Eynulla Fətullayev
Dünən Estoniyanın Mərkəzi kriminal polisi və Baş Prokurorluğu yarıkriminal “Danske bank” eston bankının on müştəri-menecerinin həbsi barədə vacib bəyanatla çıxış etdilər. Nəyə görə bu məlumat bizim diqqətimizi cəlb etdi? Birincisi, Avropa İttifaqının ərazisində fəaliyyət göstərən banklardan birinin ətrafında baş vermiş səs-küylü siyasi və maliyyə qalmaqalı bu günə kimi Azərbaycan Beynəlxalq Bankı ətrafında baş vermiş siyasi-kriminal əhvalata görə məsuliyyəti siyasi hakimiyyətin üstünə yıxan Azərbayan müxalifətinin əsassız ittihamlarına ən gözəl cavabdır.
Nüfuzlu “Financial Times” nəşrinin yazdığına görə, uzun illər ərzində aparıcı Estoniya banklarından biri postsovet ölkələrindən 30 milyard dollara yaxın pul yuyub. Lakin hansı səbəbdənsə korrupsiya və mütəşəkkil cinayətkarlığın tədqiqi üzrə Soros layihəsi olan OCCRP-nin səs-küylü araşdırması əsasən yalnız bir ölkəyə – Azərbaycana toxunub. Bütöv bir Avrasiya sindikatının bir tərkib hissəsinə görə ajiotaj yaradılmışdı. Bu məqamda biz Estoniya hüquq-mühafizə orqanları rəhbərlərinin mətbuat konfransında diqqətimizi çəkən ikinci motivə yaxınlaşırıq.
Müxalifətçilər və Azərbaycan hökumətinin şəbəkə tənqidçiləri bu günə kimi “Danske bank”ın Azərbaycandan kriminal pul köçürmələri sistemində iştirakı məsələsini hallandırırlar.
Danske Bank
Dünən Estoniya Mərkəzi kriminal polisinin rəhbəri açıq şəkildə bəyan edib ki, Gürcüstandan və Azərbaycandan bu bank vasitəsilə təxminən 300 milyon dollar yuyulub. Dərhal təbii sual meydana çıxır – Azərbaycandan pulların yuyulmasında iştirak etmiş şirkətləri qazıb çıxaran tədqiqatçı jurnalistlər nəyə görə gürcüstanlı oliqarx və məmurların pulları ilə maraqlanmayıblar? Gəlişigözəl və hətta ritorik sual deyil, aşkar siyasi sualdır. Doğrudanmı, konsorsiuma yalnız Azərbaycandan pul köçürmələri ilə bağlı sifariş gəlib?
Ötən həftə Böyük Britaniyanın Cinayətkarlıqla mübarizə üzrə agentliyi Azərbaycandan yollanmış və eston bankında yuyulmuş pul vəsaitlərinin daxil olduğu bank hesablarına həbs qoyub. Şəbəkə müxalifəti şadyana çığırtı qopararaq təntənəli şəkildə bildirdi ki, bu çoxmilyardlıq maliyyə axınının mənbəyi Azərbaycan hökuməti imiş. İndi isə gəlin, konsorsiumun hazırladığı və “Azadlıq” radiosunun təqdim etdiyi pulların yuyulması sxeminə diqqət yetirək. Pullar “Danske Bank”a haradan ötürülürdü? Estoniya bankına şübhəli pul köçürmələrinin yeganə mənbəyi kimi “Baktelekom” MMC (“Bakı telefon şəbəkəsi” MMC) göstərilir. “Bakı telefon şəbəkəsi” faktiki olaraq yarıdövlət strukturudur və Bakı şəhərinin ərazisində telekommunikasiya xidmətləri göstərir. Bu struktura Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov rəhbərlik edirdi. 2017-ci ilin iyul ayının 27-də korrupsiyada və pulların yuyulmasında ittiham olunmuş V.Zeynalov 13 il müddətinə həbs cəzasına məhkum edildi.
Vidadi Zeynalov
“Baktelekom” MMC-yə nəzarət edən dövlət məmurunun adı keçmiş MTN şefi Eldar Mahmudovun oliqarx qruplaşmasının səs-küylü işi üzrə də hallanırdı.
