Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Camal Qaşıqçı cinayətini Türkiyənin üzərinə yıxmağa çalışır.
Müstəqil.Az Publika.az-a istinad edərək xəbər verir ki, bu haqda Türkiyənin “Yeni Şəfəq” nəşrinə Mehmet Acet yazıb.
Onun sözlərinə görə, məqaləni ərəb hakimiyyətlərində, Körfəzdə, bağlı qapılar arxasında nələrin baş verdiyini, Türkiyəyə qarşı hansı çirkin oyunların oynanıldığını yaxşı bilən bir şəxsi dinləyərək qələmə alıb.
“Birləşmiş Ərəb Əmirlikləri avqust ayında Türkiyəni hədəf alan valyuta hücumlarının tam mərkəzində yer alırdı. Bu, şübhəsizdir. Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından ibarət üçlük Qaşıqçı cinayətində günahı Türkiyənin üzərinə qoymaq üçün “bu cinayət türk səlahiyyətlilərin iştirakı olmadan baş verə bilməzdi, işin içində bəzi türk səlahiyyətliləri var” şəklində bir “qara piar” kampaniyası aparırlar. Təəssüf ki, bu kampaniya yaxşı işləyir”, – yazar qeyd edib.
Onun sözlərinə görə, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Qaşıqçı cinayətini ört-basdır etmək, bu mümkün olmadığı halda, cinayəti Türkiyənin üzərinə yıxmaq qərarına gəliblər.
Amma, qeyd edilir ki, cinayətə aid dəlillərin hər kəs tərəfindən qəbul ediləcək qədər güclü olması bu ölkələri “fərqli strategiya”nı həyata keçirməyə itələyir.
“Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Qaşıqçının öldürülməsi ilə əlaqədar hələ ictimaiyyətlə paylaşılmayan dəlillərin olduğunu bildirdi. Hələ açıqlanmayan dəlillər arasında cinayət əmrini verən şəxsə qədər əhəmiyyətli məlumatların olub-olmadığı maraq doğurur. Müxtəlif ölkələrə göndərilən səs qeydləri ilə Səudiyyə Ərəbistanının belə razılaşdığı bildirilir. Lakin bu səs qeydlərinin məzmunu hələ ictimaiyyətə tam məlum deyil. Bunlar cinayəti törədənlər qədər, onun əmrini verənlərin də canına qorxu salan suallardır. Ona görə də Qaşıqçı cinayətini Türkiyənin üzərinə yıxaraq işin içindən sıyrılmaq cəhdi müdrik bir “çıxış strategiyası” kimi görünmür. Bunun əvəzinə, yan yollarla irəliləyərək yenə Türkiyəyə zərər vermə motivi ilə vəziyyətdən çıxmaq istəyə bilərlər”, – Mehmet Acet qeyd edib.
Söhbət hansı ssenarilərdən gedə bilər?
“Gəzi hadisələrində, 15 iyul dövlət çevrilişə cəhddə və avqustda valyuta hücumlarında olduğu kimi pulun gücündən istifadə edərək birbaşa Türkiyəni hədəf alan, Ərdoğanın Qaşıqçı cinayətinin aydınlaşdırılması üçün sərgilədiyi qərarlı duruşa təsir etməyə yönəlik yeni cəhdlər qarşımıza çıxa bilər. Qarşıdakı müddətdə Türkiyəni çətin vəziyyətə sala biləcək hər hansı proseslər baş verdiyi təqdirdə, izləri ilk olaraq bu üç ölkə üzərindən axtarmaq lazımdır”, – yazar əlavə edib.
Ömər Dağlı