Kritik Soçi görüşü: Moskva Bakı ilə danışıqlara başlayır

Qarabağa dair sülh prosesi Soçi görüşündən müəyyən dərəcədə asılıdır.

Bu sözləri Müstəqil.Az-a açıqlamasında “Baku Network” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Ekspert Rusiya və Türkiyə prezidentlərinin gözlənilən Soçi görüşü ilə bağlı bəzi detalları açıqlayıb:

“Soçidə Ankara və Moskva arasında əsasən iqtisadi məsələlər müzakirə olunacaq. Türkiyənin Rusiyadan alacağı S-400-lər, Suriya və İraqdakı vəziyyətlə bağlı danışıqlar aparılacaq. Moskva bu məsələdə olduqca maraqlıdır. Türkiyə kürd separatçılığına və bu bölgələrdən gələcək terror təhlükələrinə qarşı Rusiya ilə birgə mübarizə aparmaq istəyir. Düzdür, Moskva Əsədi dəstəkləməkdə davam edəcək. Ancaq hesab edirəm ki, Rusiya və Türkiyə Suriya və İraq məsələsinin həlində müttəfiqdirlər və hər iki ölkənin maraqları üst-üstə düşür”.

Politoloq qeyd edib ki, Ərdoğan-Putin görüşündə gündəmdə olacaq dördüncü mövzu Qarabağ məsələsidir:

“Çünki Qafqazdakı vəziyyət Moskva və Ankaranı narahat edir. Türkiyə iqtisadi baxımdan problemin həllində maraqlıdır. Ərdoğan Türkiyə iqtisadiyyatının Qafqaza tam şəkildə daxil olmasını istəyir. Rusiya Azərbaycanla yaxın münasibətlərdə maraqlı olsa da, nədənsə məsələnin həllinə tələsmir. Soçidə müzakirələrin hansı istiqamətdə gedəcəyi aydındır. Çünki Qarabağla bağlı sülh prosesinin başlanğıcı bəzi rayonların geri qaytarılmasından keçir. Bunun 5 və ya 7 rayon olacağını indidən söyləmək çətindir”.

Politoloq bildirib ki, hazırkı danışıqlar prosesi gec-tez Azərbaycanın mövqeyi ilə razılaşmağı tələb edir:

“Zənnimcə, Soçidə Rusiya və Türkiyə arasındakı müzakirələrdən sonra hər iki tərəf Azərbaycanla danışıqlara başlayacaq. Ancaq Rusiya Ermənistanın mövqeyini də müdafiə etməkdə israrlı görünür. Neçə rayonun hansı şəkildə boşaldılacağı önəmli deyil. Çünki bu prosesin arxasında aydın bir sülh mexanizmi var. Ərdoğan-Putin görüşü indiyə qədərki görüşlərdən çox fərqlənəcək. Çünki Qarabağa dair sülh prosesi bu görüşdən müəyyən dərəcədə asılıdır”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Soçidə rusiyalı həmkarı ilə bir araya gələcək.

Müstəqil.Az

Share: