Oğlu öldürülən ata Prezidentə və vitse-Prezidentə açıq məktub yazdı

“Oğlumun ölümündə şübhəli bilinən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev…”

Müstəqil.Az-ın elektron ünvanına Bakı şəhəri, T.Məmmədov küçəsi, ev 18, m .11-də yaşayan  Hüseynov Bəybala Qaraş oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və surəti Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya,

   Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova,

  Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə,

   ABŞ-nın Azərbaycandakı Səfirliyinə,

“ Turan “ İnformasiya agentliyinin direktoru Mehman Əliyevə,

  “ Azadlıq “ qəzetinin baş redaktoru Qənimət Zahidə,

    Meydan TV-nin rəhbəri Emin Milliyə

 “ Azad söz “ səhifəsinin rəhbəri Tural Sadıqlıya,

 “ Gündəm –xəbər” qəzetinin redaksiyasına,

Müstəqil.Az -ın redaksiyasına,

Hüquq müdafiəçiləri Novella Cəfərova, Oqtay Gülalıyqvə, Rəsul Cəfərova, Samirə Ağayevaya

ünvanladığı Açıq məktub daxil olub. 

Məktubu olduğu kimi yayınlayırıq:

Hörmətli cənab prezident!

Hörmətli xanımlar və cənablar!

Üz-üzə qaldığımız problemlə bağlı bu günə kimi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya və bir çox dövlət qurumlarının rəhbər şəxslərinə 18 avqust 2017-ci il tarixdə Türkiyədə zəhərləndirilərək öldürülmüş oğlumun ölümü ilə bağlı etdiyim çosaylı müraciətlərim hələ də cavabsız qalmaqdadır.

Bəlkə də etdiyim müraciətlərimin mahiyyəti ilə bağlı cənab İlham Əliyevi, 1-ci vitse-prezident Mehriban xanım Əliyevanı və digər vəzifə sahiblərini bir kimsə lazımınca məlumatlandırmayıb. Ona görə də məcbur olub sizə açıq məktub yazıram.

Qeyd edim ki, biz Bakı şəhərində yaşayırıq və ailəmizdə iki övladımız var idi. Böyük övladımız Emin Hüseynov 1988-ci ildə, kiçik övladımız isə 1989-cu ildə anadan olmuşdur. Kiçik övladımız anadangəlmə şikəst və I dərəcəli əlildir. Böyük övladımız Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsilini başa vursa da, o, müəyyən səbəblər üzündən həqiqi hərbi xidmətdə olmamışdır. Buna baxmayaraq, Emin Hüseynovu münasib bir işə düzəltmək istədim. Bu məqsədlə  2014-cü ildə, əvvəllər tanıdığım korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəis müavini Əli Nağıyevlə görüşüb fikrimi ona çatdırdım. Ümumi söhbət əsnasında oğlumun həqiqi hərbi  xidmətdə olmadığını da vurguladım. O halda general Əli Nağıyev dedi ki, “ Mən yuxarı ilə məsləhətləşib sənə bir söz deyərəm”.

Bir-iki ay keçdikdən sonra o, məni yanına cağırıb “ İşi danışmışam, 200.000,00 ( iki yüz min ) ABŞ dolları  məbləğində pul istəyirlər”, – dedi. O halda bir az tutuldum və pulu necə düzəldəcəyimi fikirləşdim. Həmin an Əli Nağıyev dedi ki, “ Fikirləşməyin yeri yoxdur, bu pul verilməlidir “.

Mən ona həmin pulu  birdəfəyə verə bilməyəcəyimi, yarı-yarı düzəldib verəcəyimi dedikdə, o, mənimlə razılaşdı. Çox keçmədi ki, qohum-əqrabadan, dost-tanışdan borca pul götürüb həmin məbləği generala çatdırdım və “ oğlumun işi nə olacaq?” deyə ona sual etdim. O cavabında bildirdi ki, “ Oğlun əvvəlcə texniki işçi, bir ildən sonra  isə rütbə verilməklə müstəntiq vəzifəsinə işə keçiriləcək”.

Bir neçə aydan sonra Emin Hüseynovu Korrupsiyaya Qarşı Mübarizə Baş  İdarəsinə kargüzar-məsləhətçi vəzifəsinə işə götürdülər.  Bir ildən sonra mən Əli Nağıyevlə görüşdüm və oğluma rütbə verilməsi məsələsini ondan soruşduqda, “Tələsmə, o da düzələr”-dedi.

