“Qolumun sən tutan yeri, Üşüyür…”- şair Qabil Nəbiyevin şeirləri

 

Müstəqil.Az şair Qabil Nəbiyevin şeirlərini təqdim edir:

GƏZİB SEVDİM.
Bir tər gülün, bir çiçəyin
Xoş ətrini sevir hamı.
Mənsə gülün solmuşunu,
Qurusunu əzib sevdim.

Bir gözəlin qamətini
Yerişini sevir hamı.
Mən dilbərin ürəyində
Vəfasını sezib sevdim.

Bu dünyanın ləzzətini,
Xoş gününü sevir hamı.
Mən həyatın əzabına,
Sınağına dözüb sevdim.

Bu şəhərin gur işıqlı
axşamını sevir hamı.
Mən yurdumun dağlarını,
Meşəsini gəzib sevdim.

Təmtəraqlı cümlələri,
Xoş sözləri sevir hamı.
Mən sözlərin eyhamını,
Mənasını yazıb sevdim.

 

 

UŞAQ OLMAQ İSTƏYİRƏM.
Uşaq olmaq istəyirəm, ay ana.
İstəmirəm belə böyüklüyü mən…
Başımı qoyum dizinə,
Lal kimi baxım üzünə.
Hər qayğıdan uzaq olum,
Bir az, yenə uşaq olum…

Sən qarışdır saçlarımı,
Bir az, bərk-bərk, bir az yavaş,
Sən yeganə qorxum idin,
Səndin yalnız, əsil yoldaş.
Yansın yenə isti ocaq,
Sən cavan ol, mən də uşaq…

Çək başıma mənim tumar,
Yuxulayım, olum xumar.
Yerim olsun isti qucaq,
Nə bəxtəvər olur uşaq?..
Hər dərdimi sənə deyim,
Nə verərsən, onu yeyim,
Təzə geyim, köhnə geyim…
Uşaqlığın qapısı yox,
Zəngin basım, daşla döyüm…
İstəmirəm böyük olmaq,
Çiyinlərində yük olmaq.
Yüküm, zərif əlin olsun,
Acım, söyən dilin olsun…

Uşaq olmaq istəyirəm, ay ana.
Nəyi, hara aparmağı,
Hardan, niyə qaytarmağı,
Denə, yenə öyrət mənə.
Arxamdakı zirvəm, dağım,
Qayıt, qoy söykənim sənə.

 

O PƏNCƏRƏ, BİR DƏ SİZ.
Küçənizdən keçirdim,
Açıq idi qapınız.
Arasından boylandım,
Evdəydiniz hamınız.

Səs-küyünüz gəlirdi,
Gah yavaşdan, gah bərkdən.
Hamı deyib, gülürdü,
Sevinirdi ürəkdən.

Görünürdün arabir,
Pəncərədən, pərdəsiz.
Nə gözəl mənzərədir,
O pəncərə, bir də, siz…

Böyük maşın var idi,
Qapınızda bir gün də.
Keçməyə yol dar idi,
Qab-qacaq yol içində.

Böyük, kiçik yığışıb
Bu evdən köç etdiniz.
Necə hamı sığışıb
Bir ürəyə getdiniz?..

Təzada bax hələ bir,
Pəncərələr pərdəsiz.
Nə acı mənzərədir.
O pəncərə, bir də siz…

 

 

 

BU DA BİR OYUNDU…
Bir dəli quyuya kiçik daş atdı,
Fikirlər cəmləndi, aləmi qatdı.
Yatanı yuxudan guya oyatdı,
Bu da bir oyundu, oyundu, bala.
Yaxında toyundu, toyundu, bala.

Milçək vızıldadır, gizlədir fili,
Hamıdan ağıllı oldu bu “dəli”.
Əlinin papağın geyindi Vəli,
Bilmədim nə cürə löyündü, bala,
Bu da bir oyundu, oyundu, bala.

Tərəzi ayrı bir mizanda durub
Qıraqda mizanı pozan da durub.
Arada bir dəli ozan da durub,
Oxudu, oynadı, soyundu bala,
Bu da bir oyundu, oyundu, bala.

Çək qalın kürkünü başına yenə,
Quru od vuracaq yaşına yenə.
Aldanıb gözünə, qaşına yenə,
Qurdun ağzındakı qoyundu bala,
Bu da bir oyundu, oyundu, bala.

 

QOLUMUN SƏN TUTAN YERİ…
Gülüm, söylə neyçün mənə,
Ayrılığı gördün rəva?
Necə qıydın sevdiyinə,
Sənsizliyi, a bivəfa?

Sənsiz günəş də gülməyir,
Darıxır bu cığırlar da.
Küsüb, bahar da gəlməyir,
Sular donub çuxurlarda.

Diqqətsiz olmuşam mən də,
Baxmıram ki, ilişərsən.
Qorxmuram ki, qarda birdən,
Büdrəyərsən, sürüşərsən.

Səninlə getdiyim yollar
Keçilməzə dönüb indi.
Bir birinə keçən qollar
Yanımızda donub indi.

Gözüm baxır, görmür yeri,
Çatışmayır bir “Sən” məndə.
Qolumun sən tutan yeri,
Üşüyür mən yol gedəndə…

Müstəqil.Az

Share: