1918-ci ilin 30 mart və 3 aprel tarixlərdə törədilmiş soyqırımın statistikası bu bəşəri cinayətin dəhşətləri haqqında kifayət qədər aydın mənzərə yaradır.
Belə ki, hadisələr zamanı Bakı, Şamaxı, Muğan, Quba və Lənkəranda 50 min azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur. Təkcə Bakıda erməni terrorçuları tərəfindən vəhşicəsinə öldürülənlərin sayı 30 minə çatmışdır. Şamaxı qəzasında 58, Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində isə 92 kənd tamamilə yerlə yeksan edilmişdir. Şamaxı qəzasında 7 min nəfər öldürülmüşdür ki, onlardan 1653 nəfəri qadın, 965-i uşaq olmuşdur. Azərbaycanın tarixi ərazisi olan İrəvan quberniyasında 1920 ev yandırılmış, 131 min 900 nəfər isə qətlə yetirilib.
Lakin törədilmiş bütün vəhşiliklərə, soyqırım aktlarına baxmayaraq, hadisələrin təşkilatçısı və birbaşa rəhbəri kimi S.Şaumyan 1918-ci il aprelin 13-də Moskvaya, Xalq Komissarları Sovetinə yazdığı məktubda həmin ilin martında Bakıda ermənilərin azərbaycanlıların başına açdıqları müsibətlərə siyasi don geydirməyə çalışır. Güya ki, bu hərəkətlər azərbaycanlılara qarşı ermənilərin milli ədavətindən yox, Sovet Hakimiyyətinə sədaqətindən doğmuşdur. Güya ki, müsəlman millətçi partiyalarının müqaviməti üzündən Bakıda Sovet hakimiyyətinin daim təhlükə qarşısında olması onun itirilməsi qorxusunu yaradırdı. Əgər onlar Bakıda üstün gəlsəydilər, şəhər Azərbaycanın paytaxtı elan edilərdi, bütün qeyri-müsəlman ünsürləri tərksilah edib qırardılar. Bununla o, həyasızcasına “Daşnaksütun” partiyasına məxsus olan hərbi hissələrin Bakıda azərbaycanlı əhalinin qırılmasında iştirakına haqq qazandırmağa çalışır. O yazırdı: “Milli hissələrin iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdir, lakin buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verdik. Müsəlman yoxsulları böyük zərər çəkmiş, lakin onlar indi bolşeviklərin və Sovetlərin ətrafında daha sıx toplaşmışlar”.
Lakin o dövrün arxiv sənədlərindən şahid oluruq ki, 1917-ci il oktyabrın 22-də Bakı Sovetinə keçirilmiş seçkilər zamanı digər partiyalarla müqayisədə “Müsavat”ın çoxmillətli proletar Bakısında ümumi səslərin 40 faizini toplaması bu partiyanın reytinqinin yüksək olduğunu göstərirdi. Lakin məhz “Müsavat”ın Bakı Sovetinin və onun İcraiyyə Komitəsinin tərkibinə daxil olmaqdan imtina etməsi eser və daşnaklarla ümumi dil tapmaqda çətinlik çəkməyən bolşeviklərin işini xeyli yüngülləşdirmişdir. Beləliklə, seçkilərinin ziddinə olaraq, səslərin heç 15 faizini də qazanmamış bir partiya, əslində, Bakı şəhərində real hakimiyyətə sahib olmuşdu. Bu baxımdan hakimiyyəti qeyri-legitim hesab edən Müsavat partiyası hakimiyyətin göstərilən Sovetə verilməsinə etiraz edir və onun İcraiyyə Komitəsinə daxil olmaqdan imtina edirdi.
Qeyd olunan faktlar və Şaumyanın məktubunun təhlili 1918-ci ilin mart hadisələrinin həqiqətən də siyasi mahiyyət daşıdığını bir daha göstərir. Amma bu onun izah etdiyi kimi yox, əksinə, erməni milliyətçiləri, bolşeviklərlə birləşərək Bakıda törətdikləri soyqırımın qarşısında əsas məqsəd azərbaycanlıların demokratik, müstəqil dövlət yaratmaq ideyasının qarşısını almaq və onu məhv etməkdən ibarət idi. Onlar yaxşı bilirdilər ki, millətin şüurunda, dərrakəsində kök salmış bir ideyanı sadə yolla dəyişmək mümkün deyil, çıxış yolu ancaq, zorakılıq və soyqırım törətməklə ola bilər. Eyni zamanda ermənilər azərbaycanlıların siyasi azadlıq, müstəqillik ideyalarının qarşısının alınması deyil, həm də, Bakıda hakimiyyəti ələ almaqla, bütünlükdə Azərbaycana nəzarət etməyi, öz ərazi iddialarını reallaşdırmağı və demoqrafik vəziyyəti öz xeyrlərinə dəyişməyi hədəfləyirdilər.
