Balqabağın bilinməyən faydaları

Payız və qış fəsillərində bostan məhsulu balqabaqdan milli mətbəximizdə geniş istifadə olunur.

Naxcivantv.az xəbər verir ki, tərkibi bir çox vitaminlərlə zəngin olan şirin balqabaq kalsium, fosfor, dəmir, maqnezium, natrium, kalium kimi minerallarla zəngin olan bir tərəvəzdir. Alman alimləri araşdırmalarında qeyd edirlər ki, balqabaq tumları qəbizliyə yaxşı təsir etməklə yanaşı, iltihablar, sidik tutulması zamanı çox faydalıdır. Bundan əlavə mədə bulantısını aradan qaldırır, mədə qurdlarını tökməyə təsir göstərir. Hissiyyat, sonsuzluq və ya hormonal balanssızlıq problemi olan insanlar üçün də balqabaq tumu faydalıdır. Elmi cəhətdən sübuta yetirilib ki, balqabaq tumu oynaqların iltihabı xəstəliyinin müalicəsində müsbət nəticələrə gətirib çıxarır.

Balqabağın 90 faizini su təşkil edir və kalorisi az olan məhsul hesab olunur. Yüz qram məhsulun tərkibində 25 kalori var. Xiyar və qovuna yaxın olan balqabağı bu baxımdan alimlər “dünyanın ən böyük giləmeyvəsi” hesab edirlər.

Hal-hazırda dünyada təxminən 100 balqabaq cinsindən olan 850 müxtəlif balqabaq növü mövcuddur. Lakin bunların heç də hamısı yeməli olmur. Balqabaq qırmızı, yaşıl, mavi və ya qara, dəyirmi, oval və ya butulka formalı ola bilər. 50 qramdan tutmuş təxminən 900 kiloqrama qədər nəhəng balqabaqlara rast gəlmək olar. Narıncı Hokkaido sortu ən klassik və yaxşı balqabaq hesab edilir.

Balqabaq beta-karotenoid maddəsi ilə zəngindir. Toxumalara təbii rəng verən və hüceyrələri qoruyan bu maddə A vitaminin əmələ gəlməsində əvəzsiz rol oynayır. Balqabaq tumundakı karotenoid və omeqa-3 yağları görmə qabiliyyətini gücləndirilməklə yanaşı, insan hüceyrələrini cavan saxlayır, dərinin qocalmasının qarşısını alır, prostat xərçəngi riskinin azaldır, ürək damar sağlamlığına yaxşı təsir edir.

Share: