“Avropa Azərbaycanlıları Konqresi”nin vətənpərvər prezidenti
Yoldaşlıqda etibarlı, dostluqda sədaqətlidir. Mərd, necə deyərlər, vətəni qibləsi bilən soydaşlarımızdandır. Dünyanın çox ölkələrində olub, səyahəti xoşlayır. Harada səfərdə oldusa həmin yerin muzeylərini ziyarət etməkdən yorulmur. Milli musiqimizin vurğunudur, xüsusən də Alim Qasımovun ifasında muğam dinləməkdən zövq alır. Qərb klassik musigisini sevir, Bethovenin bəstələdiyi əsərlərin pərəstişkarıdır. Evində zəngin kitabxanası var. Dünyaşöhrətli yazıçı Çingiz Abdullayevi sevə-sevə mütaliə edir. Yaşı 58-i haqlasa da idmanla mütamadi məşğul olur. İdman sağlamlığın cövhəridir, söyləyir…
…İki övladı var, bir oğlan və bir qız. Oğlu Londonun “Queen Mary” universitetində siyasət, hüquq və beynəlxalq biznes, qızı isə Londonun “Westminster” universitetində beynəlxalq əlaqələr üzrə ali təhsil alıblar…
Haqqında söhbət açdığım Sahil Qasımov 1961-ci ildə Hacıqabul rayonunda dünyaya gəlib. 1978-ci ildə orada 5 nömrəli orta məktəbi bitirib. 1978-1982-ci illərdə Volqoqrad Dovlət İnstitutunun tarix-filologiya fakultəsində ali təhsil alıb. 1982-1984-cü illərdə Rusiyanın Altay vilayətində hərbi xidmətdə olub. Xidmətini başa vurduqdan sonra bir müddət həmin vilayətin Barnaul şəhərinin Daxili İşlər İdarəsində cinayət axtarışı şöbəsinin müfəttişi və təhqiqatçısı vəzifələrində işləyib. 1986-1988-ci illərdə həmin şəhərdə “Marksizm Leninizm Universiteti”ndə siyasi təhsil alıb. 1989-1993-cü illərdə Omsk şəhərindəki Ali Polis Akademiyasının cinayət işləri uzrə fakultəsində oxuyaraq hüquqşünas ixtisasına yiyələnib. Sonra az müddət Azərbaycanda olub. 1993-cü ildən Niderland Krallığında yaşayır. Burada əvvəlcə “AzHol” kommersiya şirkətinin təsisçilərindən biri olub, sonralar isə “Caspian International Company” beynəlxalq turizm şirkətini yaradıb və bu günədək həmin şirkətin prezidentidir…
…Orta məktəb illərində arzusu jurnalist olmaq idi. Şirvan şəhərindəki “Mayak” qəzetində statdankənar müxbir də işləyib. Bundan əlavə “Azərbaycan gəncləri” qəzetində müxtəlif məzmunlu yazıları da dərc olunub…
2000-ci ildə Amsterdamda ilk Azərbaycan təşkilatını, “Azərbaycan Niderland Cəmiyyəti”ni təsis edib və bir müddət bu təşkilatın rəhbəri olub. Əvvəlcə “Azerbaijan – Netherlands News”, sonralar isə “Azerbaijan Benelux News” qəzetlərini təsis edib. 2006-cı ilin noyabr ayında Belçika, Niderland, Lüksemburq- “Beniluks” olkələrindəki 15 Azərbaycan təşkilatını bir araya gətirərək “Beniluks Azərbaycanlıları Konqresi”ni yaradıb və 2008-ci ilə qədər bu qurumun sədiri olub. 2010-cu ildən etibarən Brusseldə “Avropa Parlamenti”ndə, Lüksemburqda “Avropa Komissiyası”nda və Strasburqda “Avropa Şurası”nda lobbist kimi akkreditə olunub.
130-dan çox avropada fəaliyyət göstərən diaspora təşkilatlarını öz ətrafında birləşdirən “Avropa Azərbaycanlıları Konqresi”nin(AAK) 2017-ci ildə Amsterdam şəhərində keçirilən V qurultayında həmin təşkilatın prezidenti seçilib. “Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası”nın üzvüdür. Həm də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Niderland Krallığında rəsmi təmsilçisidir. Xidmətlərinə görə “Tərəqqi”, “General Həzi Aslanov”, “Veteran Həmrəyliyi”, Ukraynanın “Atoman Sirko” medalları, “Vətənə Xidmətə Gorə” ordeni ilə təltif edilib. Bundan əlavə 2012-ci ildə ilin adamı secilərək “The First” mükafatına, “Qobustan” beynəlxalq mükafatına, eləcə də 2018-ci ildə Azərbaycanda Diaspora İnformasiya Mərkəzinin(ADİM) keçirdiyi sorğuda Avropa uzrə “Ən fəal diaspora sədri” mükafatına layiq görülüb…
…Atası Məmmədyar kişi uzun illər ticarət sahəsində çalışıb. Anası Əzizə xanım əslən Şamaxı rayunundandır. Ötən əsrin 30-cu illərində repressiyaya məruz qalan məşhur Axundovlar nəslinin nümayəndəsi olub…
Avropaya gəlmək istəyən gənclərə ilk növbədə təhsil alıb vətənə dönməyi, hansı ölkədə yaşadıqlarından asılı olmayaraq Azərbaycanı təbliğ etməyi tövsiyə edən bu soydaşımızın arzuları çoxdur.
Deyir ki,- “İstəyirəm, Qarabağ münaqişəsi tezliklə həllini tapsın. Dünyadakı 193 dövlətin hamısının Xocalı soyqrımını rəsmi tanımasına nail olaq, bu faciədə iştirak edən hər kəs layiqli cəzasını alsın. Azərbaycan Avropa mühitinə uyğunlaşsın və Avropa məkanının layiqli üzvü olsun”…
Göründüyü kimi arzuları da vətənlə bağlıdır. Azərbaycanı canı qədər sevən bu insanın aprelin 7-də doğum günüdür. Onu bu münasibətlə təbrik edir, ona möhkəm can sağlığı, Azərbaycan naminə gördüyü işlərdə yeni-yeni uğurlar arzulayırıq…
Elman Eldaroğlu,
ABŞ, Miçiqan