Ərdoğan və Putinin Qarabağ razılaşması: Yeni müqavilə…

Türkiyə prezidentinin Qarabağ məsələsində Putinin həlledici rolunu dilə gətirməsi bağlı qapılar arxasında ona bəlli olan məxfi informasiyalardan qaynaqlanır. Türk liderin bir müddət öncə Soçidə Qarabağ məsələsinə yer ayıracağını bəyan etməsi də çox mühüm bir mesajı əks etdirir: Türkiyə Minsk Qrupunun üzvü kimi həmsədrlərin içərisində yer almadığı halda aktiv şəkildə bu prosesdə Rusiya ilə fərqli bir strategiyanı həyata keçirməyə hazırdır.

Bu sözləri Axar.az-a Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi istiqamətində hazırkı diplomatik fəallığı dəyərləndirən millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, gündəliyin həddindən artıq geniş olmasına rəğmən, Rusiya və Türkiyə arasındakı ən yüksək səviyyəli görüşlər regional təhlükəsizliyə müsbət təsir göstərir:

“Açığı, bəlkə də burada yüz il əvvəlki dönəmdən tarixi paralellər də aparmaq mümkündür. Zaman etibarilə Naxçıvan üzərində I Dünya müharibəsindən sonrakı dövrdə yaşanan təhlükələr, regionun taleyi, Atatürk və Lenin arasında qarşılıqlı yardımlar 6 əsr vuruşan Rusiya və Türkiyə arasında tamamilə yeni reallıqlar formalaşdırdı. Bu cür siyasəti Qarabağ üzərində də gerçəkləşdirmək mümkündür. Soçidən sonra iki ölkənin xarici işlər nazirlərinin Moskvada danışıqları davam etdirməsi, bunun ardınca Lavrovun bölgəyə gözlənilən səfəri və bu fonda Qarabağ məsələsi ilə bağlı danışıqların açıq şəkildə dilə gətirilməsi o deməkdir ki, Rusiyanın tamamilə fərqli bir planı mövcuddur. Bu plan Avropanın, yaxud da ən azı Minsk üçlüyündə digər tərəflərin maraqlarını özündə ehtiva etməyən, daha artıq dərəcədə Rusiya, hazırda isə Türkiyənin inamını qazanan fərqli saziş və ya layihələrdən ibarətdir”.

Millət vəkili hesab edir ki, Rusiya Ermənistan, Türkiyə də Azərbaycan üçün təminat rolunda çıxış etdiyi təqdirdə 2+2 formatında Qarabağ məsələsinin həlli imkanları böyükdür:

“Yüz il əvvəl Naxçıvan üzərində Qars müqaviləsi reallaşdı. Hesab edirəm ki, Qarabağ üçün də belə bir Qars müqaviləsinə ehtiyac var. Qərblə münasibətlər və Avropa Birliyinin məlum strategiyası qarşısında Moskvanın güzəşt mövqeyi onu deməyə əsas verir ki, Kreml bu dövlətlərin Rusiyanın təsir zolağından çıxa biləcəyinin fərqindədir. Əgər ABŞ-dan Qarabağ üçün tamamilə fərqli bir əlverişli təklif meydana çıxarsa, bu, həmin dövlətlərin mövqeyini dəyişə bilər”.

Millət vəkili Lavrovun səfəri öncəsi erməni mediasındakı hərəkətlənməyə də diqqət çəkib:

“Erməni tərəfi düşünür ki, Lavrov gəlişiylə açıq-aşkar onlara təzyiq üçün Sərksiyanın nəzərdə tutduğu ağrılı kompromisləri də gətirə bilər. Fikir verin, bu, 2018-ci ildə artıq hakimiyyətin idarəetmə modelinin dəyişdiyi və Qarabağ məsələsində Ermənistanı kimin təmsil edəcəyinin sual olduğu bir dönəmdə reallaşır. Prezidentin dünən Azərbaycanın mövqeyində dəyişikliyin olmadığını vurğulaması sübut edir ki, suveren hüquqlarımızı əlimizdən alan hər hansı model qəbul olunmayacaq. Bir çoxunda belə yanaşma var ki, guya Rusiya öz hərbi qüvvələrini bölgəyə təkbaşına yeritmək və bununla da İran-Azərbaycan sərhədinə çıxmaq naminə Qarabağı tamamilə özünə götürən bir formatı işləyəcək. Azərbaycan tərəfi isə belə bir varinata “hə” deməz. Burada ən önəmli məsələ Türkiyənin regionda münaqişənin həllində aparıcı rolunu almaq və bunun Moskva tərəfindən qəbuluna nail olmaqdır. Bu fonda Qarabağ məsələsi üzərində Rusiya və Türkiyə arasında Qars müqaviləsi kontekstində bir sazişə həddindən artıq çox ehtiyac var”.

Z.Oruc Lavrovun səfəri çərçivəsində Rusiya tərəfindən mütləq hansısa bir siyasi sənədin mümkünlüyünü istisna etməyib:

“Yəni Vyana görüşü, Sankt-Peterburq danışıqları, monitorinq qrupu və s. kimi daha çox gərginliyi azaldacaq bir mərhələdən danışıqların predmetli mərhələsinə keçid başlanır. Türkiyənin bu prosesdə Azərbaycan tərəfindən mühüm bir formada yer alması isə Bakını çox qane edir. Təkbətək danışıqlarda bu məsələnin yer alması tamamilə mümkündür və bu danışıqlar ortada real sənədlərin olmasına dair müəyyən bir ümid yaradır. Əlbəttə ki, növbəti raund və Moskva planının nədən ibarət olması qarşıdakı günlərdə daha aydın bəlli olacaq”.

Müstəqil.Az

Share: