Sənət adamları Fədayə Laçın haqda

Xəbər verdiyimiz kimi, müğənni Fədayə Laçın ötən gün həbs edilib.

Sənət dostları Fədayəyə dəstək olublar. Onlar sosial şəbəkədə müğənninin ifasını paylaşaraq, bunları yazıblar.

Əməkdar artist Elza Seyidcahan:
“İnsan olan kəs bu ifanın qarşısında ya məhv, ya da adam olar. Kimisə qınamaq olmaz. Ay Fədayə, kaş deyilən sözlər yalan olardı. Sən özün hər zaman hər şeyin yerini bilən, qabiliyyətli, mərd, səmimi  və qanunlarımıza hörmət edən bir xanım olmusan. Bu nə işdir? Allah anana səbr versin”.

Rəqsanə İsmayilova:
“Bəzən başımıza nə gələcəyini bilmirik. Biz nədənsə yıxılana balta vururuq. Həyatda heç kim heç nədən sığortalanmayıb. Biz də insanıq, nə olsun ki, müğənniyik? Qanun hamımız üçündür, amma çox pis oldum. Allah ailəsinə səbr versin. Fədayə ilə yaxın dost olmasam da, bir qadın, ana kimi üzüldüm. Allah yolunu açıq etsin. Biz sənətdə olan insanlar belə gün olanda heç bir zaman bir-birimizə kömək olmuruq. Allah şeytana lənət eləsin. Türkiyədə Deniz Seki tutuldu, bütün müğənnilər ona dəstək oldu. Səhv hamının həyatında bir dəfə olur. Biz ancaq insanları baltalayıb başına bir iş gələn kimi yıxmağa çalışırıq. Sevmək gözəldir, hər bir insan sevə bilər. Axı sevgi heç bir sərhəd tanımır. Bu sevginin sonu belə acılı sonluqla bitir”.

Tacir Şahmalıoğlu:
“Mən də bir eloğlu kimi Fədayə xanımın həbsinə üzülənlərdən biriyəm. Allah yolunu açsın”.

Müğənni Ayan Babakişiyeva:
“Uşaq idim bu mahnıları dinləyəndə. Tale bizi yaman yerdə sınadı. Bilmədən qınamayın, yıxılanı baltalamayın”.

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu:
“Günün ən üzücü xəbəri. Fədayə doğrudan da gözəl sənətkardı. Sevginin gözü kordur. İnsanı haralara desən aparar. Dua edib, Allahdan gözəl sənətçimizin yenidən sevənlərinin, ailəsinin yanına qayıtmasını diləyək”.

Qüyd edək ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

F.Laçın həmin iş üzrə təqsirləndirilərək barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu gün isə F.Laçının qaçan məhbuslardan biri, “Qoca” ləqəbli avtoritet Etibar Məmmədovla fotosu yayılıb. Fədayənin “Qoca” ilə sevgili olduğu bildirilir.

Milli.Az

Share: