Ləpələri qırçın-qırçın hör də gəl, Gör darıxmaq necə olur mənimçün

Nurudə MİSİR

 

DARIXMAQ NECƏ OLUR

Nəfəsimi köynək elə, geyin, gəl.
Darıxmışam, uça-uça, yeyin gəl.
Bir az qışqır, bir az danış, deyin, gəl.
Gör darıxmaq necə olur mənimçün.

Xəyalımı bu payızdan as, gətir,
Acıqlanma, səbirini bas, gətir.
Kəlbəcərdə öldü sevgim, yas gətir,
Gör darıxmaq necə olur mənimçün.

Ömrü gödək, ömürlərə calan, ğəl.
Qəlbim olub torpağım tək talan, gəl.
Buz nəfəslim, küləklərlə dolan, gəl,
Gör darıxmaq necə olur mənimçün.

Kədərını bu dənizlə böl də gəl,
Dalğalarda surətimi gör də gəl.
Ləpələri qırçın-qırçın hör də gəl,
Gör darıxmaq necə olur mənimçün.

Körpə kimi basım səni bağrıma,
Məlhəm olum, azarına, ağrına,
Nuridəni istəsən heç arama,
Gör darıxmaq necə olur mənimçün.

Payız

Ürəyimdə bir həsrətin adası,
Gözlərimdə yaşıl yarpaq vidası.
Naxış-naxış keçmışimin butası,
Varlığıma süzülübdü bu payız.

Güman getdi duman gedən tərəfə,
Ömür getdi zaman gedən tərəfə.
Ta gedirəm anam gedən tərəfə…
Yolum üstə düzülübdü bu payız.

Yuxarı

Güzgüdəki mənə baxdım,
Mən idim məndən yuxarı.
Taxıl kimi rişələndim,
Sünbülüm dəndən yuxarı.

Həyat sənlə gözəliydi,
Ruhum sənlə özəliydi,
O, Tanrıydı, əzəliydi,
Sən idin səndən yuxarı.

Sən mənim xəzan payızım,
Buz nəfəslim, xoş avazım.
Zildən düşdü könül sazım,
Qalxmadı bəmdən yuxarı.

Gözüm izinə iz saldı ,
Yolçu oldu , yola vardı,
O zirvədə Murov qaldı,
Dumandan, çəndən yuxarı.

Nuridəni zaman vurdu,
Ah göynətdi, aman vurdu.
Kədərim üzümə durdu,
Dayandı qəmdən yuxarı…

Geri dön.

Halımda hal qoymadın,
Hisslərimlə oynadın,
Ayrılıqdan doymadın?
Geri dön.

Yağış yağmaq istədi,
Yaş kipriyim üstədi,
Ürəyim can üstədi,
Geri dön.

Bülbüllər gülə gəldi,
Sonalar gölə gəldi,
Təkliyim dilə gəldi,

Geri dön

Qəm, kədəri bəslədi,
Musiqidir, bəsdədi?
Ruhum sənsiz xəstədi,
Geri dön.
Geri dön…

Share: