XƏBƏR   APARAN KÜLƏKLƏR

Təranə  FAZİLQIZI 

(Esse)

Eşqin hekayəsin bülbldən deyil, səssiz-sədasız can verən   pərvanədən soruş.                                                        Hz.Mövlanə

İş günü sona çatıb. Baharın axşam çağında tənhalığa bürünüb evə gedirəm. Havadan dəniz qoxusu gəlir. Ağaclardan saçlarıma düşən çiçəklər könlümü oxşayır. Meh çəhrayı, ağ gülləri  xalı kimi yerə döşəyib.

Yaxınlıqdakı uşaqların səs-küyü sərçələrin civiltisinə qarışıb  nəğmə kimi səslənir. Unutmağa çalışdığım xatirələr qəlb otağımda mənə dinclik vermir. Elə hey  ittiham edir. Əzəldən yanlış idi birgə getdiyimiz yol da, o yaşanmış illər də. Əslində bunu elə ilk gündən duymuşdum. Sadəcə etiraf etməkdən qorxurdum. Elə bilirdim məni məzəmmət edərlər. Ağrılarımı bir Allah bildi, bir özüm.  Yoox,  yoox,   bir də… bir də   sənə xəbər aparan küləklər…

Bir payız axşamı dərd-ələmə bükülmüşdüm. Pəncərəni döyən budaqlar hisslərimə şərik olub təsəlli verirdi mənə. Dərdimi xəbər aparan küləklərə danışdım. Həmin gün üzünə, gözünə dəyən küləklər  sənə ünvanlanmış cavabsız suallarım idi. Kim  bilir  bəlkə də həmin an sənin ayaq  basdığın küçəyə, mənzilə dolurdu bu dərdli küləklər.  Ağrımı, yaşanmış günlərin əzabını sənə çatdırmaq istəyirdim.

Ehh,  guyam bilsən nə olacaqdı ki?!

Hərdən nağıllara dönürəm. Elə bilirəm ruhum səhralarda dolaşır. Susuz dodaqlarım, beli bükülmüş qamətim bəni-adəm axtarır. Uzaqdan zınqırovun  kədərli səsində ötüb keçən dəvə karvnı, ucsuz-bucaqsız çöllər, küləklərdən boynu  bükülmüş  tək-tük  yovşan  görürəm.  Onlar da  ürəyim kimi  sıxılır…

Bağlı-boğçalı arzuların ümidində uğursuz günlərim kölgə kimi məni izləyir. Bu günlərin qaranlığında donuram. Bəzən də kədərimə üsyan edib, nakam istəklər ümmanında xəyal qururam. Bu düşüncələrdən qəlbimə düşən işartı  böyüdükcə ümidlənirəm. Mənzilimə çatmaqdayam. Kənardan  evimi seyr edirəm.

Pəncərəmdən süzülən işıq  uğurlarım, sabaha ümidim, yaşamğa qol-qanad verən gələcəyimdi…

 

 

 

 

 

 

 

Share: