Biz bu məkana bir işıq simvolu kimi üz çevirib gəldik. Dedik gedək, bir səmimi insanla görüşək, onu yad edək, onunla həmsöhbət olaq, xatirəmizə gözəl bir gün yazaq.Və bu gözəl bir günü də qazandıq. Bax neləcə biz, dəyərli dostlarla Siyəzəndə, Böyük Həmlə kəndində şair Nəcməddin Mürvətin evindəyik. Nə daşırıq, nədən danışırıq, gəlib çıxırıq, ədəbiyyatın, yaradıcılıgın, şeirin üstünə.
-Nəcməddin müəllum, sizi uzun illərdir ki, tanıyıram. Dəfələrlə Siyəzəndə direktor oldugunuz məktəbdə görüşlərdə olmuşuq. Siz həm pedaqoji fəaliyyətinizlə, həm yaradıcılıgınızla, həm yazarlarla sıx ünsiyyətdə olmagınızla daha çox diqqətdə qalırsınız.. Deyin, Sizin bu işlərdə fəal olmagınız, əlbəttə sevindiricidir, nümunə göstəriləndir. Sirr deyilsə, deyin, bütün bunları necə çatdırırsız, sirri nədədir?
– Mən ixtisasca riyaziyyat müəllimi olsam da ədəbiyyata marağım hələ orta məktəbdən başlayıb. Siyəzəndə orta məktəbdə oxuyarkən bizin Hüseyn müəllim adlı yaxşı bir ədəbiyyat müəllimimiz olub. O, az danışardı, amma dediyi sözlər o qədər mənalı olardı ki. Bütün varlıgımızla biz ona diqqət kəsilərdik. yadımdan çıxmır, Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” əsərini keçirdi. Mən də “Ədəbiyyat müntəxabatı” kitabında nə varsa onları tam öyrənmişdim. Dərsimi danışdıqdan sonra soruşdu ki, Ordubadinin başqa hansısa əsərini oxumusanmı?
Yox, – dedim. Heç adı çəkilən romanı da oxumamışdım.
Sənə” 3 “dən artıq qiymət verməyəcəyəm, dedi. Dedim günə oxuyaram. Bir söz demədi, eləcə gülümsədi. Mən kitabı əlimə alanda bildim ki, Hüseyn müəllim niyə gülümsəyib. Kitab həcmcə çox böyük oldugundan məni heyrət bürüdü.
Mən o vaxt riyaziyyata meylim oldugum üçün bədii ədəbiyyatı çox oxumurdum. Bilirsiniz ki, dəqiq elmləri çox oxumurlar, çox düşünürlər. Növbəti gün dərsə gələndə oxumağa başladınmı?- soruşdu. Yox,- dedim.
Sonrakı iki günü kitabı oxumağa başladım. Və başa düşdüm ki ədəbiyyat nədir. Və indi də o kişiyə rəhmət oxuyuram ki, məndə o kitabı oxumağa həvəs oyatdı, mənə ədəbiyatı sevdirdi.
-Bununla belə seçiminiz yenə də fərqli oldu…
-Elədir. Riyaziyyatı bitirdim. Tələbəlik illərində uşaqlara sataşmaq üçün şeirlər yazırdım və görürdüm ki, mən yaza bilirəm. Yazdıqlarımı 20 il gizlətdim. Bəzi məclislərdə öz şeirlərimi deyirdim. Soruşanda deyirdim ki, başqa şairlərdəndi. Başa düşürdülər ki, şeirlər mənimdi. Bir şagirdim şeirlərimi toplayıb kitabımı çıxartdı.
Rayonda dərc olunan “Çıraq” qəzetində dərc olunan “Şuşa” şeirim mənim populyarlığımda xususi rol oynadı:
Bağışlama, heç zaman öz oglunu, qızını
Ay ürəyi alovlu, ürəyi şan-şan Şuşa….
Amma yenə də şeirin meydanına at səyritmirdim, öz işlərimlə məşgul idim. Məktəb direktoru işləyirdim. Amma dostlarım, Gözəl şairəmiz Ofelya Babayeva, Əlirza Xələfli məndən şeirlərimin çap olunmasını tələb edirdilər. Sadıq Elcanlı məni Azərbaycan televiziyasına çıxmaga dəvət etdi. Bəxtiyar Qaraca haqqımda “Həyat hekayələri” adlı film çəkdi. Bu da oldu mənim ədəbiyyata gəlişim.
Sonra gördüm ki, meydandayam. Geri çəkilməyə halım yoxdu. Sonra “İlk sözüm”adlı kitabım çıxdı. Ondan sonra “Etiraf” kitabım işıq üzü gördü. Nəyinsə başlangıcında adam etiraf edir. Mən də etiraflarımı etdim.
-Şeirlərinizdə səmimiyyət oxucunu öz aurasında saxlayır…
– Səmimi olmaq mənim həyat kredomdu. Həddən artıq təvazökarlıq da bəzən insanın özünə qiymət verməməyə gətirib çıxarır. Mən də həddindən artıq təvazökarlıq mərhələsini keçməməliydim.
– Nəcməddin müəllim, Siyəzəndə ədəbi mühit necə formalaşıb? Elə bir ədəbi mühit varmı yııgışıb bölüşəsiniz, ədəbi mübahisələr edəsiniz?
– Siyəzən ədəbi mühiti, Quba, Şabran ədəbi mühiti var. Tarixən burda güclu ədəbi mühit olub. Xızının Cəfər Cabvarlısı, Müşfiqi olub, Agasəfası var. Qubada Ramiz Qusarçaylı, Zakir Məmməd, Aydın Tagıyev var, Şabranda Ajbəniz Əliyar var. Və başqa gözəl qələm sahibləri…
Biz peşə ilə məşgul olan adamlarıq.Vaxtımız olanda ədəbiyyatla məşgul olmaga çalışırıq.
Mən məktəb direktoru işləyirəm. bir dəfə tanıdıgım qələm sahibləri ilə görüşlər keçirirəm. Bu görüşlərdən sonra böyük dostluq əlaqələrimiz yaranıb.
– Əslində siz düz deyirsiniz. Siz öz peşə fəaliyyətinizlə məşgulsunuz Hələ bu qədər iş bollugunda ədəbiyyata vaxt ayırırsınızsa böyük cəsarətdi. Görüşlər keçirirsiniz. Bütün bunların müqabilində mərkəzdən hansı qaygını görürsünüz?
– Mən adətən: sən hansı sahədə nailiyyət qazana bilmirsənsə deməli özün günahkarsan sanmalısan düşünmüşəm. Hər kəsin öz qayğısı var. AYB nin üzvüyəm, Prezdent mükafatçısıyam. Kitab təqdimatlarım AYB də keçirilib. Televiziya kanallarına dəvətlər almışam….
– Sizə ən çox təsəlli verən nədir? Evdə, işdə sizdən soruşan varmı ki, təzə nə yazmısısınız?
-Mən böyük bir kollektivdə çalışıram. Orda hər gün məndən təzə nə isə istəyirlər. Elə şeylər ortaya qoymalısan ki, onu səndən soruşalar.
Poeziya – elə bir sahədir ki, onu qınamaq olmaq. Qarşındakının ruhu olmalıdır. Və tanıdıgım adamlarda mən bu saglam ruhu görürəm. Bu mənə bəs edir.
– Növbəti planlarıız?
– Hər il bir kitabım çıxır. Bu işdə mənə dəstək olan adamlar var.
Gözəl şairimiz Musa Ələkbərliyə mən minnətdarlıgımı bildirirəm.
Dəyərli ziyalımız Əlirza Xələflinin haqqımda böyük bir monoqrafiyası çıxıb. O yazıda haqqımda yazılan qələm adamlarının məqalələri cəmlənib. Və ruhu olan insanlardan özümə bu diqqəti, qaygını görürəm.
– Gənclərə sözünüz? Kənddən baxanda Bakı ədəbi mühiti necə görünür?
– Azərbaycan ədəbi mühitində çoxlu yazarlar var. 50 – 60 tanıdıgım varsa bu mənə bəs edər. Gənclərimizin arasında istedadlı qələm sahibləri var. Hansı sahədə olur olsun Xalqa xidmət etsinlər.
– Qələm adamları adətən mərkəzə gəlməyə, yaşamaga can atırlar. Siz kənddə yaşadınız, yazıb-yaratdınız. Peşiman deyilsiniz ki?
– Bu mənim taleyimdi. Mən burda olmalıydım. Hər bir şərait var. Mən öz düşüncələrimdə bütün mühitləri yaradıram.
İlk cümlədən də SÖZə çox ehtiyatla yanaşıram.
Allah istedad veribsə, zəhmətin də olmalıdı. Şəraitə uygunlaşmalısan, şəraitini özün uygunlaşdırmalısan.
Evimizdə ölkəmizin dəyərli ziyalıları qonaq olublar. Nəriman Həsənzadə, İlyas Tapdıq, Musa Ələkbərli və başqaları.
– Nəcməddin müəllim, çoxları elə bilir şair ədəbiyyatçı olmalıdı. Siz riyaziyyatı ədəbiyyata yaxınlaşdırmısınız ya ədəbiyyat sizi riyaziyyata yaxın edib. Riyaziyyatda olan dəqiqlik sizin xarakterinizdə var. Sözü bütöv, mərd, xeyirxah…
– Riyaziyyat bütün elmlərin şahıdır. Puşkinin belə bir dərin fikri var: Riyaziyyatda oldugu qədər, poeziyada da ilham lazımdı. Mən elə düşünürəm ki, onun riyaziyyatçı olmaga ilhamı olmadı, getdi şair oldu.
Mən özümü əsl ritaziyyatçı hesab etmirəm. Əsil poeziyanın dərki imkan verir ki, çoxlarının başa düşmədiyini poeziya dili ilə qələmə alsın.
Bu düşüncə ilə yanaşanda poeziyada dəqiqlik. dürüstlük, ardıcıllıq yerində olanda gözəl olur..
Fərqanə Mehdiyeva
“Ulduz” jurnalının poezyia şöbəsininn rəhbəri
BAKI-SİYƏZƏN – BAKI
Xüsusi olaraq Müstəqil.Az üçün