Bir neçə gündən sonra o, mənə “Oğluna sağlamlıq haqqında arayış lazımdır”, – dedi. Belə bir şərti eşidib olduqca pis oldum. O, mənə: “ Badamdardakı boş torpaq sahələrini  al  bizə ver, oğlunun rütbə məsələsini həll edərik və səhər şəxsiyyəıt vəsiqələrini göndərəcəm, sən torpaq məsələsini həll et” – dedi.

Həmin gündən sonra generalın telefonuma cavab vermədiyini gördükdə, özümü narahat hiss etməyə başladım. Çox keçmədi ki,  Emin Hüseynov ayrı-ayrı şəxslər tərəfindən izlənilməyə başladı və bunu mən də hiss etdim.  Bu arada oğlumu məzuniyyətə çıxarıb, Türkiyənin Antalya şəhərinə göndərdilər.

Oğlun orada 18 avqust 2017-ci il tarixdə müəmmalı şəkildə zəhərləndirilərək öldürüldü.

Çox hörmətli cənab prezident!

Maraqlıdır ki, hadisədən bir neçə gün öncə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində oğlumun iş otağında ona aid sənədlər və əşyalar çıxarılaraq otaq boşaldılmışdır. Baş verən ölüm faktı ilə bağlı dəfələrlə bir çox dövlət qurumlarına yazılı ərizələrimi təqdim etsəm də, son anda nəyəsə nail ola bilmədim.

 

Buna görə oğlumun Türkiyədə zəhərləndirilərək öldürülməsi ilə bağlı lazımi məlumatları Azərbaycan Respublikasının siyasi rəhbərliyinə media vasitəsi ilə çatdırmaq qərarına gəldim. Düzdür üz-üzə qaldığımız belə bir problemin mahiyyəti ilə bağlı bu günə kimi müxtəlif qəzet və saytlara müraciətlər etmişdim, müraciətlərim bəzi qəzet və saytlarda dərc olunmudur. Məqalələrdə adı çəkilən və oğlumun ölümündə şübhəli bilinənKorrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev , məhz məqalələrin dərcindən sonra qəzet və sayt rəhbərlərini idarəyə cağırır, onları nalayiq sözlərlə təhqir edir, hədə-qorxu gəlir, hətta  həbs etdirmək  ilə hədələyir. Mənə təəccüblü gələn odur ki, Əli Nağıyev müəyyən yerlərdə danışır ki,” Bəybala Hüseynov kimə müraciət edirsə, həmin müraciətlərin hamısı onun stolunun üstündədir”.

Bu da onu söyləməyə əsas verir ki,  demək Əli Nağıyev  hər şeydən xəbərdardır. Oğlumun qanunsuz   Baş Prokurorluğa işə düzəlməsi  və işə düzəltmək üçün verilən 200 000,00 (iki yüz min) ABŞ dolları məbləğində rüşvəti mən Əli Nağıyevə çatdırmışam. İstənilən halda  Baş Prokurorluq öz əməkdaşının zəhərləndirilərək öldürülməsi faktının araşdırılmasında maraqlı olmalı idi. Bu günə kimi oğlumun ölümündən 19 aydan çox vaxt keçib və ötən müddət ərzində bu  qətl ilə bağlı  dəfələrlə müraciətlərimə Baş Prokurorluq öz münasibətini bildirməyib. Belə bir halın mövcudluğu müəyyən ciddi şübhələrin əmələ gəlməsinə səbəb olur.

Cənab Prezident!

Onu da bildirim ki,  Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı mübarizə Baş idarəsinin əməkdaşı  (ilkin olaraq karğüzar, məsləhətçi, 1 ( bir ) il  sonra rütbə verilib müstəntiq vəzifəsinə yüksəldilməsinə söz verilmiş ) 1988-ci il təvəllüdlü oğlum Hüseynov Emin Bəybala oğlu 18 avqust 2017-ci il tarixində  növbəti məzuniyyəti müddətində Türkiyə Dövlətinin Antalya şəhərində istirahət zamanı planlı şəkildə zəhərləndirilərək öldürülmüşdür. Oğlumun ölümü ilə bağlı video görüntülər var, video görüntülərə görə oğlum istirahət etdiyi hotelin idman zalında ani müddət ərzində beyin ölümü keçirir və qəflətən yerə yıxılır. Əldə olan video görüntülərdə baş verənlər tam aydın görünür və lazım gələrsə təqdim edə bilərik. Oğlumun beyin ölümü keçirməsini təsdiq edən kompyuter tomoqrafiyanın cavabından, Türkiyə xəstəxanasında verilən qanın nəticələrindən və  Məhkəmə Tibbi Ekspertiza mütəxəssislərinin vermiş olduqları rəydən aydın olur ki, oğlum xaricdən verilən zəhərli maddənin təsiri nəticəsində zəhərləndirilmişdir.  Yəni onun belə bir yolla öldürülməsini təsdiq edən bir çox ekspert rəyləri var və lazım gələrsə onları da təqdim edə bilərik.  Hadisənin baş verdiyi zaman şübhəli məqamların da olması ortaya çıxır. Belə ki, hadisənin baş verdiyi an Təcili Tibbi yardım maşınının xəstəni dövlət xəstəxanasına deyil, özəl xəstəxanaya aparması, bu hadisənin hüquq-mühafizə orqanlarından gizli saxlanılması, qanın zəhərlənməsinə dair qan nəticələrinin  gizlədilməsi, Türkiyə Prokurorluğu tərəfindən istənilən zaman qan nəticələrinin təqdim olunmaması,   həkimlərdən ifadə alınarkən onların şübhəli ifadəsi, düzgün ifadə verilməməsi, Türkiyə Prokurorluğunun qan nəticələri təqdim olunduqdan sonra təkrar ifadə alınmaması, oğlum dünyasını dəyişdikdən sonra  otopsi götürülmədən, saxta ölüm arayışı tərtib olunması, Azərbaycan vətəndaşı olmasına baxmayaraq Türkiyədəki Azərbaycan Səfirliyinə məlumat verilmədən Azərbaycana gətirilməsi və s. kimi halların varlığı məhz ciddi şübhəli məqamların varlığından xəbər verir.

Vəkillərimin araşdırmasına görə Türkiyə Prokurorluğunun bu işi araşdırmaması və onların sözlərinə görə bu məsələnin açılması- iki dövlət arasında narazılıq yarana bilər-deyə bəzi  məlumatların sızdırılması, həmçinin Türkiyədə bizə bu işdə kömək etmək istəyən şəxslərin sözlərinə görə onlar  Azərbaycanda yüksək vəzifədə işləyən dostlarından öyrəniblər ki, bu ölüm dövlət səviyyəsində həyata keçirilən bir ölüm faktıdır və sifariş Azərbaycanın yüksək vəzifəli məmurları tərəfindən verilib. Ümumiyyətlə bu işin Türkiyədə açılması qeyri-mümkün oldu. Vəkillərim araşdırılma işlərinin dayandırılmasını məsləhət görüb bildirdilər ki,  “Bu işi təşkil edən vəzifə sahibləri  Türk vətəndaşı  olmağınıza baxmayaraq, bizə də istənilən halda problem yarada bilərlər”.

Doğrudan da bu günə qədər Türkiyə Prokurorluğu dəlil və sübutların təqdim olunmasına baxmayaraq, baş vermiş ölüm faktı ilə əlaqədar heç bir araşdırma işi aparılmamışdır.  Ona görə də 18 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru Zakir Qaralova bu işdə mənə köməklik göstərilməsi ilə bağlı müraciət etdim. Bir daha qeyd edim ki,  bu günə qədər mənim müraciətlərim cavabsız qalmaqdadır. Yalnız Baş Prokurorluğun beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Fərizə xanımın sözlərinə görə , guya ki, bu işlə bağlı Türkiyə Prokurorluğuna rəsmi məlumat göndərilib. Amma əldə etdiyim məlumatlara görə bu məsələ ilə bağlı Türkiyə Prokurorluğuna heç bir məlumat göndərilmərib.

Mən düşünürdüm ki, dövlətim mənə sahib çıxacaq, günahsız oğlumun şərəfsiz insanlar tərəfindən qətlə yetirilməsi faktı aradırılacaq və nəticəsi barədə bir kəs xəbərdar olacaq. Amma nədənsə hamı susmaqdadır. Oğlu hərbi xidmətdə ( xəstəliyi ilə əaqədar ) olmayıb, amma onun birinci dərəcəli dövlət qulluğuna, Baş Prokurorluğa işə qəbulu zamanı Baş Prokuror  tərəfindən dərkənar qoyulmuş ərizəsi və  işə qəbulu zamanı hazırlanmış şəxsi işi hal-hazırda Baş Prokurorluqda saxlanılır, araşdırıla bilər.

İlkin olaraq kargüzar-məsləhətçi və bir il sonra rütbə verilərək müstəntiq vəzifəsinə keçirilməsi üçün məndən 200 000,00 (iki yüz min) ABŞ dolları məbləğində rüşvətin alınması, BaşProkurorluğun beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Fərizə xanımın sözlərinə görə rəhbərliyin vermiş olduğu göstərişdir. Bu iş ilə bağlı mənə heç bir məlumatın  verilməməsi, heç bir sənədin göstərilməməsi, hansı ki, heç bir istintaq araşdırması aparılmır və belə hallar istintaq sirri deyil, eyni zamanda Baş Prokurorluğun saysız-hesabsız müraciətlərimə biganə qalaraq cavab verməməsi olduqca şübhəli məqamların ortaya çıxmasına əsas verir. Türkiyədə bizə kömək etmək istəyən dostların “Bu ölüm faktı dövlət tərəfindən, yəni yeksəkvəzifəli məmurların sifarişidir, odur ki, bu işin başını buraxın” deməsi, məndə yeni-yeni şübhələrin baş qaldırmasına əsas verir. Bunlar da onu söyləməyə əsas verir ki, dostlar haqqlı imiş və ona görə də saysız-hesabsız müraciətlərimə cavab verən yoxdur.  Deməli oğlumun ölümünü sifariş verənlərin əsas məqsədi birinci dərəcəli dövlət qulluğuna yararsız olduğu halda onun işə qəbulu zamanı  alınmış 200 000,00 (iki yüz min) ABŞ dolları məbləğində  rüşvətin ört-basdır etmək, işə qəbulu zamanı  qol qoyulmuş qanunsuzluğun izini itirmək olub. Düşünürəm ki,  bu iz heç də itən deyil, mən oğlumun ölümünü sifariş və təşkil edənlərin hər birindən bunu soruşacağam.

Oğlumun ölümündə sifarişçilərin istifadə etdiyi şəxslərdən biri onlara istirahət üçün turpaketi təşkil edən “ Avanqard Travel “ turizm şirkətinin direktoru Yeganə Nağıyevadır. Belə ki, adı çəkilən bu xanım heç bir əsas olmadan oğluma, istirahətdə olduğu zaman, mənbəyi və mənşəyi məlum olmayan yaxtatur gəzintisi hədiyyə etdirmiş,  və oğlumun zəhərləndirilməsidə elə o zaman baş vermişdir. Bu günə qədər Y. Nağıyeva bunu nə üçün etdiyini, kimlərin sifarişi olduğu və kimlər tərəfindən həyata keçirildiyin açıqlamır. O, əsas gətirir ki, “Mən heç kimin adını verə bilmərəm, heç kimə problem yarada bilmərəm və sən  bu işi  məhkəməyə ver, o halda  mən adları məhkəmədə açıqlayacağam” deyir. Bunları təsdiq edən audio səs yazıları da var. Nə qədər çalışsam da, mən  bu günə qədər onun ifadəsini aldıra bilmirəm. Y.Nağıyeva bu işi təşkil edənlərə çox arxayındır, elə düşünür ki, Azərbaycanda cürət edib bu məsələni məhkəməyə verə biləcək bir şəxs yoxdur.

Nəinki Y.Nağıyeva və eləcə də bu işin iştirakçıları, hər kəs arxayındır ki, bu məsələ ilə bağlı  heç kim cürət edib cinayət işi aça  bilməz.

Amma mən Azərbaycan Respublikasının Prezidenti ilham Əliyevə, Birinci Vitse-Prezident  hörmətli Mehriban Xanım Əliyevaya inanıram.

İnanıram ki, onların vermiş olduqları tapşərəqlar əsasında bu məsələ ilə bağlı cinayət işi açılacaq və hər kəs cəzasını alacaq.   

 Hörmətlə:

  Hüseynov Bəybala Qaraş oğlu

Ünvan: Bakı şəhəri, T.Məmmədov küçəsi, ev 18,m .11

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share: