Axşam saatlarında ölkənin bir neçə rayonunda zəlzələnin hiss olunması və evlərə dəyən ziyanlar insanları narahat edib. Son 10 gün ərzində Azərbaycanda artıq 2 dəfə hiss olunan zəlzələ yaşanıb.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yaxın günlərdə Azərbaycan ərazisində dağıdıcı zəlzələ olması ehtimalı yoxdur.
Q.Yetirmişli bir gün əvvəl verdiyi “qorxulu zəlzələ olmayacaq” açıqlaması üçün tənqid olunmasına da münasibət bildirib:
“Mən heç vaxt deməmişəm ki, Azərbaycanda zəlzələ gözlənilmir. Zəlzələ hər gün var. Demişəm ki, dağıdıcı katastrofik zəlzələ gözlənilmir. İnsan tələfatı, evlərin dağılması ilə böyük fəlakətlə nəticələnən zəlzələ gözlənilmir. Azərbaycanda sutka ərzində 5-20 təkan qeydə alınır. Dünənki zəlzələ də dağıdıcı deyildi. Bizim stansiyamız dünənki zəlzələnin episentrində yerləşir. Amma binamızda heç tük boyda da çat olmayıb. Kimsə tövləni, binanı keyfiyyətsiz materialdan tikibsə, ona heç zəlzələ lazım deyil. Elə binalar var ki, bir təpik vursan uça bilər. Bu o demək deyil ki, zəlzələ dağıdıcı idi”. /bizimyol.biz/