(Noyabr ayının ağrıları)
Biz zamana dayan deyirik, zaman isə gedir, vaxt qanad açıb uçur…
Ömürdən, gündən , yaşadığımız illərdən gedir bu zaman.
İyirmi səkkiz il… İllər nə tez ötüb keçir, heç bilmirsən. İllərin gəlib-keçməsindən, sanki xəbərin belə olmur…
Düşüncələrimin, xatirələrimin əsiriyəm. Ehhh… bu hava da qan ağlayır. Hər yanı qar-boran örtüb. Yollar buz bağlayıb, dağlarda, dərələrdə tarlar yığılıb. Biz bu gavurlardan necə xilas olaq? Demək olar ki, noyabr ayı girəndən kəndin qadınları, kişiləri başbilənləri heç nəyi düşünmürdülər, yalnız kənddə qalan qız-gəlinlərdən, körpə uşaqlardan savayı düşüncələrində heç nə yox…
Nənəm əvvəllərdən bu günə qədər qaca-qacdan, ermənilərin kafirliklərindən o qədər danışmışdı ki, biz olanlara nağıl kimi qulaq asardıq. Və indi də elə bilirdim ki, nənəmin danışdığı qorxulu nağıldır olanlar.
Amma… nağıl yox, gercəklik idi. Soyuqlu şaxtalı gün. İsti ocaqlar, yanar lampalar, təndirdə bişən çörəklər, odun, kömür sobasının üstündə bişən yeməklər, tövlədə bağlı qalan mal-qara , qış yuxusuna getmiş arılar…. bax, bunların hamısı yar-yarımçıq qaldı.
Gecələr səsli-küylü kəndimizə elə sakitlik çökmüşdü ki, elə bil, heç indiyə kimi buralarda insan yaşamayıb. Bu sakitlik adamın içində vahimə yaradırdı. Aman Allah bu nə deməkdi?! Hərdən qonşunun səsi gəlirdi ermənilərə söyürdü:
– “Sizin, görüm kökünüz kəsilsin gavurlar!”.
Noyabr-dekabr ayları nə qədər xoş günlərlə keçirsə-keçsin, mən bu ayların ağrılı-acılı tarixini heç unuda bilmirəm .
Beynimdə həkk olmuş qorxulu gecələr….
Hər tıqqıltıdan səksənib qapı-pəncərədən qardan, covğundan görünməyən həyətə baxırdım..
Və yollar yollara baxardım, cox əzablı -qorxulu yollar idi…
Nə qədər yazsam da heç qurtaran deyil. İtiyi itmək ağırdı, mənim yurdum, elim – obam itib.
*****
Bu, mənim həyat hekayəmin bir parcasıdı.
Bəli noyabrın 13-də bizim yolları ac canavarlar kəsdilər, aman vermədilər, aman istəyənə yox dedilər.
Səhərə qədər qarlı, boranlı, şaxtalı-ayazlı gecəni göz qırpmadan səhərə açdıq və yollardan yenidən evimizə döndük…
Hər gün hədə-qorxu, hər gün qorxunc xəbərlər gəlirdi. İki gün vaxtınız var deyirdilər. Kəndi tərk etməlisiz.. Ermənilərin son sözü bu idi…..bəs necə, hansı yolla gedəyin? Çıxılmaz bir vəziyyət!
Ayın 14 -ü səhər biz evə donmuş vəziyyətdə gəldik. Yaşlı analar, atalar biz bu günləri görmüşük, gərək uşaqlarımız bu ağrını- əzabı cəkməyəydilər, dedilər…
Hamı cıxış yolu axtararkən.. xəbər gəldi ki, kənddə olan cavan qızlar hazırlaşsınlar. Günortadan sonra hava sakitləşən kimi dağlardan keçib qonşu rayona, Gədəbəyə getməlidilər.
Mən hec yerə getmirəm, deyirəm, bu qədər qohum-əqrabanın uşaqları bizdə, mən hara gedəcəm?..
Və getmədim də, gedənlərsə yarı yoldan qayıtdılar. Boran, çovğun ermənilər kimi yolu kəsdi, Yollar keçilməz oldu, deyə geri döndülər..
Noyabrın 17-nə kimi bir illik illik ömür yaşadıq..
Və bu da son gün… Göyçəmlə son vida günüm. Hamı hazır olsun, saat üç tamamda vertolyot gəlir, -dedilər..
Gəldi də.. Bütün sevgimi… sevdiyimi də saat üç tamamda evimizin alt yolunda dəfn edib gəldim…
Həqiqət Binnətova