Bütün bunlara baxmayaraq ermənilər mart soyqırımından bir il sonra baş vermiş hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yaydılar. Digər tərəfdən, Tiflisdə Türkiyənin Şərq orduları komandanı Xəlil Paşadan və Azərbaycan Xalq Cümhuriyyəti liderlərindən bolşeviklərə aldanaraq Bakıda, Şamaxıda müsəlmanlara qarşı soyqırım törətdiklərinə görə üzrxahlıq edən ermənilər indi Tiflis mətbuatında 15 sentyabr döyüşlərində guya ermənilərin qırıldığını bəyan edir, bu yalanlan ciddi şəkildə siyasi müstəviyə çıxarmağa çalışırdılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə hətta erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar edir. Baqrat Bakıda hadisələr zamanı öldürülən 1000 nəfərdən 300-ü erməni və rus, 700-ü müsəlman olduğunu iddia edirdi. Təəccüblü deyil ki, özlərinin törətdikləri əməlləri hər zaman ört-bastır etmək, ona siyasi don geyindirmək ermənilərin məkrli niyyətlərindən irəli gəlir. Amma tarixi faktlar sübut edir ki, məqsədli formada azərbaycanlılara qarşı soyqırım, vandalizm, ayrıseçkilik siyasətini həyata keçirməklə minlərlə dinc sakinin qətlinə, öz doğma torpaqlarından deportasiya edilməsinə dövlət səviyyəsində dəstəklənmişdir.
Qeyd olunan tarixi faktlar bizə deməyə əsas verir ki, bu təkcə bir cinayət hadisəsi olmamış, həm də böyük bir siyasi məna daşımışdır. Daha doğrusu, bu hazırlanmış və planlı surətdə həyata keçirilən siyasətinin tərkib hissəsi olmuş və mütəmadi formada təkrarlanmaqdadır. Buna sübut olaraq 1920-ci il aprelin əvvəlində Tiflisdə Zaqafqaziya respublikalarının nümayəndələrinin iştirakı ilə “Sovetləşmə təhlükəsindən birgə müdafiə” mövzusunda keçirilən konfransda ermənilər bəyan edirlər ki, “onlar heç zaman mövcud ərazi ilə kifayətlənməyəcəklər və əməkdaşlıqdan imtina edirlər” fikrini göstərmək olar.
Ermənilərin şovinist, vandalizm siyasətinə sadiqliyini göstərin mühüm cəhətlərdən biri də onların hələ Sovet hakimiyyəti illərində azərbaycanlılarla birgə yaşamalarına baxmayaraq öz çirkin niyyətlərini hər zaman həyata keçirmişlər. 1943-cü ildə Tehranda keçirilən konfransda ermənilər İranda yaşayan ermənilərin Sovetlər Birliyinə köçürülməsinə icazə verilməsi xahişi ilə SSRİ xarici işlər naziri V.Molotova müraciət edirlər. Bu məsələdə İosif Stalinin razılıq verməsi faktiki olaraq azərbaycanlıların 1948-53-cü illərdə kütləvi şəkildə Ermənistandan deportasiya olunmasının əsasını qoyur. Xüsusilə 1941-1945-ci illər müharibəsi başa çatdıqdan dərhal sonra Ermənistana xaricdən ermənilərin köçürülməsi bu prosesi daha da surətləndirmiş oldu.
Azərbaycanda on minlərlə erməni ailələrinin rahat, tam sərbəst yaşamasına baxmayaraq, XX əsrin 60-cı illərindən başlayaraq Ermənistanda azərbaycanlıların təhsil aldıqları tədris müəssisələrinin bağlanması, Azərbaycan təhsil sektorlarının ləğvi, rəhbər vəzifədə çalışan azərilərin erməni kadrlarla əvəz olunması, azərbaycanlı kəndlərinin məişət və təsərrüfat ehtiyaclarına etinasız yanaşılması, antiazərbaycan kampaniyasının aparılması daşnak siyasətinin açıq təzahürü idi. Nəhayət 1988-ci ildən artıq sonuncu azərbaycanlı ailələrinin deportasiyasına start verildi və yenidən Azərbaycana ərazi iddiaları baş qaldırdı. Məhz ermənilər tərəfindən mütəmadi olaraq həyata keçirilmiş azərbaycanlıların deportasiyası heç şübhəsiz ki, “azərbaycanlılarsız Ermənistan” yaratmaq kimi sovinist, milliyətçi siyasətinin mühüm elementi idi.
1992-ci ildən yenidən Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun işğal olunması, bir milyondan artıq azərbaycanlının qaçqın və məcbüri köçkün vəziyyətinə salınması, on minlərlə insanın (körpə, qoca, qadın) vəhşicəsinə qətlə yetirilməsi, mədəniyyət və tarixi abidələrini dağıdılması, xüsusilə də 1992-ci il 26 fevralda Xocalıda bəşəriyyət tarixində görünməmiş bir soyqırım hadisəsinin törədilməsi ermənilərin şovinist, vandalizm siyasətlərini göstərir və onların “Böyük Ermənistan” xulyasını reallaşdırmaq siyasətlərinə sadiqliyini nümayiş etdirir.
Ramid Hüseynov
siyasi elmlər üzrə fəlsəfə doktoru,
dosent
Müstəqil.Az