Rusiya hüquq-mühafizə orqanlarından APA-nın Moskva müxbirinə verilən məlumata görə, noyabrın 13-də Moskva vilayətinin Naro-Fominsk rayonunda Azərbaycan vətəndaşı, 1981-ci il təvəllüdlü Xanbaba Nərimanovu qətlə yetirən şəxs Azərbaycan vətəndaşı, 1987-ci il təvəllüdlü Fariz Hüseynov olub.
MDB ölkələri üzrə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Bürosunun direktor müavini, polis general-mayoru Əkbər Yusifov APA-nın Moskva müxbirinə həmyerlilərimiz arasında baş verən qətl hadisəsinin təfərrüatları barədə danışıb: “Qətlə yetirilən Xanbaba Nərimanov biznes fəaliyyəti ilə məşğul olub. O, Rusiyanın Kaluqa vilayətində qeydiyyatda olub. Qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı Fariz Hüseynov Xanbaba Nərimanovun işçisi olub. Aralarında mübahisə yaranıb. Fariz Xanbabaya bıçaqla xəsarət yetirib. Sonra onun cəsədini avtomobilinə qoyaraq Naro-Fominsk rayonundakı xəstəxananın qarşısına gətirib və oradan qaçıb. Fariz hələ də saxlanılmayıb”.
Ə. Yusifov bildirib ki, faktla bağlı cinayət işi açılıb, F. Hüseynovun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.