Diqqət yetirin, pullar “Baktelekom” MMC-dən Beynəlxalq Banka, oradan isə “Danske Bank”a axır. Göründüyü kimi, cinayətkar sxemdə Beynəlxalq Bankın başçısı, Eldar Mahmudovun qudası – adı dillər əzbəri olan, Azərbaycanda 18 illik həbs cəzasına məhkum olunmuş Cahangir Hacıyev də yer alıb. Bu yaxınlarda C.Hacıyevin arvadı Zamirə Hacıyevanın həbsi ilə bağlı qalmaqal Böyük Britaniyanı silkələmişdi. Məlum olduğu kimi, Britaniya hakimiyyəti Z.Hacıyevanın hesablarına həbs qoymuş, onu tutmuşdu, hazırda o, ev dustağı kimi məhkəmə prosesinin başlanmasını gözləyir.
Beləliklə, “Azərbaycan landromatı”nın – iki il ərzində qondarma Britaniya şirkətlərinin hesablarına oturan pulların yuyulması sxemlərinin bütün əsas fiqurları Azərbaycanın özündə ifşa edilib və məhkəmə qaydasında cəzalandırılıb. Londonda olduğu kimi, Bakıda da yuxarıda göstərilən mürəkkəb kriminal sxemlə kimin pullarının yuyulması yaxşı məlumdur.
Zamirə Hacıyeva və Cahangir Hacıyev
İndi isə yazının əvvəlində səslənmiş əsas suala qayıdaq – nəyə görə Sorosun tədqiqatçı jurnalistləri Latviyanın, Moldovanın, Gürcüstanın da yer aldığı Landromat maliyyə sxemlərinin mənbələrinin ətraflı araşdırmasını aparmadılar? Bəli, Moldovada məşhur siyasətçi və iş adamı İlan Şorun ətrafında iri siyasi qalmaqal yaşandı. Onu həbs etdilər. Lakin Azərbaycan Landromatının da ən azı üç iştirakçısı – Vidadi Zeynalov, Cahangir Hacıyev və Eldar Mahmudov cinayət məsuliyyətinə cəlb edilib və azadlıqdan məhum olunublar. Nəyə görə indiyə kimi Avrasiya kriminal maliyyə sindikatının Azərbaycan tərkib hissəsi ətrafında spekulyasiyalar davam etdirilir?
general-polkovnik Eldar Mahmudov
Məgər adı çəkilən ölkələrdə, Estoniyanın özündə olduğu kimi, hakimiyyətlər siyasi məsuliyyət daşıyıblar? Hakimiyyət o zaman məsuliyyət daşıyardı ki, cinayətkar fəaliyyətə göz yumsun. Fəqət sindikat ifşa olunub, 18 general, ölkənin baş bankiri və keçmiş nazir barmaqlıqlar arxasındadır, Azərbaycan hökuməti isə qanunsuz çıxarılmış vəsaitləri ölkənin büdcəsinə qaytarmaq üçün hər gün mübarizə aparır. Azərbaycanın maliyyə naziri Samir Şərifovun bəyanatına əsasən, bu cinayətkar sxem vasitəsilə kriminal sindikat ölkədən ofşorlara 5 milyard dollardan çox vəsait çıxara bilib. Şəbəkə müxalifətçiləri 2,6 milyarddan danışırlar. Lakin ölkədən çıxarılaraq yuyulmuş pullar daha çoxdur. Hökumətin özü belə deyir…
Beləliklə, ötən ay ərzində Britaniya hüquq-mühafizə orqanları Hacıyev-Mahmudov sindikatı ilə əlaqəli dörd şübhəli şirkətin hesablarına həbs qoyaraq, Zamirə Hacıyevanın həbsindən sonra “Danske Bank”ın yuduğu pul vəsaitləri ilə mübarizədə ikinci qərarı qəbul ediblər.
Avrasiya Landromatının “Azərbaycan səhifəsi”ni çevirməyin vaxtıdır. İndi biz səbirsizliklə Latviya, Gürcüstan, Moldova və başqa ölkələrdəki landromat haqqında yeni ifşaedici sensasiyaları gözləyirik.