Müstəqil.Az doğma diyar Dərbənddə yazıb,yaradan nəğməkar şairə Zeynəb Dərbəndlinin yeni şeirlərini təqdim edir:
DƏMİRQAPI DƏRBƏNDİM
Sən mənim qürur yerim, mənim ümid yerimsən,
Sözümə qanad verən, ruhum, ilham pərimsən.
Misra- misra yazılan dastanımsan, şeirimsən,
Sənə arxalanıbdır hər cığırım, hər bəndim,
Dəmirqapı Dərbəndim.
Sən Qafqazın baş tacı, əlçatmaz zirvəsisən,
Koroğlunun, Şamilin yurd, torpaq həvəsisən.
Min əsrdən boylanan Qorqudumun səsisən,
Boynumda boyunbağım, qolumda bazubəndim,
Dəmirqapı Dərbəndim.
O yan bu yan hasarlı, şah yurdu, xan elisən,
Dağıstanın milyonu əvəz edən ləlisən.
Hər millətin Allaha, uzanacaq əlisən,
Sənə səcdə eyləyir hər şəhərim, hər kəndim,
Dəmirqapı Dərbəndim.
Sən dahilər diyarı, bir müqəddəs şəhərsən,
Sabaha doğru inam, açılan nur səhərsən.
Zeynəbin məğrur adı, millətimçün hünərsən,
Nə yaxşı bu dünyaya, sənin qoynunda endim,
Dəmirqapı Dərbəndim.
………………………………………