb pərvazlanan cismi…
Bəs sonra?!.