“Yüküm əyiləndə gen duran dördüm, Cibimdə böyüyüb çıxan dostları…”-Ömrünün 65-ci baharını qeyd edən şair

Müstəqil.Az   bu gün 65 yaşını qeyd edən “Sözün sehri” qəzetinin baş redaktoru,Sumqayıt şəhəri S.Rəhimov adına ədəbi -ictimai birliyin sədri,Qubadlı rayon icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri,tanınmış şair Qafqaz Əvəzoğlu Dəmirovun doğum gününü təbrik edir,ona yaradıcılıq uğurları arzu edir.

 

65 yaşın şeiri

Xəyal qanadına alaraq məni,
Qaytardı keçdiyim ömür yoluna.
Gördüm ki, dağ aşıb, düzlər keçmişəm,
Gördüm ki, az qalım yolun sonuna.

Gördüm ki, bu yolda sevincim, qəmim,
Qoşa addımlayıb, qoşa iz salıb.
Gördüm ki, bu yolun dolaylarında,
Günəş də ucalıb, çən də əl çalıb.

Gördüm ki, tutduğum əməllərimə,
Yaxşılıq həmdəmdi, yamanlıq uzaq.
Gördüm ki, həyatın keşməkeşində,
Büdrəyən çox kəsə olmuşam dayaq.

Gördüm ki, kimsəyə üz verib kədər,
Ürəkdən dərdinə şərik olmuşam.
Kimin dodağında gülüb təbəssüm,
Bütün sevincimlə qəlbə dolmuşam.

Gördüm ki, kimsənin donubsa qəlbi,
Od olub qəlbini qızındırmışam.
Gördüm ki, kimsənin müşkülsə işi,
Əlim çatmayıbsa – qəlbən yanmışam.

Gördüm ki, bu ömür yollarında mən,
Müqəddəs arzulu bir yol seçmişəm.
Gördüm ki, nadürüst, nakəs önündə,
Başım əyilməyib – məğrur keçmişəm…

Gördüm ki, yetməyə məkana – sona,
Ölçə bilmədiyim yolum var mənim.
Onu da gördüm ki, ömür payımın,
Düz altmış beşinə olmuşam qənim.

İndi düşünürəm yol gedə-gedə,
O ərən ili ki, qarşıma çıxa.
Basdığım illərin alıb qisasın,
Öz zəfər bayrağın sinəmə taxa!..

 

   Vaxtıdı

Ətəyini çırmalayıb getdi qış,
Düzdə mehin, dağda çənin vaxtıdı.
Danaqıran yal-yamacı bürüyüb,
Karlı oğlan, yüz pencənin vaxtıdı.

Gün əridir zirvələrdə sal buzu,
Yal-yamacdan şaqqıldayıb axır su.
El yığışıb yola saldı “Novruz”u,
Al fidanın, tər qönçənin vaxtıdı.

Silkələnib çöllər açdı qırışın,
Yedik getdi kətəsini çirişin.
Çərtib çıxan quzqulağın, keşnişin,
Kəkoğlunun, mərövcənin vaxtıdı.

Əvəzoğlu, çıx dağlarla görüşə,
Hər tərəfdən ətir saçır bənövşə…
Göy çəməndə yan verməyə bir döşə,
Mütəkkənin, döşəkçənin vaxtıdı!

– Ta görünmürsən, hardasan?- deyən “dostlara”

İlahi, nə yaxşı tanıtdın mənə,
Dövrəmdə su kimi axan dostları.
Elə hey şənimə badə qaldırıb,
Özünü gözümə soxan dostları.

Çoxunun yolunda olsam da bir şam,
Şükür ki, qaz kimi yolunmamışam.
Demə müşk sanmışam, ənbər sanmışam,
Sarımsaq dostları, soğan dostları.

Özümü dəhləyib daşa çəkmişəm,
Miniblər belimə qoşa – çəkmişəm.
Özüm də bilmədən başa çəkmişəm,
Yalandan gurlayıb çaxan dostları.

Hər dosta qəlbimdə bir yuva qurdum,
Dərdlərin dərdimə qatıb qovurdum…
Yüküm əyiləndə gen duran dördüm,
Cibimdə böyüyüb çıxan dostları.

Qafqaz Əvəzoğlu, mən yazıq, fağır,
Qonaqlıq verməkdən olmuşdum yağır.
Çox şükür, yaxşı ki, tanıdım axır,
“Sağılan” dostları, “sağan” dostları…

Müstəqil.Az 
Share: