İKİ XALQIN SƏSİ
Mən xalqın səsi deyərkən, sadəcə Azərbaycan və Ləzgi xalqlarını demirəm.
Dağıstanda yaşayan hər millətin dilini bülbül kimi ötən, Dağıstanda, Dərbənddə fəaliyyət göstərən Azərbaycan və Ləzgi dram teatrlarının səhnəsinin bəzəyi, Hər iki səhnənin şah əsəri, səsindən bulağların zümzüməsi, dağların təravətli avazı süzülən, Dağıstan Respublikasının xalq artisti, Dostluq Ordeni mükafatına layiq görünən, İki xalqın arasında dostluq körpüsü, dostluq simvolu olan Rəhimova Düriyyə Gülbaba qızını deyirəm.
Mən bu adı əbəs yerə çəkmrəim, bu adın altında unudulmayan bir tarix durur. Azərbaycanının dilbər güşəsi Quba rayonunun Qımıl kəndində, dünyaya gələn Və uşaqlıqdan musiqiyə həvəsi olan, Bakıda dəfələrlə müsabiqələrdə qalib gələn bu xanımın yolu Dağıstan Respublikasına- Dərbəndə düşüb.
Ona qədər o Quba dövlət dram teatrında, Qubada kitabxana müdiri vəzifəsində çalışıb.
Onun şaqraq səsi radiolardan eşidiləndən sonra Onu Quba mədəniyyət evinə müdir təyin ediblər.
Danışılanlara görə atası Gülbaba müəllim musiqi müəllimi olub, onların evində hər gün musiqiçilər, şairlər müğənnilər olarmış. Düriyyə xanım da bütün bunlardan bəhrələnib.
Onun ifasında “Can Azərbaycan, can Dağıstan” mahnısı onun hər iki Vətəninə olan sevgisinin sübutudur.
O, Dərbəndə gələndə, Ləzgi dram teatrına dəvətlə gəlir, orada çalışdığı müddətdə Azərbaycan teatrının yaradılması ilə də ciddi məşqul olur. Teatrda çalışarkən Azərbaycan xalqının mədəniyyətini düşünən Düriyyə Dərbənddə xalq teatrının yaranması üçün, əlindən gələni əsirgəmir və buna nail olur. Bu teatrın yaranmasında böyük əziyyəti olan və o teatrı yaratdıqdan sonra qoruyub saxlamaq üçün Şəhər evlərinin zirzəmilərində tamaşalar qoyub, Azərbaycan mədəniyyətini qoruyub saxlayan, Azərbaycan dram teatrı kimi təsdiqlənməsində əvəzsiz rolu olan Ömür gün yoldaşı Nəsir Həşim oğlu ilə çiyin çiyinə, bizim mədəniyyətimizi yaradan, qoruyan bu xanım haqqında durmadan kitablar yazılsa belə, bitib tükənməyən bir dastan olar.
Düriyyə xanımın Azərbaycan teatrı üçün gəncləri başına toplayaraq teatrda həm işləyib, həm də gənclərin bir aktyor kimi yetişməsində də böyük əziyyəti var.
O, Nəsir müəllimlə birlikdə, Azərbaycan teatrı kimi bir Qala qurub. (Mən o teatra Qala deməklə Azərbaycan mədəniyyətinin Qalasını nəzərdə tuturam.)
Özündən sonra çox isdedadlar yetişdirdi, teatrın gənclərinə səhnə mədəniyyəti, səhnə danışığı davranışı öyrətdi. Onun əziyyəti hədər olmadı, bu gün Azərbaycan teatrında isdedadlı gənc aktyorlarımız da az deyil.
Teatrda onun davamçısı, onun göz bəbəyi, dəyərli balası, Dağıstan Respublikasının əməkdar artisti işçısı Yaqut xanım Xandadaşova onun yolunu davam etdirir. Onun yetirmələri – bacısı qızı, Dağıstan Respublikasının əməkdar artisti Sevda Bəybalayeva, aktrisa Diləfrüz Şıxməmmədova, Dağıstan Respublikasının əməkdar artistləri Məhərrəm və Rəhilə Ömərovlar və başqa aktyorlar da var.
Düriyyə xanımın bircə arzusu var idi. Son nəfəsinə kimi bu arzunu arzulayırdı.
-Mən o zaman xoşbəxt olaram ki, Azərbaycan teatrının öz binası olsun…-deyərdi..
O, səhnədə həm aktrisa, həm müğənni kimi, Həm publisistikada, həm də şeirdə öz sözünü demiş sənətkardır.
O Dağıstan və Azərbaycan, Dərbənd və Quba arasına əyilməz bir Qala idi.
Yaşasaydı Mart ayının 25 i, onun 90 yaşı tamam olacaqdı.
Tale elə gətirdi ki, 2014 ci il mart ayının 25 -i 85 yaşını tamam edərək, mart ayının 29- u isə dünyaya gözlərini əbədi yumdu. Ürəklərdə özü üçün ölməzlik yaradıb getdi və hər zaman da yaşayacaq.
Düriyyə ömrü hər adama nəsib olan ömür deyil, o, daima yaşayacaq, səhnə durduqca, sənət yaşadıqca Düriyyə Rəhimovanın adı yaşayacaq.
Bu gün, Düriyyə Rəhimovanı tək Dağıstan -Dərbənd yox Azərbaycan da yad etməlidir, çünki o, Azərbaycanda doğulub, boya başa çatıb, təhsilini də orda alıb.
Dərbənddə Azərbaycan mədəniyyətinin keşiyində durub.
Bax budur, Düriyyə Rəhimova.
Bizim fəxrimiz, dəyərli sənətkarımıza Allah rəhmət eləsin!
Sənətkara sonsuz hörmətlərimlə: nəğməkar şairə
ZEYNƏB DƏRBƏNDLİ.
Dərbənd
Müstəqil.Az
30 03 2019.